Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistanda vətəndaş müharibəsi başlayır

17 Aprel 2018
 

İşğalçı ölkədə xalq üsyana qalxdı

 

Bu gün Ermənistanda baş nazir seçkiləri keçiriləcək. Sabiq prezident Serj Sarkisyanın yenidən hakimiyyəti qəsb etmək niyyətinə düşməsi və bu fonda baş nazir postunu tutmağa hazırlaşması bu ölkədə ictimai-siyasi müstəvidə gərginliyi əhəmiyyətli dərəcədə artırıb.
Hətta bəzi siyasi təhlilçilər bu gedişlə Ermənistanda yeni vətəndaş qarşıdurmasının yaranmasını istisna etmirlər. Qeyd edək ki, artıq hakim Respublika Partiyası Serj Sarkisyanın baş nazir vəzifəsinə namizədliyini rəsmən irəli sürüb. “Daşnaksutyun” partiyası da Sarkisyanın baş nazirliyə namizədliyini dəstəklədiyini bildirib. Müxalifət isə prosesi boykot edərək diqqəti daha çox etiraz aksiyasına yönəldib.

 

Parlamentdə “azadlıq məşəli” yandırılıb

 

Ermənistan parlamenti isə indilikdə tək namizəd olan Sarkisyanın məsələsini aprelin 17-də müzakirə edəcək. Amma bir neçə gündür ki, buna qarşı etiraz aksiyaları keçirilir. Xalq Serj Sarkisyanın yenə güc yolu ilə hakimiyyəti qəsb etməsinə qarşı çıxır. Bundan əvvəl isə Ermənistan parlamentinin iclasının gedişində müxalifətçi “Yelk” fraksiyasının nümayəndələri Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə qarşı “məşəl şousu” təşkil ediblər.
Blokun üzvü Ararat Mirzoyan tribunaya çıxaraq Respublika Partiyasını sərt tənqid edib: “Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətdə qalmasının qarşısını ala, Respublika Partiyasının hakimiyyətinə son qoya və arzularımızda olan ölkəni qura bilərik. Biz azadlıq məşəlini birlikdə yandıracağıq”.
Daha sonra deputat hamını “azadlıq məşəli” yandırmağa səsləyib və cibindən tüstü fişəngini çıxararaq yandırıb. Onu blokun digər deputatı Lena Nazaryan da dəstəkləyib. Parlamentinin iclas zalını tüstü bürüyüb.

 

Yerevan “Mənim addımım” yürüşünə başladı

 

Aprelin 13-dən etibarən isə paytaxtda hakimiyyətə qarşı böyük aksiya təşkil edilib. Bu da hakimiyyəti ciddi qorxuya salıb. Elə bunun nəticəsidir ki, Yerevan Dövlət Universitetinin mühafizə xidmətinin əməkdaşları aprelin 13-də keçirilən mitinqə çağırış vərəqələri yayan tələbələrin üzərinə hücum edib. Universitet administrasiyasının rəhbəri Alik Qaribyan tələbələrin üstünə qışqıraraq bildirib: “Siz burada siyasi vərəqələr paylayırsınız? Biz buna imkan verməyəcəyik”.
Deputat Lena Nazaryan bu xüsusda bildirib: “Bundan əvvəl “Yelk” fraksiyasının başçısı Nikol Paşinyan “Mənim addımım” yürüşünə başlayıb. Bu aksiyaya yüzlərlə tərəfdar və vətəndaş təşəbbüsünün iştirakçısı qoşulub. Yürüş Gümrüdən başlayıb. İştirakçılar 195 kilometr uzunluğunda 300 min addımlıq yolu qət edərək Respublika meydanınadək gəliblər. Keçirdiymiz mitinqin hədəfi parlamentin bütün çıxışlarını bağlamaq üçün yetərincə adam toplamaq və deputatların Serj Sarkisyanın baş nazir olması üçün səs verməsinin qarşısını almaqdır. Serj Sarkisyanın seçilməsi üçün parlamentin iclası iki dəfə pozularsa, o zaman parlament buraxılacaq və məclisə yeni seçikilər təyin olunacaq”.
O, ölkə vətəndaşlarını mühacirətə, durğunluğa qarşı addım atmaq üçün Azadlıq meydanında keçirilən mitinqə qatılmağa çağırıb. Bunun ardınca Ermənistanın əsas radiosu olan İctimai radio müxalifət qüvvələri tərəfindən ələ keçirilərək, 1926-cı ildən ilk dəfə yayımını dayandırıb. Müxalifət nümayəndələri radionun binasına daxil olandan sonra yayım kəsilib. Radionun binasına elektrik enerjisi kəsilib. Rəqəmsal və respublikadaxili “FM” şəbəkəsi formatında efir yayımı bir saatdan artıq dayanıb. Müxalifət nümayəndələri radionun binasını tərk etdikdən sonra rəqəmsal formatda efir bərpa olunub.
Radionun binasını tərk edən etirazçılar küçələrə çıxaraq Sarkisyan rejimi əleyhinə şüarlar səsləndiriblər. Nikol Paşinyan bildirib ki, ölkənin İctimai radiosu Serj Sarkisyanın yaratdığı saxta dövlətin elementidir. Onun sözlərinə görə, radionun ələ keçirilməsində məqsəd informasiya blokadasına etirazdır.

 

“Sarkisyanın yenidən ölkəni idarə etməsinə imkan verməyəcəyik”

 

Dünən Serj Sarkisyanın baş nazir olmaq planlarına etiraz edən müxalifətçilər Yerevandakı Fransa meydanına toplaşıblar. Fransa meydanı paytaxtın mərkəzi meydanlarından biridir. Müxalifətçilər artıq bir neçə gündür ki, bu meydanı tutublar. Onlar burada çadırlar qurublar və onlarla fəal gecəni burada keçirir.
“Asparez” jurnalistlər birliyinin sədri Levon Barseqyan yenidən hamını Fransa meydanına səsləyib və Sarkisyanı yola salmağa çağırıb. O, parlamentdə təmsil olunan partiyaları, o cümlədən hakim Respublika Partiyasından olan deputatları meydana gəlməyə, xalqa qoşulmağa dəvət edib. Aksiya təşkilatçıları bildiriblər ki, cəmiyyəti səfərbər edəcəklər və prezident Serj Sarkisyanın baş nazir vəzifəsinə sahiblənərək yenidən ölkəni idarə etməsinə imkan verməyəcəklər.

 

Tələbələr tətil elan edib, küçəni bağladılar

 

Tələbələr bəyan edirlər ki, ölkə konstitusiyası məqsədli şəkildə dəyişdirilib, prezident üsul-idarəsindən parlament idarəçiliyinə keçidin arxasında məkrli plan dayanır. Burada məqsəd ikinci prezidentlik dövrü başa çatan və üçüncü dəfə prezidentliyə namizədliyini irəli sürməyə hüququ çatmayan Serj Sarkisyana öz hakimiyyətini sürdürmək şansı verməkdir. Onlar bunu “Sarkisyanın 3-cü prezidentlik müddəti” adlandırırlar.
Belə bir vaxtda o da məlum olub ki, Yerevanda etirazçı tələbələrlə polis arasında toqquşma baş verib. Aprelin 16-da Yerevan Dövlət Universitetinin bir qrup tələbəsi Serj Sarkisyanın baş nazir postuna namizədliyinin irəli sürülməsinə etiraz olaraq tətil elan edib. Onlar dərsə girməyiblər və oturaq aksiya keçirirlər.
Tələbələr Yerevanın Baqramyan prospektini bağlayıblar. Bu səbəbdən şəhərin mərkəzi hissəsində nəqliyyatın hərəkəti ifliç olub və tıxac yaranıb. Polis aksiya iştirakçılarını yolu açmağa çağırıb. Tələbələr isə bu tələbə məhəl qoymayıblar. Bu zaman polislə aksiya iştirakçıları arasında qarşıdurma baş verib.
“Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyan isə bildirir ki, bu qarşıdurmaların miqyası genişlənə bilər. O, hakimiyyətə xəbərdarlıq da ünvanlayıb. Bəyan edib ki, Ermənistan parlamentinin iclası qanunverici orqanın binasından kənarda olarsa, Yerevana nəzarəti ələ alacaqlar.
O qeyd edib ki, bu halda Serj Sarkisyanın baş nazir təyin edilməsinə etiraz edən aksiya iştirakçıları bütün Yerevanın küçələrini bağlayacaqlar. Onun sözlərinə görə, əsas məqsədləri parlamentin aprelin 17-də keçiriləcək iclasını pozmaq və küçələrdə vətəndaşların olmasını təmin etməkdir. Paşinyan ölkə vətəndaşlarını Yerevandakı körpüləri, küçələri, metroları bağlamağa çağırıb.
Artıq etirazçılar paytaxtın bir sıra vacib küçə və prospektlərini qismən bağlayıblar. Buna cavab olaraq paytaxta əlavə qüvvələr yeridilib. Yaranmış vəziyyət artıq ölkədə vətəndaş qarşıdurmasını istisna etmir.

Elçin CƏFƏROV,
“Azərbaycan”