Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu gün manatın ucuzlaşmasını şərtləndirən heç bir ehtimal yoxdur

17 Aprel 2018
 

Camaat sanki səksəkədədir. Hansısa boşboğazın (yaxud boşboğazların) hələ neçə ay əvvəl prezident seçkilərindən sonra dünyanın aparıcı valyutaları olan dollar və avroya nisbətdə manatın məzənnəsinin aşağı düşəcəyi ilə bağlı dövriyyəyə (qəsdən) buraxdığı şayiələr ən azı əhali arasında rahatsızlıq doğuracaq qədər öz işini görür - evində manatla ehtiyat pulu, banka dollar və ya avro ilə borcu olanı da, olmayanı da eyni dərəcədə dərd götürüb, onlar gözlərini açmamış manatın kursu ilə maraqlanırlar. Kiminin KİV-dən, kiminin internetdən, bunlara əli çatmayanların isə rastlaşdıqları tanışlarından ilk öyrəndikləri məhz “dolların bahalaşıb-bahalaşmadığı” olur. 

Şübhə etmirik ki, sözügedən şayiənin müəllifləri də məhz bunu hədəf götürmüşlər. Onlar yaxşı bilirlər ki, pul informasiyaya (deməli, həm də şayiəyə) çox həssasdır. Və bu həssaslıq çox valyutaların zaman-zaman, necə deyərlər, “evini yıxıb, yurdunu viran qoyub”.
Bunu sübut etmək üçün uzağa getməyək, elə öz ölkəmizi misal gətirək, daha doğrusu, manatın devalvasiyalarının səbəblərini xatırlayaq. Düzdür, bu səbəblərin ilkini dünya bazarında neftin qiymətinin ucuzlaşması olmuşdur, baxmayaraq ki, ortada Azərbaycanın 2008-ci il dünya iqtisadi böhranından, demək olar, tam ziyansız çıxması faktı vardı. Bu isə o deməkdir ki, 2008-ci ildə hökumət və Mərkəzi Bank beynəlxalq böhranın fəsadlarını zərərsizləşdirmək, o cümlədən manatın kursunu qorumaq üçün gördüyü operativ və səmərəli tədbirləri sonrakı illərdə həyata keçirməyi bacarmadı, yaxud gecikdirdi. Nəticədə elə o zaman da milli valyutamızın qiymətdən düşəcəyinin qaçılmaz olduğu barədə əhali arasına buraxılan yalan-doğru xəbərlər öz işini gördü. Yoxsa bir neçə gün ərzində əhali tərəfindən 5 milyard dolların alınmasını başqa hara yozmaq mümkündür ki?! Bu isə ölkənin təkcə strateji valyuta ehtiyatının azalması yox, həm də maliyyə balansının pozulması demək idi ki, nəticədə də manatımız iki dəfə ucuzlaşmağa məruz qaldı.
İndi, şükürlər olsun, artıq neçə vaxtdır Azərbaycan manatı sabitdir. Camaat arasında da milli valyutamıza etibar tədricən bərpa olunur. Üstəlik, devalvasiyalardan əhali qədər də olmasa, ondan az da ziyan çəkməyən banklar manatla verdikləri müxtəlif təyinatlı kreditlərin şərtlərini yumşaltmasalar, o cümlədən faizlərini aşağı salmasalar da, həcmlərini artırmağa başlayıblar.
Amma görünür, bu, kimlərə isə sərf etmir. Əslində, həmin o “kimlər”in kimlər olduğu məlumdur. Bunlar o “kimlər”dir ki, bir tərəfdən Azərbaycandakı sakit ictimai-siyasi durumu “tərpətmək”, bir tərəfdən də ölkənin iqtisadi inkişafında əsas rol oynayan manatın sabit kursuna “əl gəzdirmək” istəyirlər. Artıq bu yolda, qeyd etdiyimiz kimi, köhnə və “sınanılmış təcrübə”dən-şayiədən istifadəyə qərar da verilib. Deməli, belə həssas məqamda xüsusən Mərkəzi Bank ölçülü-biçili tədbirlər görməli, KİV, sosial şəbəkələr vasitəsilə əhali arasında izahat işlərini intensivləşdirməlidir ki, əsassız panika baş verməsin. İlk növbədə yol vermək olmaz ki, qarşıdan yay, yəni ezamiyyətlər dövrü gəldiyindən xarici valyutaya artan tələbatı həmin o “kimlər” xalqa proqnozlarının və ehtimallarının özünü doğrultmaları kimi təqdim etsinlər.
Yazılı və elektron KİV də mövzuya vətəndaşlıq mövqeyindən yanaşmalıdırlar. Manatın kursu, valyuta satışı ilə bağlı yoxlanılmamış, rəsmi qaynaqlara əsaslanmayan xəbər və şərhlərdən qaçılmalıdır. Bir an da olsa yaddan çıxmamalıdır ki, bütün valyutalar kimi, manatın taleyi həm də əhali arasında dolaşan xəbərlərdən asılıdır.
Manatın məzənnəsinin etibarlığına gəldikdə isə, hazırda həqiqətən onun aşağı düşməsinə heç bir iqtisadi əsas yoxdur. Əgər başlanan iqtisadi islahatların nəticəsi kimi ölkədə ümumi daxili məhsul istehsalının və digər göstəricilərin istənilən səviyyədə olmadığı son iki ildə manatın məzənnəsi sabit qalmışsa, bütün əsas makroiqtisadi rəqəmlərin müsbət olduğu indiki vaxtda niyə ucuzlaşmalıdır ki?! Digər tərəfdən, bütün neft ölkələrinin valyutaları kimi, bizim də manatın məzənnəsinə birbaşa təsir neftin qiymətinin ən yaxşı gözləntidən də yüksək olması həmin ehtimalı heçə endirir. Təsəvvür edin ki, təkcə bu ilin ilk rübündə ölkəmizin strateji valyuta ehtiyatı 2,2 milyard dollar artmışdır. İndi ölkəmizin 44,2 milyard dollar valyuta ehtiyatı var və adambaşına düşən bu göstəriciyə görə ölkəmiz dünyada ön yerdədir. Sanballı valyuta ehtiyatınınsa milli valyutanın sabit qalmasındakı rolunu izah etməyə ehtiyac yoxdur.
Manatın məzənnəsinə təhlükə olmadığını təsdiqləyən digər səbəb xaricdən valyuta hesabına aldığımız bir çox məhsulların artıq ölkəmizdə istehsal edilməsidir. Düzdür, bu sahədə hədəflənən məqsədlərin hamısına çatmaq hələ mümkün olmayıb. Amma xeyli işlərin görülməsini və onların nəticələrini də danmaq olmaz. Dükan-bazarların piştaxtalarına baxmaq kifayətdir ki, öz məhsullarımızın həm çeşidinə, həm qiymətinə, həm də keyfiyyətinə görə analoji xarici mallardan geri qalmadığını görək. Biz hələ ərzağı deyirik. İdxal mallarından heç bir sarıdan geri qalmayan qeyri-ərzaq məhsullarımız da çoxdur. Təkcə tikinti materiallarının kəmiyyət və keyfiyyətini qeyd etmək kifayətdir ki, bu sahədə nə qədər irəli getdiyimizin şahidi olaq.
Ümumiyyətlə, əgər əvvəllər istehlak bazarındakı qeyri-neft məhsullarının əksəriyyəti idxal olunurdusa, indi ölkəmiz nəinki bu balansı öz xeyrinə dəyişib, hətta belə məhsulların ixracatçısına çevrilib. Yalnız keçən il Azərbaycanın ixrac etdiyi qeyri-neft məhsullarının dəyəri 1,5 milyard dollardan çox olub. Bu o deməkdir ki, təkcə belə məhsulların alınmasına valyuta xərclənməyib, həm də yerli istehsalın təmin edilməsi hesabına onlardan ölkəmiz valyuta qazanıb. Bütün bunlar isə manatın məzənnəsinin sabit qalmasını şərtləndirən əhəmiyyətli iqtisadi reallıqlardır və onların fonunda hansısa məqsədli şayiəyə inanmağın əsası və yeri yoxdur.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”