Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ATƏT PA-nın Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ-a və Fransaya qanunsuz səfəri pislənilib

16 Aprel 2018
ATƏT PA-nın vitse-prezidenti Azay Quliyev qurumun bu gün Kopenhagendə keçirilən Büro iclasında Dağlıq Qarabağ separatçılarının təmsilçilərinin ABŞ-a və Fransaya qanunsuz səfərinə kəskin etirazını bildirib. O deyib: “Təsdiqlənmiş məlumatlara görə, Azərbaycanın Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmiş ərazilərində, Dağlıq Qarabağda yaradılmış qanunsuz rejimin təmsilçiləri bu yaxınlarda ABŞ və Fransaya qanunsuz səfər ediblər. Separatçılar ABŞ Konqresində, Fransa Senatında və Milli Assambleyasında görüşlər keçiriblər. Separatçı rejimin nümayəndələrinin bu kimi səfərlərinin sistemli hal alması Azərbaycanın Fransa və ABŞ ilə arasındakı dostluq və əməkdaşlıq əlaqələrinin inkişafına ziddir və ən vacibi isə bu ölkələrin Minsk qrupunun həmsədrləri kimi mandatlarına uyğun deyil. Belə səfərlərin təşkil edilməsi Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün danışıqlara mane olur və separatizmi və işğalı təbliğ edir.

Haradan olmalarından asılı olmayaraq separatçılar beynəlxalq hüquq və qanunun aliliyinin əsas prinsiplərinə uyğun şəkildə eyni münasibətlə qarşılaşmalıdırlar. Bu baxımdan ikili standartların hər hansı bir təzahürü qəbuledilməzdir. Fransa və ABŞ-ın müvafiq səlahiyyətli orqanları separatçı rejimin agentlərinə vizaların verilməsini və ölkələrinə onların səfərlərinin təşkili prosesini dayandırmalıdırlar”.

Azay Quliyev Fransanın və Amerika Birləşmiş Ştatlarının hökumətlərini danışıqlar prosesində və münaqişənin həlli üçün vacib olan ATƏT-in Minsk qrupunun vasitəçisi və həmsədri rolunu nəzərə alaraq lazımi tədbirlər görməyə çağırıb.