Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ermənistan ordusunda baş verən növbəti qanlı insident zamanı bu ölkənin əsgəri ölüb

16 Aprel 2018
Azərbaycanın işğal olunmuş ərazilərində yerləşdirilən düşmən ordusunun bölmələrindən birində baş verən növbəti qanlı insident nəticəsində daha bir erməni əsgəri ölüb.

AZƏRTAC xəbər verir ki, hadisəyə səbəb ön xətt bölmələrində mühəndis-istehkam işləri yerinə yetirən hərbçilərlə döyüş növbəsi çəkən bölüyün əsgərləri arasında yerlibazlıq zəminində baş vermiş mübahisə olub.

Ermənistanın Geqarkunik vilayətinin Martuni rayonundan hərbi xidmətə çağırılan Alik Karapetyan Qarabağdan olan snayper manqasının komandiri Armik adlı hərbçi tərəfindən odlu silahla vurulub. Təcili yardım maşını ilə Ağdərə xəstəxanasına çatdırılan əsgərə ilkin tibbi yardım göstərildikdən sonra hərbi hospitala göndərilib. Yaralı əsgər barədə hərbi polisə məlumat verən növbətçi tibb bacısının bildirdiyinə görə, hərbi qulluqçu çoxlu qan itirib.

Hərbi hissə komandiri Stepanyana verilən məlumatda xəstəxananın kardioloqu və hərbi həkim Azaryanın da faktı təsdiq etdiyi bildirilir. Həkimlərin səyinə baxmayaraq, ağır yaralanmış A.Karapetyanın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı qəsdən adam öldürmə maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.