Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Türk-İslam aləminin ilk azərbaycanlı qadın deputatı kim olub?

16 Aprel 2018
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” metodik mərkəzinin könüllüləri tərəfindən türk-İslam aləmində ilk qadın deputat seçilmiş, əslən azərbaycanlı olan Pərixan Sofiyeva haqqında məqalə yaradılıb.

MEK-dən AZƏRTAC-a bildiriblər ki, məqalə ilə https://az.wikipedia.org/wiki/P%C9%99rixan_Sofiyeva linkində daha ətraflı tanış olmaq mümkündür.

Məqalədə bildirilir ki, Gürcüstan Demokratik Respublikası haqqında araşdırma aparan tarixçi İrakli Xvadagiani Tiflis quberniyasından seçilən deputatların siyahısında müsəlman qadının adını müəyyənləşdirib. Faktla bağlı araşdırmalarını davam etdirən gürcü tarixçi sonradan P.Sofiyevanın adına Gürcüstan sosialist-federalistlərinin rəsmi qəzetində də rast gəlib. Nəticədə türk-İslam aləmində ilk deputat seçilən azərbaycanlı qadın – Pərixan Sofiyeva haqqında məlumatlar müasir tarix elminə məlum olub. “Qarayazı anası Pərixan Sofiyeva” sərlövhəli məqalədə İ.Xvadagiani öz fikirlərinə 1918-ci ilin payızında gürcü mətbuatında qürur hissi ilə yazılan “Çox sevindirici bir hadisəni qeyd etmək lazımdır. Səs verənlərin sayına Qarayazı dairəsindən irəli sürülən müsəlman qadın Pərixanım Sofiyeva. İlk eroba (türkcə “Yeroba” sözündəndir, Gürcüstanda o zaman yerli özünüidarəetmə orqanı belə adlanırdı) qurultayı dekabrın 2-nə təyin olunub…” sitatı ilə aydınlıq gətirir.

P.Sofiyeva Gürcüstanın azərbaycanlılar yaşayan hissəsindəki Qaraçala (və ya Qaracalar) kəndində anadan olub. Çar dövründə çox məşhurluq qazanan P.Sofiyeva 1918-ci ildə yaşadığı regionda Gürcüstan Sosialist-Federalistlər Partiyasını məğlub edərək bitərəf deputat kimi bu ölkənin parlamentinə daxil olub.

Araşdırmaçı Mehman İbrahimov tərəfindən gürcü dilinə tərcümə olunan məqalə gürcücə “Vikipediya”da da yerləşdirilib.