Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 82 santimetr artıb

16 Aprel 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, ötən günlər ərzində bəzi yerlərdə yağan leysan xarakterli yağış nəticəsində respublikanın bəzi çaylarında qısamüddətli daşqın və sel keçib. Hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-130, Kiçik Qafqazın çaylarında 80-180, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 30 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 16-da Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 545 kubmetr olmaqla ongünlük normanın 73 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 414 kubmetr olmaqla ongünlük normanın 56 faizini təşkil edib.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 82 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 253 kubmetr olmaqla ongünlük normanın 151 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 138 kubmetr təşkil edərək ongünlük normanın 82 faizinə bərabər olub.

Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 37, Şirvanda 2, Salyanda 4, Araz çayının Novruzlu məntəqəsində 40 santimetr artım qeydə alınıb, Bankədə isə suyun səviyyəsində 14 santimetr azalma müşahidə olunub.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 374 (2017-ci il aprelin 16-da 406 sm), Şirvanda 187 (2017-ci il aprelin 16-da 281 sm), Salyanda 111 (2017-ci il aprelin 16-da 222 sm), Bankədə 174 (2017-ci il aprelin 16-da 193 sm), Araz çayının Novruzlu məntəqəsində isə 90 santimetr (2017-ci il aprelin 16-da 105 sm) təşkil edir.