Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Tahir Mirkişili: manatın ucuzlaşmasına təsir edə biləcək heç bir risk mövcud deyil

16 Aprel 2018
Son günlər manatın xarici valyutalar qarşısında mövqelərinin guya zəifləyəcəyi ilə bağlı heç bir iqtisadi təhlilə əsaslanmayan informasiyalar yayılır. 2018-ci ilin birinci rübünün iqtisadi yekunlarını təhlil etdikdə bunun heç bir əsası olmadığı açıq-aydın görünür.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Tahir Mirkişili bildirib. O qeyd edib ki, birinci rübün nəticələrinə görə ölkədə iqtisadiyyat 2,3 faiz artıb, iqtisadiyyata 3,5 milyard dollar investisiya qoyulub.

Deputat vurğulayıb ki, ötən dövr ərzində valyuta ehtiyatlarımız 2,2 milyard dollar artaraq hazırda 44,2 milyard dollara çatıb. Xarici ticarət dövriyyəsi 31 faiz, ixracın həcmi 24 faiz artıb. İnflyasiya birinci rübdə cəmi 4 faiz olub, əhalinin gəlirləri isə 10 faiz artıb.

Tahir Mirkişili bildirib ki, hazırda dünya bazarlarında Azərbaycan nefti 70 dollardan baha satılır, halbuki dövlət büdcəsində neftin qiyməti 45 dollar nəzərdə tutulub. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycanda heç bir iqtisadi və maliyyə çətinliyi mövcud deyil. Belə bir şəraitdə manatın ucuzlaşmasına təsir edə biləcək hər hansı bir risk yoxdur.