Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aydın Hüseynov: Azərbaycan manatının dəyərdən düşməsi ilə bağlı heç bir təhlükə yoxdur

16 Aprel 2018
Azərbaycan manatının dəyərdən düşməsi ilə bağlı heç bir təhlükə yoxdur. Hazırda milli valyutamızın güclənməsini tənzimləyən faktorlar mövcuddur.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, iqtisadçı ekspert Aydın Hüseynov bildirib. O qeyd edib ki, Azərbaycan manatının 2015-ci ildə devalvasiyaya uğraması dünya bazarındakı iqtisadi problemlərlə əlaqəli idi. Çünki həmin dövrdə neftin kəskin ucuzlaşması müşahidə olunurdu. Hazırda bu cür iqtisadi təhlükə mövcud deyil, əksinə, neftin qiymətində artım baş verir. Milli valyutanın güclənməsini şərtləndirən digər mühüm faktor idxal-ixrac prosesidir. Ticarət dövriyyəsində müsbət saldo yarandığını qeyd edən iqtisadçı ekspert bildirib ki, Azərbaycanın ixrac potensialında müşahidə edilən artım valyuta ehtiyatlarının artmasına da birbaşa təsir göstərir.

Aydın Hüseynovun sözlərinə görə, ixrac potensialının artmasına təsir edən amillərdən ən başlıcası loqistik nəqliyyat infrastrukturunun inkişafıdır. O, vurğulayıb ki, artıq bu istiqamətdə ölkəmizdə mühüm layihələrini icrasına başlanıb. Bu da ölkəyə valyuta axının artmasına səbəb olur.

Mühasibimiz əlavə edib ki, manatın digər xarici valyutalar qarşısında güclənməsinin ən başlıca səbəbi Prezident İlham Əliyevin apardığı dayanıqlı iqtisadi siyasətdir. Büdcəmizə turizm sektoru vasitəsi ilə də valyuta daxilolmalarının artdığını bildirən deputat diqqətə çatdırıb ki, bu ilin əvvəlində ötən dövrlə müqayisədə ölkəmizə gələn turistlərin sayında xeyli artım var.

Aydın Hüseynovun fikrincə, qonşu ölkələrin valyutasında baş verən devalvasiyaya gəldikdə isə bu, iqtisadi deyil, siyasi amillərlə bağlıdır.