Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yerevanda Sarkisyanın baş nazir postuna təyinatının əleyhdarları mərkəzi küçələri bağlayıb

16 Aprel 2018
Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin olunmasına etiraz edən aksiya iştirakçıları Yerevanın bir neçə mərkəzi küçəsini bağlayıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, etiraz hərəkatının lideri, müxalif deputat Nikol Paşinyan tərəfdarlarını vətəndaş itaətsizliyinə səsləyib, körpüləri və metro stansiyalarını bağlamağa çağırıb. O, həmçinin analoji aksiyaların Gümrü şəhərində də keçirildiyini və burada fəalların bir neçə mərkəzi küçəni bağladığını deyib.

Son məlumata görə, polis əməkdaşları küçələrin etirazçılardan boşaldılması üçün əməliyyata başlayıb.

Xatırladaq ki, ötən şənbə günü bir qrup etirazçı Nikol Paşinyanla birlikdə ictimai radionun Yerevanın mərkəzində yerləşən binasına girmişdi. Deputat studiyaların birində kamera qarşısına keçərək öz müraciətini oxumuş və tərəfdarlarını mitinqlərə səsləmişdi.

Aprelin 14-də Ermənistanın hakim Respublika partiyasının (ERP) sədr müavini Armen Aşotyan baş nazir vəzifəsinə Serj Sarkisyanın rəsmən namizəd irəli sürüldüyünü bildirib. Qanunvericiliyə əsasən sabiq prezidentin namizədliyini parlamentə ERP fraksiyası təqdim edəcək. Baş nazir seçkilərinin aprelin 17-də keçiriləcəyi gözlənilir.