Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Müasir suvarma sistemi aqrar sektorun “qan damarı”dır

15 Aprel 2018
 

Həyata keçirilən meliorativ tədbirlər nəticəsiz qalmır

 

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında sosial-iqtisadi sahədə qazanılan uğurları yüksək qiymətləndirərək qarşıda duran vəzifələr barədə ətraflı məlumat vermişdir.
Dövlət başçısı su ilə təminat məsələlərindən danışarkən demişdir: “İçməli su ilə bağlı layihələr uğurla gedir. Demək olar ki, bütün şəhərlərdə bu işlər ya icra edilib, ya da ki, icradadır. Hesab edirəm ki, bu da tarixi nailiyyətdir. Çünki indi Bakı şəhərinin 80 faizdən çoxu 24 saat içməli su ilə təmin edilir. Əlbəttə ki, bu rəqəm 100 faiz olmalıdır. Əminəm ki, biz buna da çatacağıq. Bütün bölgələrdə, bütün şəhərlərdə bu layihələr icra edilir... Bu il meliorativ tədbirlər nəzərdə tutulur. Üç yüzdən çox subartezian quyusu qazılmalıdır. Bu il ən azı, 100 min hektar suvarılmayan torpaqlara suyun verilməsi təmin edilməlidir”.
Məlum olduğu kimi, Azərbaycan arid zonasında yerləşir və su ehtiyatlarımız olduqca məhduddur. Ölkədə yerüstü su ehtiyatları 32,2 milyard kubmetr təşkil edir ki, bu da quraqlıq illərində 2,6 milyard kubmetrə qədər azalır. Yeraltı su ehtiyatları isə 5,2 milyard kubmetrdir. Beləliklə, Azərbaycanda orta illik su çatışmazlığı 4,5-5 milyard kubmetr arasında dəyişir. Yerüstü su ehtiyatlarının 70 faizi isə ölkə hüdudlarından xaricdə formalaşır və bu ölkəmizin su sarıdan asılılığı deməkdir.
Azərbaycanda Xəzər dənizi hövzəsinə daxil olan 8350 çay mövcuddur ki, onların da çoxunun uzunluğu 10 kilometrdən azdır. Üstəlik, ilin isti aylarında bu çayların bir çoxunun suyu quruyur. Digər tərəfdən isə yaz və yay aylarında dağ çaylarının sel-suları əkin sahələrinə ziyan vurur. Biz hələ ümumi su tutumu 640 milyon kubmetr su ehtiyatı olan Sərsəng su anbarının Ermənistan tərəfindən işğal edilən ərazidə qalmasını demirik. İşğalçılar əkin vaxtlarında anbardan gələn suyu bağlayır, payız aylarında isə əksinə, suyu daha çox buraxaraq əkin sahələrinə ziyan vururlar. “Sərsəng su anbarı 1992-ci ildən Ermənistanın nəzarətindədir.
Buna görə də Azərbaycanın cəbhə bölgələri sudan məhrum edilib. Su çatışmazlığı və davamlı olaraq atəşkəsin pozulması səbəbindən cəbhə bölgəsindəki torpaqların böyük hissəsi suvarılmır. Bu da torpaqlarda çatların yaranmasına və onun məhsuldar qatının məhvinə gətirib çıxarır. Mühəndislər və alimlər xəbərdarlıq edirlər ki, bəndlər dağılarsa, 30-dan çox kənd daşqın nəticəsində məhv olacaq. Fəlakət riski hazırda çox yüksəkdir və suyun axın səviyyəsindən aşağıda yerləşən 6 rayonda 400 min Azərbaycan vətəndaşının həyatı təhlükədədir”. Bu fikirləri Braziliyada keçirilən 8-ci Dünya Su Forumunda Beynəlxalq Avrasiya Mətbuat Fondunun nümayəndəsi Anastasiya Lavrina bildirib.
Su çatışmazlığı ilə yanaşı, çayların, xüsusilə transsərhəd çayların sularının Ermənistan və Gürcüstan ərazisində çirklənməsi də müəyyən problemlər yaradır. Bu ərazilərdən axan Kür, Araz, Oxçuçay və digərləri yüksək dərəcədə çirklənmiş halda ölkəmizin ərazisinə daxil olur. Mənbəyi Ermənistandan başlayan Oxçuçay hədsiz dərəcədə çirkləndiyinə görə onu “ölü çay” da adlandırırlar.
Azərbaycanda mövcud şərait diqqətdə saxlanılır. Əhalini və əkin sahələrini keyfiyyətli su ilə təmin etmək üçün müvafiq tədbirlər görülür. Son 14 ildə 4 min kilometr uzunluğunda suvarma kanallarının, 2400 kilometr uzunluğunda kollektor-drenaj şəbəkələrinin tikintisi, yenidən qurulması və bərpası həyata keçirilib. Bununla yanaşı, 360 min hektar sahədə torpaqların su təminatının və 256 min hektarda meliorativ vəziyyətin yaxşılaşdırılması işləri görülüb. Həmçinin 127 min hektar yeni suvarılan torpaq sahələri əkin dövriyyəsinə daxil edilib, 2 minə yaxın subartezian quyusu qazılaraq istifadəyə verilib. Ən önəmlisi isə ümumi sututumu 456 milyon kubmetr olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay, Göytəpə su anbarları tikilib.
Son dövrlər aqrar sektorda əkin sahələri genişləndirilərək yeni bağlar salınıb, pambıq sahələri artırılıb. Sözsüz ki, bu da suya tələbatın artmasına səbəb olur. Bu tələbatı ödəmək üçün ötən il 25 rayonda 6800 kilometr suvarma kanalları və 1500 kilometr kollektor-drenaj şəbəkələri lildən təmizlənib, 463 hidrotexniki qurğu, 22 nasos stansiyası təmir edilib. Su təminatı çətin olan fond torpaqlarında və qış otlaq sahələrində əkilən pambıq tarlalarının suvarılması üçün 1436 kilometr yeni suvarma kanalları çəkilib, 180 hidrotexniki qurğu tikilib. Ümumilikdə ötən il pambıq sahələri 3,1 dəfə suvarma suyu ilə təmin edilib.
Məlum olduğu kimi, ölkədə pambıqçılığın yeni inkişaf dövrü başlanıb. Cari ildə 25 rayonda 140 min hektar sahədə pambıq əkilməsi planlaşdırılıb. Bu sahələrin 38 min hektarı dövlət fondu, 32 min hektar bələdiyyə, 70 min hektarı pay torpaqlarıdır. Artıq pambıq sahələrinə xidmət edən suvarma kanallarının 2200 kilometr, kollektor-drenaj şəbəkələrinin 820 kilometr hissəsi təmir edilib. Görülən işlər cari ildə pambıq sahələrinin su ilə təminatının yaxşılaşdırılmasına imkan verəcək.
Cari ildə kənd təsərrüfatının inkişafına bilavasitə təsir edən infrastruktur layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin həyata keçirilməsi sayəsində pambıqçılıq rayonlarında 62 min hektar sahə, o cümlədən 30 min hektar yeni suvarılacaq torpaqlara suvarma suyu veriləcək, 32 min hektar əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq. Bu da pambıqçılığın inkişafına və məhsul istehsalına öz töhfəsini verəcək.
Meliorativ tədbirlər həyata keçirilərkən iki mühüm amilə diqqət yetirilir. Bunlar əkin sahələrinin suvarılması və əhalinin içməli suya olan tələbatının ödənilməsidir. Təkcə cari ildə dövlət tərəfindən ayrılan vəsait hesabına 38 şəhər və rayonun 248 yaşayış məntəqəsində 300 subartezian quyusu qazılaraq istifadəyə veriləcək. Yeni subartezian quyularının qazılması isə həm iqtisadi, həm də sosial layihədir.
Suvarma sistemi aqrar sektorun “qan damarı”dır. Su ilə təminat olmadan kənd təsərrüfatında yüksək məhsuldarlığa nail olmaq mümkün deyil. Qeyd etdiyimiz kimi, ölkəmizin təbii su ehtiyatları azdır. Buna baxmayaraq, dövlət tərəfindən həyata keçirilən müvafiq tədbirlər nəticəsində istər əkin sahələrinin, istərsə də əhalinin içməli suya olan tələbatının ödənilməsi ildən-ilə yaxşılaşır. Qarşıdakı illərdə bu sahədə daha böyük işlər görüləcək.

Rüstəm KAMAL,
“Azərbaycan”