Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xoş xatirələrlə yad edilir

15 Aprel 2018
 

Hər bir insanın öz ömürnaməsi, həyat tarixçəsi olur. Bu ömürnamə zamanın hansı bir tarixində isə başlayır, hansında isə bitir. Görkəmli oftalmoloq, minlərin gözlərinə nur bəxş etmiş istedadlı həkim, yorulmaz alim, akademik Zərifə Əliyevanın ömürnaməsi baharda başlamışdı. Cəmi 62 il davam etmişdi. O, 1923-cü il aprelin 28-də dünyaya göz açmışdı. 1985-ci il aprelin 15-də dünyadan köçmüşdü. Zərifə Əliyeva o insanlardan idi ki, onun haqqında “həyat tarixçəsi bitdi” demək olmaz. Əksinə, 33 il əvvəl ailəsini, doğmalarını, dostlarını, pasientlərini, onu sevən xalqını tərk edərkən əbədiyyətə, tarixə qovuşmuşdur.

Zərifə xanım Əliyeva haqqında bir həkim, alim, pedaqoq, əsl Azərbaycan qadını kimi çox danışılıb, çox yazılıb. Bununla belə, onu vaxtilə yaxından tanıyanların, ünsiyyətdə olanların qəlbində elə xatirələr yaşayır ki, həmin xatirələrin çözülməsi bu işıqlı, nurlu xanımın necə böyük bir insan və alim olduğunu bir daha aydın göstərir.
Mənə də akademik Zərifə Əliyevanı yaxından tanımaq, onunla ünsiyyət saxlamaq xoşbəxtliyi qismət olub. Anam, professor Zəhra Quliyeva ilə yaxın rəfiqə, dost idilər... Odur ki, mən Zərifə xanımın necə şəxsiyyət olduğunu həm gördüyüm hadisələrdən, həm də anamın söhbətlərindən, xatirələrindən eşidib bilmişəm.
Onların tanışlığı ilk gənclik dövründən, hələ N.Nərimanov adına Dövlət Tibb İnstitutunun divarları arxasındakı tələbəlik illərindən başlamışdı. Anam təkcə Zərifə xanımı deyil, onun atası, görkəmli ictimai xadim Əziz Əliyevə, mehriban və xeyirxah qadın olan anası Leyla xanıma da böyük hörmət bəsləmiş, onları ürəkdən sevmişdi. Bundan əlavə, Zərifə Əliyevanın böyük bacısı Ləzifə xanım Tibb İnstitutunda onlara dərs demişdi. Anam danışırdı ki, onun gözünü oftalmologiya elminə Ləzifə xanım açıb. Üstəlik, Zərifə xanımın qardaşı - ensiklopedik biliyə malik, sonralar tanınmış həkim və alim olan Tamerlan Əliyev də onlarla eyni dövrdə təhsil almışdı.
Zərifə xanım Əziz Əliyevin sevimli övladı, onun böyük ailəsinin, necə deyərlər, gözü idi. O, hər şeydən öncə şəfalı əlləri, dərin biliyi olan həkim idi. 1947-ci ildə ali tibb təhsilini başa çatdırdıqdan sonra Moskva şəhərində Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunda oftalmologiya üzrə kurs keçmişdi. Elmi tədqiqatlara gənc yaşlarından böyük marağı olmuşdu. Bu səbəbdən də Azərbaycan Oftalmologiya Elmi-Tədqiqat İnstitutunda həkim-ordinator kimi işə başlamışdır. 1950-ci ildə aspiranturaya daxil olmuş, oranı bitirdikdən sonra sözügedən institutda elmi işçi kimi çalışmışdı.
Bu, o illər idi ki, Azərbaycanda traxoma xəstəliyi baş alıb gedirdi. O zaman həmin xəstəliyə qarşı təsirli müalicə üsulları yox idi. Odur ki, problemin həlli təkcə oftalmologiya sahəsi üçün deyil, bütövlükdə Azərbaycan səhiyyəsi üçün prioritet hesab edilirdi. Bax, belə bir dövrdə Zərifə Əliyeva bu xəstəliyə qarşı aparılan müalicə və profilaktika tədbirlərinin təşkilinə və həyata keçirilməsinə fəal qoşulmuşdu. Klinikalarda xəstələri müalicə etməklə yanaşı, gənc alim traxomanın geniş yayıldığı rayonlara ezamiyyətlərə gedir, orada çalışan həmkarları qarşısında məruzələr edir, əhali arasında söhbətlər aparırdı.
Başqa sözlə, onun tədqiqatlarının mövzusunu zaman özü müəyyənləşdirmişdi. Alimin həmin istiqamətdə apardığı tədqiqatlar 1960-cı ildə uğurla müdafiə edilən “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomitsinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyası ilə nəticələndi. Bundan sonra Zərifə xanım çalışdığı elm ocağında böyük elmi işçi olmuşdur və 1967-ci ilə qədər bu institutda elmi fəaliyyət göstərmişdir.
Zəhra Quliyeva öz xatirələrində həmin illəri belə təcəssüm etdirmişdir: “Zərifə xanım tədqiqat üçün elmi mövzular seçərkən məsələlərə milli və dövlətçilik maraqlarından yanaşırdı. Onun namizədlik dissertasiyası o dövrdə oftalmologiya üçün sosial baxımdan aktual sayılan traxoma ilə mübarizəyə həsr edilmişdi. Traxoma korluq hallarının ən geniş yayılan səbəblərindən biri kimi dəhşətli ictimai bəlaya çevrilmişdi. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən, dünyada 400 milyon nəfər traxomaya tutulmuş, 80 milyon insan isə bu səbəbdən kor olmuşdu. Azərbaycanda traxomanın aradan qaldırılması məsələsində Zərifə Əliyevanın araşdırmaları əvəzsiz rol oynamışdı. O, həmin namizədlik işi üzərində işləyərkən yüzlərlə, minlərlə xəstəyə şəfa vermişdi. Öz araşdırmalarını bir neçə müəssisədə aparmışdı. Biz oftalmoloqlar yaxşı bilirik ki, tədqiqatın klinikadan, institutdan kənarda aparılması hansı əziyyətlər hesabına başa gəlir. Bunlara dözüb, ortaya gərgin əməyin uğurlu yekunu olan sanballı bir əsər çıxarması Zərifə xanımın yüksək daxili mütəşəkkilliyindən, məqsədyönlülüyündən xəbər verirdi”.
1967-ci ildə Zərifə Əliyevanı Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Göz xəstəlikləri kafedrasına dosent vəzifəsində çalışmağa dəvət etmişdilər. Pedaqoji fəaliyyətlə, həkim kadrların təkmilləşdirilməsi ilə məşğul olmasına baxmayaraq, o, yorulmadan tədqiqatlarını da davam etdirmişdi. Oftalmologiyanın o zaman aktual sayılan sahələrinə müraciət edərək onların həllinə var gücü ilə çalışmışdı. Bunlar diaqnostika, qlaukomanın və görmə orqanının iltihabının müalicəsi və s. idi.
Getdikcə alimi oftalmologiyanın elmi cəhətdən az araşdırılmış sahəsi - görmə orqanının patologiyası məşğul edir. Bu problemin aktuallığı sənayedə yaranan bir çox yeni birləşmələrin görmə orqanına təsirinin elmi şəkildə tədqiq olunması ilə bağlı idi. Odur ki, Zərifə xanım 1968-ci ildən başlayaraq məqsədyönlü şəkildə görmə orqanının patologiyasını daha dərindən öyrənməyə qərar vermişdi.
Zərifə Əliyevanın elmi yaradıcılığı oftalmologiyanın bir sıra digər sahələrini əhatə etsə də, ömrünün sonuna qədər peşə ilə əlaqədar yaranan göz xəstəlikləri ilə müntəzəm maraqlanmış və məşğul olmuşdu. Bu məqsədlə yod-sənaye, neft-kimya müəssisələrində çalışan insanların görmə orqanlarına təsir edən amilləri dərindən öyrənmişdi. Ən maraqlı və qeyd olunmalı məsələ odur ki, bu problemlər üzərində işləyərkən Zərifə xanım bilavasitə sənaye müəssisələrinin özündə olurdu, zərərli peşə sahiblərini istehsal sahələrində müayinə və müalicə edirdi. Bakı şin və kondisioner zavodlarının, eləcə də paytaxtın və Sumqayıtın digər müəssisələrinin veteran işçiləri həmin günləri yəqin ki, yaxşı xatırlayırlar.
Çoxillik tədqiqatları, gəldiyi nəticələr Zərifə xanımın doktorluq dissertasiyasının əsasını təşkil etmişdi. Belə ki, 1977-ci ildə o, artıq tibb elmləri doktoru elmi dərəcəsini almışdı. Təsadüfi deyil ki, akademik Zərifə Əliyevanın peşə xəstəliklərinə aid yazdığı bir sıra əsərlər, o cümlədən “Şin istehsalında gözün peşə patologiyası”, “Xroniki yod intoksikasiyası ilə bağlı oftalmologiya”, “Yod sənayesində gözün peşə xəstəliyinin profilaktikası” və s. monoqrafiyaları bu gün də aktuallığını itirməyib.
Xatırladım ki, doktorluq dissertasiyasını müdafiə etdikdən bir qədər sonra Zərifə xanım Əliyeva Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilmişdi, 1983-cü ildən isə həmin kafedranın müdiri vəzifəsində çalışmışdı.
1981-ci ildə görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Zərifə Əliyeva oftalmologiya sahəsində ən yüksək mükafata - SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Abervax adına mükafatına layiq görülmüşdü. O, həmin mükafatı alan ilk alim qadın idi.
Zərifə xanım istedadlı oftalmoloq, böyük alim olmaqla yanaşı, çox yüksək etikaya malik, xəstələrini sevən, onlara qayğı, səmimiyyət və nəvazişlə yanaşan mehriban həkim idi. Müayinə və müalicə etdiyi xəstələr onu bu xüsusiyyətlərinə görə də heç vaxt unutmurdular.
O, eləcə də həmkarlarına qayğı ilə yanaşırdı, bildiklərini, təcrübəsini onlardan əsirgəmirdi. Vəzifəsindən asılı olmayaraq tabeliyində işləyənlərin hamısı onun qayğısını hiss edirdilər. Kömək əlini uzatmağa hər an hazır olan humanist, alicənab bir insan idi.
Zərifə xanıma verilmiş ömür payında tale tərəfindən ona böyük və şərəfli missiya da həvalə olunmuşdu. O, dünya şöhrətli siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bu missiyanı da layiqincə yerinə yetirmişdir, həyat yollarında ulu öndərlə birgə addımlamış, onun dostu, silahdaşı, məsləkdaşı, həmdəmi olmuşdur.
Zərifə xanım övladlarını bütün varlığı ilə sevən əsl Azərbaycan qadını idi. Mən deyərdim ki, o, övladlarını fədakarcasına sevirdi. Uşaqlarını Tanrının ona verdiyi əvəzsiz bir pay, bir səadət sanırdı. Onlara qəlbinin odunu bəxş edirdi. Bu münasibətin, bu sevginin, bu tərbiyənin bəhrəsi bu gün göz qabağındadır!
Zərifə xanım həm də vəfalı, sədaqətli dost idi. Anamla gənclik illərindən başlayan dostluğunun sonacan davam etdiyi buna əyani misallardan biridir. Biz atamı tez itirdik. O vaxt anam çox cavan idi, mənim isə on yaşım vardı. Ağır günlərimizdə Zərifə xanım ailəmizin dərdinə şərik oldu. Evimizə gələrək anama təsəlli, ürək-dirək verdi... Onlar bir-birinin fəaliyyətini, elmi yaradıcılığını izləyir, uğurlarına sevinirdilər. Zərifə xanım ailəsi ilə birlikdə Moskvada yaşadığı illərdə də anamla əlaqələri kəsilməmişdi.
Bizim ailə kitabxanamızda oftalmologiya və bu sahənin fədailəri haqqında çoxsaylı kitablar qorunub saxlanmaqdadır. Təbii ki, bunları vərəqləyəndə Zərifə xanımın həm öz əsərlərinə, həm də onun haqqında yazılan xatirələrə də rast gəlirəm. Belə xatirələrin birində Rusiya Tibb Elmləri Akademiyasının həqiqi üzvü, dövlət mükafatı laureatı M.M.Krasnov yazır: “Bəlkə də Zərifə xanım çarəsiz xəstəliyə düçar olduğunu bilirdi, amma bunu ətrafdakılara hiss etdirməməyə çalışırdı. 1984-cü ildə tibb işçiləri günü qeyd olunurdu. Zərifə xanım həmin dövrdə dəhşətli xəstəliyi ilə mübarizə aparırdı və onun müalicəsi mümkün olmayan xəstəliyə tutulduğunu az adam bilirdi. Mən Rəyasət Heyətində əyləşmişdim. Birdən onun zalda ən çox sevdiyi bir professor həmkarı ilə (o da istedadlı bir qadın idi) yanaşı oturduğunu gördüm. Hər ikisi deyib-gülür, bir-biri ilə ünsiyyətdən zövq alırdılar. Zərifə xanımda bu güc, həyat eşqi haradan idi?! Ölümünə iki həftə qalmış o uzaq bir ezamiyyətə getməyə hazırlaşırdı. Deyirdi ki, aspirantlarıma kömək etmək lazımdır... Bəlkə də mən bu xatirələri başqa cür yazmalıydım. Bəlkə də bir həmkar kimi peşə, sənət çərçivəsindən kənara çıxmamalı, elm haqqında, işdən, uğurlardan, şagirdlərdən söz salmalıydım. Amma belə alındı. Zərifə xanım qeyri-adi insan idi, başqa istedadlı şəxsiyyətlər kimi o da hər cəhətdən istedadlı idi. Mənim anlamımda isə hər şeydən öncə həyat istedadı və insanilik dayanır. Biz böyük insanı itirdik. Sağlığında da onun yeri görünürdü, ölümündən sonra da!..”
İnsanın özündən sonra yeri görünürsə, deməli, o, unudulmayıb. Unudulmayıbsa, deməli, qoyduğu irs, xeyirxah əməlləri haqqında xoş xatirələr yaşayır.

Cəmilə SƏTTAROVA,
Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, əməkdar mədəniyyət işçisi