Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yenə böhtan, növbəti siyasi sifariş

15 Aprel 2018
 

ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun müşahidə missiyası Azərbaycan xalqının iradəsinə və seçiminə hörmətsizlik etdi

 

Yenə qərəz, yenə ikili standartlara əsaslanan mövqe... İllərdir bütün beynəlxalq təşkilatlarla qarşılıqlı münasibətlərini, ikitərəfli əlaqələrini daha da möhkəmlətmək, şaxələndirmək istəyən müstəqil Azərbaycan yenə də qərəzlə, böhtanla üzləşir. Yəni bəzi beynəlxalq təşkilatların ölkəmizə qarşı münasibəti dəyişmir ki, dəyişmir.
Aprelin 11-də keçirilən prezident seçkilərində də bu, bir daha təsdiqini tapdı. ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB), ATƏT PA-nın və Avropa Şurasının Parlament Assambleyasının (AŞ PA) müşahidə missiyasının ilkin hesabatı Azərbaycana qarşı yürüdülən ikili standartlar prinsipinin tərkib hissəsi idi.
ATƏT DTİHB-nin prezident seçkilərindəki müşahidə missiyasının gördüyü işlər və bir gün sonra açıqladığı ilkin rəy də bundan öncəkilərdən fərqlənmədi. Açıq-aşkar bəlli oldu ki, bu təşkilatın müşahidə missiyası Azərbaycana seçkiləri izləməyə deyil, siyasi sifarişlə, düşünülmüş şəkildə ölkəyə qara yaxmağa gəlib.
Hətta bu, onların ilk yanaşmalarında da hiss olunurdu. Hələ seçkilərdən öncə açıqladıqları aralıq hesabatda seçki komissiyalarının tərkibinin parlamentdəki siyasi qüvvələrin sayına əsasən təşkil olunduğunu, məntəqə seçki komissiyalarına yaxşı treninqlərin keçirildiyini, səsvermə hüququna malik insanların qeydiyyatının tam aparıldığını qeyd etsələr də, müxalifətə seçkilərə qatılmaq imkanı verilmədiyi iddia edilirdi. Onların iddiasına görə, guya namizədlər arasında fərq qoyulub, hər kəsin namizədliyini irəli sürməsinə imkan verilməyib. Ancaq bu tamamilə yanlış fikirdir. Çünki əslində, seçkidə iştirak üçün hər kəsə bərabər şərait yaradılmışdı. Xalq arasında olan-qalan nüfuzunu da itirən, heç bir sosial bazaya malik olmayan dağıdıcı müxalifətin seçkiyə qatılmamasının səbəbləri isə hər kəsə yaxşı bəllidir. Seçkidə məğlub olacaqlarını bilən bu qüvvələr əvvəlcədən özlərini sığortalayaraq iştirak etməmək qərarını verdilər. Bu, onların köhnə peşəsidir. İcazəli mitinqə min nəfəri zorla toplayanlar yaxşı bilirdilər ki, seçkidə toplayacaqları səslər heç iki faiz civarında da olmayacaq.
ATƏT DTİHB-nin hesabatındakı qərəzliliyi təsdiqləyən digər məqama nəzər yetirək. Qeyd edilir ki, seçkidə iştirak edən namizədlərə təzyiqlər olub. Maraqlıdır ki, seçkilərə qatılan namizədlərdən heç birinə təzyiq olmayıb. Əgər olsaydı, mütləq MSK-ya müraciət edilərdi. Yaxud, bununla bağlı hansısa mətbu orqanda informasiya yayılardı. Demək, bu məlumatlar da kökündən yanlışdır və açıq-aydın bəlli olur ki, əslində, qurumun bəyanatı seçkidən sonra, müşahidələr əsasında deyil, əvvəlcədən sifarişlə hazırlanıb. Yəni yenə də köhnə ssenariləri davam etdiriblər.
Tamamilə aydın olur ki, ATƏT DTİHB-nin müşahidə missiyası seçkini izləmək məqsədilə deyil, sırf qərəz, şantaj və böhtan xarakterli mövqe ilə gəlmişdilər. Onlar antiazərbaycançı şəbəkənin sifarişi ilə ölkəyə gəlib öz çirkin niyyətlərini həyata keçirməyə çalışıblar. Lakin buna nail ola bilmədilər.
Əlbəttə ki, əvvəlcədən hazırlanmış hesabatı ilkin nəticələr kimi yaymaq xalqımızın iradəsinə və seçiminə hörmətsizlikdir. Necə olur ki, seçkilərdə müşahidə aparan Avropa İttifaqı Regional Komitəsi, Türk PA, MDB, Azadlıq və Demokratiya Fondunun müşahidə missiyaları, Avropa parlamentində Avropa Mühafizəkarlar və Reformistlər qrupunun (ECR) üzvlərindən ibarət missiya və digərləri, eləcə də müxtəlif ölkələrin parlamentariləri bəyanat verərək Azərbaycanda seçicilərin sərbəst və gizli səsvermə hüquqlarının təmin edildiyini, səslərin sayılmasının düzgün və şəffaf şəkildə aparıldığını ümumilikdə seçkinin demokratik, şəffaf keçirildiyini bəyan edirlər. Məsələn, Avropa Mühafizəkarlar və İslahatçılar Qrupunun seçkilərlə bağlı bəyanatında qeyd olunub: “Siyasi cəhətdən çoxşaxəli və rəqabətli mühit təmin olunmuşdu. Ümumi mühit sakit, proses beynəlxalq standartlara uyğun idi. Seçicilərin azadlığı, sərbəstliyi, səsvermənin gizliliyi tam təmin edilmişdi. Müşahidəçilər tərəfindən heç bir insident qeydə alınmadı. Biz səsvermə günü Seçki Məcəlləsinin pozulması faktına rast gəlmədik. Kənar müdaxilələr və seçicilərə hər hansı təzyiq hallarının şahidi olmadıq”.
Digər təşkilatlar da bəyan etdilər ki, seçkilər, səsvermə prosesi azad və şəffaf, Azərbaycan seçicilərinin yüksək fəallığı ilə baş tutub. Azərbaycan vətəndaşları heç bir maneə olmadan, azad və sərbəst şəkildə seçki məntəqələrinə gedərək öz iradələrini ifadə ediblər.
Həqiqətən də Azərbaycan xalqı bu seçkilərdəki mütəşəkkilliyi ilə özünün siyasi iradəsini bütün dünyaya bir daha çatdırmış oldu. 11 aprel seçkiləri həm də, Azərbaycanda demokratiyanın növbəti təntənəsi oldu.
Ancaq ATƏT DTİHB-nin müşahidə missiyası başqa fikir söyləyir. Bu qurumun müşahidəçilərinin digər çoxsaylı müşahidəçilərin və təşkilatların ziddinə getməyində məqsədi nədir?
Bütün bunlar bir daha onu deməyə əsas verir ki, ATƏT DTİHB hər zaman olduğu kimi, yenə də Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirir. Hətta bu qurumun müşahidə missiyasının böyük hissəsi seçki haqqında müsbət fikirdədir. Bəs, onda nədən qurum qərəzli mövqe nümayiş etdirir?
Çünki bu qurum geopolitik alət rolunu oynayır. Bu təşkilat məqsədyönlü şəkildə məlum beynəlxalq dairələrə xidmət göstərir və müəyyən milli dövlətlərə qarşı həqiqətdən uzaq bəyanatlar yayır. Lakin bu bəyanatlar həmin təşkilatın özü üçündür, cəmiyyətimiz üçün heç bir önəm kəsb etmir. Əsas xalqın iradəsidir ki, bu da oldu və Azərbaycan xalqı prezident seçkilərində cənab İlham Əliyevə yüksək etimad göstərdi.
Mərkəzi Seçki Komissiyasının adıçəkilən təşkilatların müşahidə missiyasının hesabatına dair bəyanatında da söylənilən məsələlər bir daha öz əksini tapıb. Sənəddə qeyd edilir ki, xarici müşahidəçilərin təqribən 40 faizini təşkil edən adıçəkilən qurumların 360 müşahidəçisi (onlardan 270-i ATƏT DTİHB-nin müşahidəçiləri olmaqla) bu seçkilərdə ənənəvi olaraq yeganə təkzibolunmaz və son hakim funksiyasını təkbaşına mənimsəyib. Sözügedən müşahidə missiyasının hesabatında “ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun, ATƏT-in Parlament Assambleyasının və Avropa Şurasının Parlament Assambleyasının müşahidəçiləri” terminindən yox, birbaşa “beynəlxalq müşahidəçilər” terminindən istifadə edilir ki, bu da 59 ölkəni və çoxsaylı beynəlxalq təşkilatları təmsil edən xarici müşahidəçilərə ən azı hörmətsizliyin və təkəbbürlüyün aşkar sübutudur.
MSK adıçəkilən sübutsuz, ziddiyyətlərlə dolu qərəzli hesabatın tam təhlilini məqsəd kimi qoymur və ümid edir ki, Azərbaycanda keçirilmiş prezident seçkiləri ilə bağlı bu qurumların müşahidə missiyasının yekun hesabatında çoxsaylı uyğunsuzluqlar aradan qaldırılacaq. Əks halda, Mərkəzi Seçki Komissiyası böyük təəssüf hissi ilə nümayəndələri sözügedən missiyanın tam əksəriyyətini təşkil edən ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu ilə əməkdaşlığın dayandırılması məcburiyyəti qarşısında qalacaq.
Bəlli olan odur ki, Azərbaycan müstəqillik tarixində daim bu cür qərəzli münasibətlərlə rastlaşıb, ancaq demokratiya və müstəqillik yolundan dönməyib. ATƏT-in müşahidə missiyasının bu cür hesabatları ölkəmizin daxili və xarici siyasi kursuna, eyni zamanda dünyada artan nüfuzuna hansısa formada təsir edə bilməz. Antiazərbaycançı şəbəkənin istənilən məkrli planı, çirkin kampaniyası hər zaman iflasa uğrayıb.
Şübhəsiz ki, qarşıdakı 7 il ərzində də Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan daha da irəliləyəcək, inkişaf edəcək, qüdrətlənərək beynəlxalq müstəvidə öz mövqeyini gücləndirəcək.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”