Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Laçın obalarında yazın nəfəsi duyulur

15 Aprel 2018
 

Məcburi köçkün kimi respublikamızın bölgələrinə səpələnən laçınlıların kompakt yaşadıqları məkan Ağcabədi rayonunun Taxtakörpü ərazisindədir. Laçınlılar Ağcabədi camaatının yüksək qonaqpərvərliyini, onlara çətin gündə, ağır məqamda arxa-kömək olduqlarını həmişə minnətdarlıqla vurğulayırlar.

Yurd həsrətli illər ötüb keçir. Amma laçınlıların doğma torpaqlara dönəcəklərinə, başı qarlı dağlara yenidən qovuşacaqlarına olan inam gündən-günə artır. Hərtərəfli qayğı ilə əhatə olunsalar da, onu hər an özlərinin, ailələrinin üzərində hiss etsələr də, arxayınlaşmır, ələbaxımlığa vərdiş etməmək üçün çalışır, əkib-biçir, öz süfrələrinin halal çörəyini qazanmağa çalışırlar.

İndi rayon əhalisində, ayrı-ayrı fermer təsərrüfatlarında 33,3 min baş qaramal, 171,7 min baş qoyun-keçi və 6843 arı ailəsi var. Keçən il onlar  2259 ton taxıl, 16,2 ton tərəvəz, 122,6 ton bostan məhsulları, Malıbəy və Alxaslı obalarında 174 ton pambıq yetişdirmişlər. Pambıq tarlalarının becərilməsində, yetişdirilmiş məhsulun yığılmasında 150 nəfərdən çox mövsümi işçi çalışmışdır ki, bu da həmin ailələrin əlavə gəlir əldə etməsinə əhəmiyyətli təsir göstərmişdir.

Kənd təsərrüfatında ənənəvi sahələr olan pambıqçılığın, baramaçılığın dirçəldilməsini laçınlı məcburi köçkünlər də razılıqla qarşılamışlar. Ölkədə ipəkçiliyin bərpası və inkişafı, eyni zamanda, əhalinin məşğulluğunun artırılması istiqamətində həyata keçirilən tədbirlərə fəal qoşulan laçınlılar Taxtakörpü ərazisində 11500 tut tingi əkmişlər. Pambıq və baramaçılıq Laçın camaatı üçün yeni təsərrüfat sahələri olmasına baxmayaraq bu gəlirli sahələrə böyük maraq göstərirlər.

Torpağa, halal zəhmətə bağlı olan laçınlılar məskunlaşdıqları əraziləri abadlaşdırmaq üçün də səy və bacarıqlarını əsirgəmirlər. Taxtakörpü qəsəbəsi bu gün şəhərə bənzəyir. Buradakı yaraşıqlı binalar, ilin bütün fəsillərində yaşıl görkəmi ilə göz oxşayan park, geniş və rahat yollar hər kəsdə məmnunluq yaradır.

Laçın Rayon İcra Hakimiyyətinin başçısı Aqil Nəzərli deyir ki, biz burada özümüzü qərib hiss etməsək də, hər bir laçınlının ürəyində yurd nisgili var: “Quş qanadlı illər sürətlə ötüb keçsə də, çox dərdlərə dərman olan zaman bizim ürəyimizdə qövr edən yaraya məlhəm ola bilmir. Buna baxmayaraq, hər bir laçınlı inanır ki, işğal altındakı torpaqlarımız tezliklə azad olunacaq, biz dədə-baba yurdlarımıza dönəcəyik. Üçrəngli bayrağımız yenə də Laçında, Şuşada, Ağdamda, Kəlbəcərdə... dalğalanacaq. Bu arzumuz nə yolla olursa-olsun gerçəkləşəcək.

Baharın gəlişi Laçın obalarında da duyulur. Qış yuxusundan oyanan torpaq isinir, göz işlədikcə uzanan düzənlər yavaş-yavaş zümrüd libasa bürünür. Canlanan təbiət könüllərə xoş duyğular gətirir. Novruz tonqallarının başında səslənən duaları bir istək birləşdirir - növbəti bayram tonqallarını Laçında, doğma həyətlərimizdə qalayaq.

 

Lazım QULİYEV,

“Azərbaycan”