Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dağlara bahar gəlib

15 Aprel 2018
 

Bahar gələndə Gədəbəydə başqa büsat olur. Göz işlədikcə uzanan dağlar, dərələr yaşıl örpəyə bürünür. İnsanlar təbiətin oyandığı belə bir vaxtda sübh tezdən sahələrə çıxır, yay və payızda bol məhsul götürmək üçün yorulmaq bilmədən çalışırlar.

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında qarşıya qoyulan vəzifələrin yerinə yetirilməsi üçün tədbirlər davam edir. Məhz bunun nəticəsidir ki, keçən il proqrama uyğun olaraq Gədəbəy şəhəri xeyli abadlaşdırılmışdır. Rayonda daxili imkanlardan istifadə etməklə sağlam biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin işgüzarlıq fəaliyyətinin artırılması üçün münbit şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin açılması və məşğulluq səviyyəsinin artırılması hesabına əhalinin maddi rifahının yüksəldilməsi istiqamətində görülən işlər də az deyil. Bütün bu işlərin həyata keçirilməsində rayon icra hakimiyyətində yaradılmış qərargahın xüsusi rolu var. Qərargahın gördüyü tədbirlər sayəsində təkcə keçən il rayon iqtisadiyyatına 25 milyon 683,5 min manat yerli, 272 min manat xarici investisiya cəlb edilmişdir ki, nəticədə 482 yeni iş yeri açılmışdır.

Gədəbəydə iş adamlarına və investisiya yatırmaq istəyən sahibkarlara hər cür şərait yaradılmışdır. Elə bu məqsədlə keçən ilin sonlarında iş adamları ilə geniş tərkibdə görüş olmuş, cari il üçün rayona qoyulacaq investisiyaların təxmini həcmi  nəzərdən keçirilmişdir. Görüşdə irəli sürülən təkliflər nəzərə alınmaqla bu istiqamətdə fəaliyyət proqramı tərtib edilmişdir.

Gədəbəydə əkinçilik və heyvandarlıq üzrə fəaliyyət göstərən məhsul istehsalçılarına lazımi dəstək verilir, müvafiq kömək göstərilir. Nəticədə ötən il rayonda 127,2 min ton kartof istehsal olunmuşdur ki, bu da əvvəlki illə müqayisədə 18 min ton çoxdur. Taxıl istehsalı 3319, tərəvəz istehsalı 4189 tona çatmışdır. Heyvandarlığa gəldikdə, ötən müddət ərzində rayon üzrə qaramalın sayı 49,8 minə, qoyun və keçilərin sayı 25,6 minə çatmışdır. Rayon heyvandarları 6,1 min ton ət, 42,8 min litr süd istehsal etmişlər.

Arıçılıq üçün əlverişli olan Gədəbəydə bu sahədə nailiyyət qazanılmışdır. Hazırda rayonda arıçılığın inkişafı üçün bir sıra işlər həyata keçirilir. Qərara alınmışdır ki, yaxın bir neçə ildə 5000 arı ailəsi olan təsərrüfatlar yaradılsın. Bu məqsədlə rayonun Başkənd ərazisində ilkin olaraq 10 hektar sahə ayrılmışdır. Hazırda 1006 nəfər rayon sakini fərdi təsərrüfatında 8009 arı ailəsi saxlayır. Hər il onlardan 48 ton bal əldə edilir.

Qazanılan bütün bu uğurlar ölkəmizdə aqrar sahənin inkişafına göstərilən dövlət dəstəyinin nəticələridir. Təkcə onu demək kifayətdir ki, keçən il Gədəbəy fermerləri onlar üçün yaradılan imkanlardan maksimum yararlanmışlar. Belə ki, rayonda 2282 hektar əkin sahəsinin becərilməsi üçün kənd təsərrüfatı məhsulları istehsalçılarına yanacaq və motor yağları alınmasına görə dövlət büdcəsindən 148,3 min manat subsidiya verilmiş, 249 istehsalçıya 70 faiz güzəştlə 139 ton mineral gübrə satılmışdır. Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması məqsədilə aparılan süni mayalanma nəticəsində əldə edilmiş 66 baş buzova görə isə fermerlərə 6,6 min manat subsidiya ödənilmişdir.

Kənd və qəsəbələrin infrastrukturunun yenilənməsi istiqamətində də işlər görülmüşdür. İkinci Kənd İnvestisiya Layihəsi çərçivəsində rayonun 5 kəndində uzunluğu 37 kilometr olan yollar təmir olunmuş, 5 kənddə abadlaşdırma işləri aparılmışdır. Qızıl Aypara və Qırmızı Xaç Komitəsi tərəfindən rayonun sərhədyanı Mormor, Zamanlı, İsalı, Cücənli, Dördlər, Motudərə, Qasımağalı, Arabaçı və Fərzalı kəndlərində 39 ailənin hər birinə 1100 manat maddi yardım edilmiş, 408 ailənin hər birinə 2 ton üzvi, 50 kiloqram azot gübrəsi, 9 mini-kultivator, 1800 litr yanacaq və sürtkü yağı verilmişdir.

Rayonda təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində də tədbirlər həyata keçirilmişdir. Keçən il 108 şagirdlik Şınıx kənd tam orta məktəbi istifadəyə verilmiş, Soyuqbulaq kənd orta məktəbi əsaslı təmir edilmişdir. Hazırda Köhnəkənddə modul tipli məktəbin tikintisində son tamamlama işləri görülür.

Məlum olduğu kimi, Gədəbəy həm də turizm diyarıdır. Hər il minlərlə turist burada dincəlib istirahət etməyə üstünlük verir. Odur ki, turistlərin istirahətini yüksək səviyyədə təşkil etmək məqsədilə hər il mövsüm qabağı rayonda hazırlıq işləri görülür. Elə bu məqsədlə son 6 ayda yol kənarlarında və müxtəlif ərazilərdə 13500 ağac əkilmişdir. Xüsusilə, meşələrin, yaşıllıq zonalarının genişləndirilməsi istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilmişdir. Bu işdə Meşə Mühafizəsi və Bərpası Müəssisəsi daha çox fərqlənir. Müəssisə keçən ilin payızından indiyədək 80 hektar sahədə yeni meşə zolaqları salmış, 250 hektarda təbii bərpa işləri aparmış, 46 hektarda yeni meyvə ağacları əkmişdir.

 

Sabir ƏLİYEV,

“Azərbaycan”