“Ağ qızıl”ın yaşıl işığı

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Ağ qızıl”ın yaşıl işığı

15 Aprel 2018
 

Hörmətli redaksiya!

Mən həyatımı bütünlüklə torpağa bağlamışam. Bu bağlılıq ailəmizə firavan həyat, xoş güzəran gətirib, el-obada xoş münasibət formalaşdırıb. Uzun illərdir ki, pambıqçılıqla məşğuluq. Bir ara bu sahəyə diqqət zəiflədi. Adamlar da elə bil torpaqdan küsdülər. Əkin sahələri ildən-ilə kiçildi.

Pambıqçılığın inkişafı yolunda dövlət başçısının yandırdığı yaşıl işıq həyatımıza da təsir etdi. Yeni həvəslə, yüksək əhvali-ruhiyyə ilə torpaqla ünsiyyət bağladıq. Elə bunun nəticəsidir ki, keçən il 40 hektar sahədə pambıq əkib-becərdik. Aqrotexniki tələbləri yüksək səviyyədə yerinə yetirib tarlalarda bol məhsul yetişdirdik. Dövlət başçısı əməyimi yüksək qiymətləndirərək məni də birinci dərəcəli “Əmək ordeni” ilə təltif etdi. Bu yüksək qiymət bizi yeni uğurlara ruhlandırır. Bu il 50 hektarda pambıq əkmək, hər hektarın məhsuldarlığını daha da artırmaq əzmindəyik. Məhsul bolluğuna hələ qış aylarından etibarlı bünövrə qoymağa çalışmışıq. Pambıq əkəcəyimiz sahələrdə vaxtında keyfiyyətli dondurma şumu edilmiş, qış aratına qoyulmuşdur. Bir neçə gündən sonra çiyid səpininə başlayacağıq. MKT Ağcabədi Pambıq Zavodu ilə müqavilə bağlamışıq. Toxumluq çiyid dərmanlanıb səpinə hazır vəziyyətə gətirilmişdir. Torpaq yavaş-yavaş isinir. Biz də çiyid səpininə hazırlaşırıq.

Dediyim odur ki, dövlət səviyyəsində pambıqçılığa göstərilən dəstək, pambıqçı əməyinə verilən yüksək qiymət, “ağ qızıl”a yandırılan yaşıl işıq bizi daha yaxşı işləməyə, daha çox məhsul istehsal etməyə ruhlandırıb.

 

Tofiq İSMAYILOV,

Ağcabədi rayonu Yeni Qaradolaq kənd sakini, fermer