Gərək əməli işlə cavab verək

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gərək əməli işlə cavab verək

15 Aprel 2018
 

Gözümü açandan həyətimizdə arı pətəkləri görmüşəm. Atamın bu sahədə zəngin təcrübəsi var idi. Hər il xeyli bal satar, dolanışığımızın bir qismini bu yolla təmin edərdi. Arı südü, arı zəhəri kəlmələrini də ilk dəfə atamdan eşitmişəm. Deyərdi ki, onlardan düzgün istifadə etdikdə bədəni möhkəmləndirir, bir çox xəstəlikləri sağaldır. Balın tərkibi insan sağlamlığı üçün lazım olan vitaminlərlə çox zəngindir.

İllər ötdükcə bu sahəyə mənim də marağım artdı, başladım öyrənməyə. Atam  da bu marağımı görüb başqa işi olanda, bir yana gedəndə arılara qulluq etməyi mənə tapşırardı. İndi özümün 50-dən çox arı təknəm var. Hər il yarmarkalarda 300 kiloqramdan çox bal satıram.

Onu da deyim ki, arıçılıq çox həssas sahədir. Gərək qabaqlayıcı, stimullaşdırıcı tədbirlər görəsən. Arıların əldən düşməməsi üçün onlara vaxtlı-vaxtında müəyyən dərmanlar da verilməlidir. Bir arı ailəsinə mövsüm ərzində orta hesabla 25-30 manat, bəzi hallarda daha çox pul xərcləmək lazım gəlir.

Təqdirəlayiq haldır ki, bu gəlirli sahəni inkişaf etdirmək üçün ölkəmizdə dövlət səviyyəsində tədbirlər görülür. Elə bunun nəticəsidir ki, Kənd Təsərrüfatı Nazirliyinin Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun nəzdində Arıçılıq Mərkəzi yaradılmış, Azərbaycan Arıçılar Assoisiasiyası təsis edilmişdir. Damazlıq, arıçılıq təcrübəsinin genişləndirilməsi, genefond arıxanalarının yaradılması, arıçılıq məhsullarının keyfiyyətinə nəzarət sisteminin təkmilləşdirilməsi, sərgi-satış yarmarkalarının təşkili də həmçinin.

Dövlət başçısı arıçılığı inkişaf etdirmək, kənd əhalisinin gəlirlərini artırmaq və məşğulluğunu təmin etmək üçün mart ayında sərəncam da imzaladı. Sərəncamda göstərilir ki, arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə cari il də daxil olmaqla 5 il müddətinə ildə 10 min manat məbləğində subsidiya ödənilsin. Biz arıçılar da gərək bu qayğıya əməli işimizlə - daha yaxşı çalışmaqla sanballı töhfələr verək.

 

Araz MƏMMƏDOV,

Goranboy rayonu