Bu gün təklif, sabah...

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bu gün təklif, sabah...

15 Aprel 2018
 

Astara rayonundakı Şuvi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə 7 kənd daxildir. Əhalinin əsas məşğuliyyəti çayçılıq, sitrusçuluq, heyvandarlıq, arıçılıqdır. Şuvi, Sərək, Səlivə və Deqədi kəndlərinin ərazilərində 190 hektar yeni əkin sahəsi salınmışdır. Bunun 90 hektarı çay plantasiyalarıdır. Əkin sahələrinə qulluq etmək üçün 6 briqada yaradılaraq 320 nəfərdən çox insan daimi işlə təmin olunmuşdur.

Son illər nümayəndəlikdə abadlıq-quruculuq işləri də xeyli artmışdır. Ərçivan-Şuvi-Qapıçıməhəllə avtomobil yolu asfaltlaşdırılmış, Şuvi kəndində 480 yerlik orta məktəb binası tikilərək istifadəyə verilmiş, bir neçə kənd qazlaşdırılmışdır.

Özü də problemlərin bir qismi rayon icra hakimiyyəti başçısının nümayəndəlikdə keçirdiyi səyyar qəbul və görüşlərdən sonra həll edilmişdir. Məsələn, belə görüşlərdə qaldırılan məsələlərdən biri Siyatük kənd məktəbi ilə bağlı idi. Çox keçmədən rayon rəhbərliyinin köməyi ilə məktəb binasının tikintisinə başlandı və artıq inşaat işləri başa çatmaq üzrədir.

Bu yaxınlarda Şuvi kəndində rayon icra hakimiyyəti başçısının keçirdiyi səyyar qəbul və görüşdə adəti üzrə rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri də iştirak edirdilər. Görüşdə çıxış edən sakinlər çay sularının bir hissəsini yuduğu Deqədi-Sərək yolunun təmiri, Yuxarı Şuvi yaşayış massivində əlavə elektrik transformatorunun qoyulması, Deqədi kənd ümumi orta məktəb binasının yaxınlığından keçən yüksək gərginlikli elektrik xəttinin yerinin dəyişdirilməsi, Sərək kənd tam orta məktəbi və Şuvi kənd uşaq  bağçası üçün yeni binanın tikintisi və digər məsələlər barədə istək və arzularını bildirdilər.

Rayon icra hakimiyyətinin başçısı Qəzənfər Ağayev həlli qısa müddətdə mümkün olan məsələlər barədə müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib bildirdi ki, Səlivə və Deqədi kəndlərinin təbii qazla təmin edilməsinə start verilmiş, mütəxəssislər ərazidə layihələşdirmə işlərinə başlamışlar.

Dediyim odur ki, səyyar qəbulların və görüşlərin səmərəsi çox olur, bir çox adi və digər məsələlər öz həllini daha tez tapır. İnanırıq ki, bu dəfə də belə olacaq.

 

Səfail MƏMMƏDOV,

Astara rayon sakini