Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ulu öndər Heydər Əliyevin 95-ci ildönümü münasibətilə Ərzurumda beynəlxalq simpozium keçirilib

14 Aprel 2018
 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə Türkiyənin Ərzurum şəhərində beynəlxalq simpozium keçirilib.

AZƏRTAC xəbər verir ki, Ərzurum Atatürk Universitetində (AU) iki gün davam edən simpoziumda rəsmi şəxslər, Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan və Rusiyadan ziyalılar, eləcə də AU-nun kollektivi iştirak edib.

Simpozium Azərbaycan Dillər Universitetinin (ADU) təşəbbüsü ilə 11 ölkənin 13 ali məktəbində təşkil olunan tədbirlər çərçivəsində keçirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən fotosərginin açılışı olub.

Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildikdən sonra ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükuta yad edilib.

Sonra Heydər Əliyev şəxsiyyətinin ucalığını tərənnüm edən sənədli film nümayiş olunub.

Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, ölkəmizin Qarsdakı baş konsulu Nuru Quliyev, Ərzurum valisi Seyfəddin Azizoğlu, Ərzurum bələdiyyəsinin sədri Mehmət Sekmən, Atatürk Universitetinin rektoru Ömer Çomaklı, Naxçıvan Dövlət Universitetinin rektoru Saleh Məhərrəmov və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin nəsillərə örnək olan siyasi fəaliyyətindən danışıblar. Diqqətə çatdırılıb ki, Heydər Əliyev təxminən yarım əsrə yaxın dövrü əhatə edən siyasi fəaliyyəti ilə Azərbaycan xalqının işıqlı gələcəyinə xidmət edib. Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra Heydər Əliyevin reallaşdırdığı strategiya Azərbaycan və Türkiyə də daxil olmaqla, böyük bir coğrafiyada inkişaf istiqamətlərini müəyyənləşdirib.

Simpoziumda “Heydər Əliyev və türk dünyası”, “Heydər Əliyev və milli ideologiya modeli”, “Heydər Əliyev milli neft strategiyasının banisi kimi”, “Heydər Əliyev və milli ləyaqətin qorunmasının metodologiyası”, “Heydər Əliyev siyasətində milliləşmə və türkləşmə amili” və s. mövzularda məruzələr dinlənilib. Məruzəçilər diqqətə çatdırıblar ki, Heydər Əliyevin siyasi fəaliyyətinin bütün istiqamətləri və idarəçilik metodları dərindən araşdırılmalı, ali məktəblərdə tədris olunmalıdır.

AZƏRTAC