Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Martda OPEC üzrə neft hasilatı azalıb

14 Aprel 2018
Mart ayında Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) üzrə gündəlik neft istehsalı azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir. Bildirilir ki, OPEC-in xam neft istehsalı martda fevral ayı ilə müqayisədə gündəlik 201 min barrel azalaraq 31 milyon 960 min barrel olub. Bunun nəticəsində OPEC-in dünya neft hasilatındakı payı 32,6 faizə geriləyib.

Ötən ay OPEC üzrə xam neft istehsalı ən çox Birləşmiş Ərəb Əmirlikləri, Nigeriya və Qətərdə artım göstərib. Belə ki, martda fevral ayı ilə müqayisədə Birləşmiş Ərəb Əmirliklərinin sutkalıq neft hasilatı 44 min 900 barrel, Nigeriyada 18 min 200 barrel və Qətərdə isə 16 min 100 barrel artıb.

Venesuela, Anqola və Əlcəzairdə isə neft istehsalı azalıb. İqtisadi və siyasi baxımdan çətinliklər yaşayan Venesuelada gündəlik neft istehsalı martda fevralla müqayisədə 55 min 300 barrel azalaraq 1 milyon 488 barrelə düşüb. Anqolada gündəlik neft hasilatı 81 min 700 barrel, Əlcəzairdə isə 49 min 500 barreldən çox azalıb.

Keçən ay dünya üzrə 2 min 260 neft quyusu istismara verilib. Bu quyulardan 569-u OPEC-ə üzv olan ölkələrdədir.