Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

ABŞ, Böyük Britaniya və Fransa Suriyaya zərbə endirdilər

14 Aprel 2018
 

ABŞ, Böyük Britaniya və Fransanın silahlı qüvvələri Suriyadakı hərbi obyektlərə zərbələr endirmişlər. Bu barədə “Alman dalğası” radiostansiyası xəbər verir.

Məlumata görə, əməliyyat hökumət qüvvələri tərəfindən Duma rayonunda dinc əhaliyə qarşı kimyəvi silahdan istifadə olunmasına cavabdır.

ABŞ Silahlı qüvvələri qərargahlar rəisləri Birləşmiş Komitəsinin başçısı Cozef Danford bildirmişdir ki, zərbələrə kimyəvi silahla əlaqəli üç obyekt məruz qalmışdır. Birinci hədəf Dəməşq yaxınlığındakı Elmi-Tədqiqat İnstitutu olmuşdur. İkinci zərbə Homs şəhəri yaxınlığındakı kimyəvi silah anbarına, üçüncüsü isə komanda mərkəzinə endirilmişdir. Ümumilikdə obyektlərə 100-dən çox raket atılmışdır. Tələfat yoxdur. Üç nəfərin yaralandığı bildirilir. Suriyanın SANA agentliyinin xəbərinə görə, ölkənin hava hücumundan müdafiə sistemləri raketlərdən 13-nü zərərsizləşdirmişlər.

Rusiya Prezidenti Vladimir Putin bildirmişdir ki, ABŞ və müttəfiqləri BMT Nizamnaməsinə, beynəlxalq hüquqa zidd şəkildə, BMT Təhlükəsizlik Şurasının sanksiyası olmadan Suriyada hərbi və mülki obyektlərə zərbələr endirmişlər. Rusiya lideri bunu terrorçuluğa qarşı mübarizənin ön cəbhəsində olan suveren dövlətə qarşı təcavüz aktı adlandırmışdır.