Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlk rübün makroiqtisadi göstəriciləri uğurlu perspektivdən xəbər verir

14 Aprel 2018
 

Prezident İlham ƏLİYEV: “İqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır”

 

Ölkənin siyasi həyatında mühüm hadisə - prezident seçkisi arxada qaldı. Ölkə əhalisinin əksər hissəsi yenidən İlham Əliyevə etimad göstərərək onu növbəti 7 il üçün özünün lideri seçdi.
Əslində, xalqın yenidən “İlhamla irəli”ləməyə qərar verməsi gözlənilən idi. Çünki indiki beynəlxalq mürəkkəb zamanda, xüsusən də rəngli inqilabların və bunların nəticəsi olaraq kənardan müdaxilə ilə hakimiyyətlərin dəyişdirilməsinin qanlı-qadalı fəsadlarının göz qabağında olduğu bir vaxtda Azərbaycan seçicisinin ictimai-siyasi sabitliyə və sosial-iqtisadi inkişafa səs verməsi təbiidir. Bu, xalqımızın təkcə “gözü çıxan qardaş”ının vəziyyətindən dərs götürməsi deyildi. Bu, həm də bizim sabaha olan inamımızın nəticəsi idi. Həmin inamsa boş yerdən yaranmır, illərin sınağından çıxır.
Xalqa nə lazımdır? Əmin-amanlıq, rahat dolanışıq və sabaha arxayınlıq. Elə demokratiya qarışıq qalan bütün şərtlər də özlüyündə bunlara xidmət edir (yaxud etməlidir). Bu baxımdan Azərbaycanın dövlət müstəqilliyini bərpa etməsindən ötən cəmi 26 il ərzində qazandığı uğurları, xüsusən əhalinin sosial vəziyyətinin mövcud durumunu nəzərə alanda 11 aprel seçkisinin nəticələri hətta avropalıları da təəccübləndirməməlidir.
Azərbaycanın son makroiqtisadi göstəricilərinə nəzər salaq. Yeri gəlmişkən onu da qeyd edək ki, prezident seçkisindən iki gün əvvəl Nazirlər Kabinetinin cari ilin ilk rübü üzrə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir və son göstəricilər də dövlət başçısı tərəfindən elə həmin iclasda səsləndirilmişdir.
“Mən dəfələrlə demişəm ki, iqtisadi müstəqillik siyasi müstəqilliyin əsasıdır” deyən Prezident İlham Əliyev Azərbaycanın cari ilin ilk rübü üzrə makroiqtisadi göstəricilərini yüksək qiymətləndirmişdir: “...Birinci rübdə Azərbaycan iqtisadiyyatı 2,3 faiz artmışdır. Bu, çox yaxşı göstəricidir və dünya miqyasında mövcud olan artımdan daha yüksək göstəricidir. Qeyri-neft sektorumuz isə təxminən 3 faiz artmışdır. Bu da iqtisadiyyatımızın şaxələndirilməsi istiqamətində aparılan siyasətin nəticəsidir”.
Ümumiyyətlə, qeyri-neft sektorunun inkişafı ilə bağlı ölkədə həyata keçirilən tədbirlər hələ neftin qiymətinin pik vaxtından başlamışdır və bu, təsadüfi deyildi. İqtisadiyyatı bütünlüklə bu başıbəlalı sahədən asılı olan ölkələrin düşdükləri böhranlı vəziyyət göz qabağında idi. Özü də vəziyyəti tündləşdirib neftin rənginə çevirən bu böhran həmin ölkələrdə təkcə sosial-iqtisadi sahələrə zərbə vurmamışdır. O həm də qəfil yaxaladığı ölkələrin ictimai-siyasi sabitliyini pozmuşdur. Məhz bu səbəbdən istər neftin yüksək qiymətinə, istərsə də zəngin ehtiyatlarına bel bağlamaq olmazdı və Azərbaycan da məhz belə etdi. Odur ki, dövlət başçısı İlham Əliyevin sosial-iqtisadi məsələlərə həsr olunan bütün tədbirlərdəki çıxışlarında qeyri-neft sektorunun inkişafını xüsusi vurğulaması təsadüfi deyil.
Elə bu yerdə qeyri-neft sektoruna aid başqa bir diqqətçəkən fakt: ilin birinci rübündə ölkə üzrə sənaye məhsulları istehsalı 2, o cümlədən qeyri-neft sənaye məhsulları istehsalı 10 (!) faiz artmışdır. “Bu da ölkəmizdə son illər ərzində aparılan sənayeləşmə siyasətinin nəticəsidir. Hesab edirəm ki, bu, rekord göstərici sayıla bilər” deyən Prezident çox haqlı olaraq tarixən neft ölkəsində qeyri-neft sənaye məhsulları istehsalının 10 faiz artımına belə yüksək qiymət verir. Niyə də verməsin?! Bu gün Azərbaycanda hansı adda qeyri-neft sənaye məhsulları istehsal olunmur - avtomobil və kənd təsərrüfatı texnikalarından tutmuş tikinti materiallarınadək. Həm də təkcə istehsal olunmur, eyni zamanda “Made in Azerbaijan” brendi ilə ixrac edilir. Əgər əvvəllər Azərbaycan məhsulu deyəndə göz önünə neft-qazdan savayı meyvə-tərəvəz və gül-çiçək gəlirdisə, indi onların sırasına əlavə yüzlərlə çeşid qoşulub, hamısı da yüksəkkeyfiyyətli və rəqabətədavamlı. Belə olmasaydı, təkcə ötən il 1,5 milyard dollarlıqdan çox qeyri-neft məhsulları ixrac edə bilməzdik.
Sözsüz ki, onların sırasında kənd təsərrüfatı məhsullarının da payı az deyil. İlin az qala 7-8 ayı günəşli hava, bərəkətli torpaq, güclü dövlət dəstəyi, o cümlədən son vaxtlar xeyli yaxşılaşmış su təchizatı və sözsüz ki, bir də zəhmətkeş Azərbaycan kəndlisi... Bütün bunlar ilin bütün fəsillərində nəinki Azərbaycanın, hətta qonşu Rusiyanın istehlak bazarının təzə meyvə-tərəvəzdən korluq çəkməməsinin əsas səbəbləridir. Bu səbəblər həm də ilin ilk rübündə ölkə üzrə kənd təsərrüfatı məhsulları istehsalının 4,2 faiz artması ilə nəticələnmişdir. Düzdür, artım əsasən bitkiçilik məhsulları istehsalı üzrədir və yalnız hesabat dövründə o, təxminən 50 faiz olmuşdur. Amma heyvandarlıqda da dönüşün yaranacağına şübhə yoxdur. Ən azından həmin sahəyə ilbəil artan diqqət və sərmayə belə qənaətə gəlməyə əsas verir.
Sərmayə demişkən, cari ilin yanvar-mart aylarında Azərbaycan iqtisadiyyatına 3,5 milyard dollar sərmayə qoyulmuşdur və onun böyük hissəsi xarici investisiya olmuşdur. Prezident sözügedən iclasdakı nitqində bu fakta belə qiymət vermişdir: “Bu onu göstərir ki, ölkəmiz xarici investorlar üçün çox cəlbedicidir”.
Həqiqətən, dünyada baş verən bütün iqtisadi çaxnaşmalara və maliyyə böhranlarına baxmayaraq, Azərbaycan 1994-cü ildən üzü bəri xarici investorlar üçün həmişə cəlbedici ölkə olmuşdur və bu gün də belədir. Səbəbləri məlumdur və onlar (xarici sərmayələri qoruyan mükəmməl qanunvericilik bazası, ölkədəki ictimai-siyasi sabitlik, dinamik iqtisadi inkişaf və s.) həm yerli, həm də xarici mütəxəssislər, qurumlar, reytinq agentlikləri tərəfindən dəfələrlə qeyd edilərək qiymətləndirilib. Əks halda Azərbaycan qlobal regional layihələrdə nəinki iştirak edə, hətta onların reallaşmasında əsas və aparıcı ölkə ola bilməzdi. Belə olmasaydı, həmin layihələr hesabına bu gün Azərbaycanın valyuta ehtiyatları 44,2 milyard dollara çatmazdı. Yeri gəlmişkən, təkcə cari ilin 3 ayında ehtiyatlarımız 2,2 milyard dollar artmışdır. Bunun nə demək olduğunu isə Prezident belə izah edir: “Hesab edirəm 3 ay ərzində 2 milyard dollardan çox artan valyuta ehtiyatlarımız bir tərəfdən onu göstərir ki, biz ehtiyatlarımızdan qənaətlə istifadə edirik, digər tərəfdən, bu, son illər ərzində apardığımız uğurlu neft siyasətinin nəticəsidir”.
Amma uğurlu neft siyasəti təkcə valyuta ehtiyatlarının artması ilə nəticələnmir. Elə yalnız birinci rübdə 31 min, ümumilikdə 2004-cü ildən təxminən 1,5 milyon daimi iş yerinin açılması, həmçinin maaşların, təqaüdlərin, sosial ödənişlərin vaxtaşırı artırılması da dolayısı, yaxud birbaşa Azərbaycanda həyata keçirilən neft siyasətinin uğurlu olmasının göstəriciləridir: “Bu addım bir daha onu göstərir ki, siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır. İmkan yarandıqca biz dərhal birinci addımı sosial istiqamətdə atırıq” deyən Prezident ən azından növbəti 7 ildə də bu siyasətin davam edəcəyinə mesaj vermişdir.

Raqif MƏMMƏDOV,
“Azərbaycan”