Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gənclər Prezident İlham Əliyevin yürütdüyü siyasətə alternativ görmürlər

14 Aprel 2018
 

Millətin gələcəyi olan gənc nəslin sağlam ruhda, vətənpərvər və layiqli vətəndaş kimi yetişdirilməsi respublikamızda dövlət siyasətinin üstün istiqamətlərindəndir. Bu gün ölkədə dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Biz gənclər cəmiyyətin gələcək nailiyyətlərinə hesablanmış yüksək diqqət və qayğını daim öz üzərimizdə hiss edirik. Bu da bizi çox ruhlandırır, yeni-yeni uğurlar qazanmağa səfərbər edir. Təsadüfi deyildir ki, gənclər son illər elm, təhsil, mədəniyyət və idman sahələrində yüksək nailiyyətlərə imza atırlar.

Cəmiyyətin əsas qüvvəsi sayılan gənclər ictimai-siyasi, sosial-iqtisadi, mədəni və digər sahələrdə mühüm rol oynadıqları kimi, torpaqlarımızın müdafiəsində də misli-bərabəri olmayan şücaət göstərirlər. Gənc zabit və əsgərlərimizin cəbhədə düşmənin törətdiyi təxribatların qarşısını qəhrəmanlıqla alması hər birimizin qəlbində iftixar hissi  doğurur.

Dövlət rəhbərliyinin qayğısı ilə yaradılmış hərtərəfli şərait gənclərin nümunəvi təhsil alması üçün xüsusilə geniş imkanlar açıb. Sevindirici haldır ki, yüksək intellekt sərgiləyən oğlan və qızlarımız ölkənin, eləcə də dünyanın nüfuzlu ali məktəblərində təhsil alır, dərin biliklərə yiyələnirlər. Onlar təhsillərini başa vurduqdan sonra yüksəkixtisaslı mütəxəssislər kimi cəmiyyət həyatının müxtəlif sahələrində çalışır, quruculuq işlərinə layiqli töhfə verir, ölkənin gələcəyi naminə inamlı addımlar atırlar.

Regionlarda fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri də dövlət qayğısı ilə tam əhatə olunublar. Bunu təhsil aldığım Azərbaycan Dövlət Pedaqoji Universitetinin Ağcabədi filialının timsalında da görmək olar. Bölgələrdə ali təhsil müəssisələrinin açılması yerli gənclərə  dövlətin diqqət və qayğısının yüksək təzahürüdür. Regionlarda, xüsusilə cəbhə bölgələrində  ali təhsil ocaqlarının fəaliyyəti hər şeydən əvvəl burada həyatın canlanmasına, əhalidə ruh yüksəkliyinin yaranmasına səbəb olub, sabaha inam hissini daha da gücləndirib. Üstəlik, həmin bölgələrdə və yaxın ərazilərdə yaşayan valideynlərin, məcburi köçkün ailələrinin övladlarının təhsil almasında qarşıya çıxan bir çox problemlər də həllini tapıb.

ADPU Ağcabədi filialında təhsil alan gənclər onlar üçün yaradılmış  imkanlardan lazımınca bəhrələnirlər. Filialda tələbələrin ixtisas biliklərinə dərindən yiyələnməsi ilə yanaşı, milli dövlətçilik, azərbaycançılıq və vətənpərvərlik ruhunun gücləndirilməsi istiqamətində məqsədyönlü iş aparılır. Filial rəhbərliyinin və müəllimlərin təşkilatçılığı ilə müntəzəm olaraq keçirilən ədəbi-bədii mövzularda toplantılar, müzakirələr, görüşlər, əlamətdar tarixi hadisələr, bayram günləri ilə bağlı tədbirlər bu baxımdan böyük əhəmiyyət kəsb edir. Cəsarətlə deyə bilərəm ki, elə bu səbəbdən də burada təhsil alan gənclər həm bilik səviyyəsi, həm də dünyagörüşü etibarilə paytaxt gənclərindən heç də geri qalmırlar. Tələbələrimizin sözügedən bölgənin ictimai-siyasi həyatında, 20 Yanvar və Xocalı faciələri, 31 Mart Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar təşkil edilən yığıncaqlarda, mərasim və aksiyalarda yaxından iştirakını da xüsusi olaraq nəzərə çarpdırmaq  istərdim.

Prezident seçkilərinin gedişində də gənclərin fəallığı diqqəti cəlb etdi. Mən və bütün tələbə dostlarım  seçkilərdə respublikamızı böyük inkişaf yolu ilə aparan, xalqımıza əmin-amanlıq, sabitlik bəxş edən Prezident İlham Əliyevə səs verdik. Çünki əminik ki, cənab İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin alternativi yoxdur. Ona görə də şübhə etmirik ki, dövlət başçısının rəhbərliyi altında ölkəmiz gündən-günə daha da inkişaf edəcək, torpaqlarımız mənfur düşmənin tapdağından xilas olacaq, köçkün həmvətənlərimiz doğma yurd-yuvalarına qayıdacaqlar.

 

Nigar İBRAHİMOVA,

ADPU-nun Ağcabədi filialının Tarix-coğrafiya fakültəsinin tələbəsi