Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ikinci gününə yekun vurulub

13 Aprel 2018
 

Milli Gimnastika Arenasında keçirilən batut gimnastikası, ikili mini-batut və tamblinq üzrə 26-cı Avropa çempionatının ikinci günündə - aprelin 13-də komanda yarışlarının qalibləri müəyyənləşib.

AZƏRTAC xəbər verir ki, çempionatın ikinci günündə həm gənclər, həm də böyüklər arasında bütün növlər üzrə təsnifat mərhələləri və komanda hesabında final yarışları keçirilib.

İkili mini-batut üzrə yeniyetmə oğlanlardan ibarət komanda yarışında Rusiya millisi qızıl medal qazanıb. İspaniya yığması gümüş, Portuqaliya komandası isə bürünc medallara layiq görülüblər.

Qızların mübarizəsində də birinci yerə Rusiya komandası layiq görülüb. İkinci yerdə Portuqaliya yığması, üçüncü pillədə isə İspaniya komandası qərarlaşıblar.

Böyüklər arasında batut yarışında Belarusdan olan kişi gimnastlar çempion adını qazanıblar. Rusiya təmsilçiləri ikinci, Ukrayna gimnastları isə üçüncü yeri tutublar.

Qadınların yarışında da Belarus millisi qızıl medala sahib olub. Fransa yığması gümüş, Portuqaliya seçməsi bürünc medalları aktivlərinə yazdırıblar.

Yeniyetmələr arasında tamblinq üzrə oğlanların yarışında qızıl medallara Böyük Britaniya millisi sahib olub. Fəxri kürsünün ikinci pilləsində Rusiya, üçüncü yerdə isə Portuqaliya milliləri qərarlaşıblar.

Qızların mübarizəsində də Böyük Britaniya millisi çempion adını qazanıb. Rusiya yığması gümüş, Fransa millisi isə bürünc medallara layiq görülüblər.

Qeyd edək ki, 26-cı Avropa çempionatında yeniyetmə gimnastlar 2018-ci ildə keçiriləcək Yeniyetmələrin III Yay Olimpiya Oyunlarına, böyük gimnastlar isə 2019-cu ildə təşkil olunacaq II Avropa Oyunlarına lisenziya əldə edə biləcəklər.