Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Suraxanı rayonunda gənclər hərbi xidmətə yola salınıblar

13 Aprel 2018
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq 2018-ci il aprelin 1-dən etibarən ölkəmizdə gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.

Aprelin 13-də Suraxanı rayonu Heydər Əliyev parkında çağırışyaşlı gənclərin həqiqi hərbi xidmətə yola salınması münasibətilə təntənəli tədbir təşkil olunub.

Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Suraxanı rayon idarəsində çağırışçı gənclər həkim komissiyasında tibbi müayinədən keçərək hərbi hissələrə yola salınırlar.

Suraxanı Rayon İcra Hakimiyyətinin, SHXÇDX-nin Suraxanı rayon idarəsinin, rayon gənclər və idman idarəsinin birgə təşkilatçılığı ilə keçirilən təntənəli yolasalma mərasiminin iştirakçıları əvvəlcə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib, Suraxanı rayonu Heydər Əliyev Mərkəzi ilə tanış olublar.

Tədbirdə Azərbaycanın dövlət himni səsləndirilib, Vətən uğrunda qəhrəmancasına şəhid olan igid oğul və qızlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

SHXÇDX-nin Suraxanı rayon idarəsinin rəis müavini - səfərbərlik hazırlığı və səfərbərlik şöbəsinin rəisi Vüsal Həsənov bildirib ki, bu gün çağırışçıların həyatında əlamətdar gündür. Onlar həqiqi hərbi xidmətə yola düşürlər. Son illər bütün sahələr üzrə sürətlə inkişaf edən ölkəmizin müdafiə potensialının qüdrətlənməsi istiqamətində də böyük işlərin həyata keçirilməsi nəticəsində Azərbaycanın müdafiə qüdrəti güclənib. Bu gün ordumuzda döyüş qabiliyyəti, vətənpərvərlik ruhu çox yüksəkdir. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz öz gücünü 2016-cı ilin aprelində mənfur düşmənə göstərdi. Aprel zəfəri bir daha sübut etdi ki, növbəti hərbi əməliyyatlar başlayarsa, Azərbaycanın güclü ordusu qarşısında Ermənistan daha ağır məğlubiyyətə düçar olacaq.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı İlqar Abbasov qeyd edib ki, çağırışyaşlı gənclərimizin hərbi xidmətə yolasalınması ölkənin ictimai-siyasi həyatı üçün əlamətdar vaxta –prezident seçkiləri və şanlı Aprel qələbəsinin ikinci ildönümü ərəfəsinə təsadüf edir. Aprelin 11-də xalqımız inkişafın, sabitliyin, yüksək sosial rifahın və güclü dövlətçiliyin tərəfdarı olmaqla, əsl namizədə - Prezidentimiz İlham Əliyevə, Heydər Əliyev siyasətinə səs verdilər.

İlqar Abbasov xüsusi vurğulayıb ki, son 15 ildə müasir müstəqil Azərbaycanın memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu strategiyanın Prezident İlham Əliyev tərəfindən uğurla, müasir dövrün tələblərinə uyğun həyata keçirilməsi nəticəsində ölkəmizdə siyasi və makroiqtisadi sabitliyə nail olunub, bütün sahələr üzrə köklü islahatlar aparılıb, davamlı sosial-iqtisadi inkişafın möhkəm təməli yaradılıb. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi, müdrik rəhbərliyi ilə həyata keçirilən siyasətin nəticəsidir ki, Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü, yaxşı təchiz olunmuş və yüksək döyüş qabiliyyətli 50 ordusu sırasına daxil olub. Silahlı Qüvvələrimiz 2016-cı ilin Aprelində son illərin ilk irimiqyaslı hərbi əməliyyatlarında yüksək taktiki və strateji hazırlıq səviyyəsi və işğal altındakı torpaqlarımızın bir hissəsini qısa müddətdə azad etmək əzmi nümayiş etdirərək daha bir sınaqdan üzüağ çıxıb.

Həqiqi hərbi xidmətə yola düşən gənclərə uğurlar arzulayan İ.Abbasov əmin olduğunu bildirib ki, onlar Vətənə şərəflə xidmət edəcək, Vətənimizin təhlükəsizliyini ləyaqətlə qoruyacaqlar.

Fövqəladə Hallar Nazirliyi Akademiyasının rəisi Pənah Süleymanov qeyd edib ki, Azərbaycan Silahlı Qüvvələri yüksək döyüş hazırlığına malik peşəkar, hərbi-texniki vərdişlərə dərindən yiyələnmiş mükəmməl, vətənpərvər kadrlardan ibarətdir. Regionda ən güclü və yüksək hərbi hazırlıqlı peşəkar ordumuz istənilən döyüş tapşırığını yerinə yetirməyə qadirdir.

Yeni Azərbaycan Partiyası Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Azərbaycanın Milli Qəhrəmanı Cavanşir Rəhimovun anası Lalə Rəhimova, valideyn Zeynəb Yusifova və digər çıxış edənlər çağırışçılara xoş arzularını çatdırıb, onlara Vətənin keşiyində ayıq-sayıq dayanmağı arzulayıblar.

Çağırışçılar adından çıxış edən Bayram Dəmirçioğlu Vətənə şərəflə xidmət edəcəklərinə söz verib.

Hərbçilərin nümunəvi çıxışlarından sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpüb, müqəddəs “Qurani-Kərim”in altından keçərək Fövqəladə Hallar Nazirliyi Akademiyasının orkestrinin səsləndirdiyi hərbi marşın sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.