Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Gəncəli gənclər Vətənə sədaqət andı içiblər

13 Aprel 2018
Gəncədə gənclərin bir qrupunun həqiqi hərbi xidmətə yolasalma mərasimi keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Azərbaycan vətəndaşlarının müddətli həqiqi hərbi xidmətə çağırılması ilə bağlı Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən keçirilən mərasim “Zəfər tağı” önündə təşkil olunub.

Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhər Kəpəz rayon şöbəsinin rəisi Vüqar Mirzəyev, Nizami rayon şöbəsinin rəisi Emin Bağırov, Kəlbəcər rayon şöbəsinin rəisi Zöhrab Camalov, Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin Gəncə şəhər filialının sədri Məmməd Rəhimov və digərləri iştirak ediblər.

Mərasimdə çıxış edənlər hərbi xidmətə yola salınan gəncləri təbrik edərək dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

Gənclərə Vətənin keşiyində ayıq–sayıq dayanmaları, komandirlərin hər bir tapşırığını səylə yerinə yetirmələri, qətiyyətlə və vicdanla Vətənə xidmət etmələri tövsiyə olunub.

Sonra hərbi xidmətə yola salınan gənclərin valideynləri çıxış edərək, övladlarının hərbi xidmətə yollanmasına görə qürur duyduqlarını söyləyiblər.

Sonda ordu sıralarına yola düşən gənclər Azərbaycan bayrağını öpərək, Vətənə sədaqət andı içiblər.