Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Həqiqi hərbi xidmətə çağırış davam edir

13 Aprel 2018
 

“Azərbaycan Respublikası vətəndaşlarının 2018-ci il aprelin 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması” və “Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 mart tarixli Sərəncamının icrası ilə əlaqədar respublikamızın şəhər və rayonlarında çağırışçıların təntənəli surətdə həqiqi hərbi xidmətə yola salınması mərasimləri davam edir.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən AZƏRTAC-a bildiriblər ki, həqiqi hərbi xidmətə yola salınması mərasimlərində mərkəzi və yerli icra hakimiyyət orqanlarının, ictimaiyyətin, KİV-lərin və QHT-lərin nümayəndələrinin iştirakı gənc çağırışçılar arasında ruh yüksəkliyi ilə qarşılanır.

Gəncləri yola salan ziyalılar, ictimaiyyətin nümayəndələri vətəni qorumaq kimi müqəddəs bir borcun yerinə yetirilməsində onlara dəyanətli, əzmkar olmalarını, komandirlərin əmrlərini vaxtlı-vaxtında yerinə yetirmələrini tövsiyə edir, hərbi xidməti şərəflə bitirmələrini arzulayırlar.

Mərasimlərdə çıxış edən valideynlər, müharibə veteranları və ictimaiyyətin nümayəndələri Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi tarixi yoldan, Ordumuzun formalaşmasında və güclənməsində xalqımızın ümummilli lideri Heydər Əliyevin və onun siyasi xəttini layiqincə davam etdirən Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdikləri işlərdən söz açırlar.

Hərbi xidmətə yola düşən gənclər adından çıxış edənlər Vətən və xalqımız qarşısında xidməti borclarını şərəflə yerinə yetirəcəklərini, torpaqlarımızın azad edilməsi naminə Ali Baş Komandanın hər bir əmrinə hər an hazır olacaqlarını söyləyirlər.