Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Masallı gəncləri hərbi xidmətə yüksək əhval-ruhiyyə ilə yola düşüblər

13 Aprel 2018
Masallı şəhərindəki Bayraq Meydanında gənclərin müddətli həqiqi hərbi xidmətə yola salınması münasibətilə keçirilən mərasimdə rayon rəhbərliyi, hüquq mühafizə orqanlarının nümayəndələri, idarə, müəssisə və təşkilatların rəhbərləri, müəllimlər, məktəblilər, KİV-lərin və ictimaiyyətin təmsilçiləri, valideynlər iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbirdə çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti Masallı rayon şöbəsinin rəisi Fəxrəddin Mirzəliyev iki il əvvəl Aprel döyüşlərində Azərbaycan Ordusunun düşmənə ağır zərbə vurduğunu bildirib. Qeyd olunub ki, Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.

Mərasimdə Yeni Azərbaycan Partiyası Masallı rayon təşkilatı Gənclər Birliyinin sədri Məmmədhüseyn Hüseynov, çağırışçı Rüfət Əliyev, valideyn Şamil Məmmədov və başqaları çıxış ediblər.

Tədbirdə hərbi-vətənpərvərlik mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Çağırışçı gənclər Azərbaycan bayrağı önündə sədaqət andı içərək, yüksək əhval-ruhiyyə ilə xidmət edəcəkləri hərbi hissələrə yola düşüblər.