Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Şri-Lanka parlamentinin fəaliyyəti dayandırıldı

13 Aprel 2018
Şri-Lanka Prezidenti Maytripala Sirisena ölkə parlamentinin işini gələn ayın 8-dək dayandırmaq barədə qərar qəbul etmişdir. Bu barədə “Röyter” agentliyi xəbər verir.

Nazirlərdən birinin dediyinə görə, qanunvericilik orqanının işində fasilə o deməkdir ki, parlamentin bütün komitələri fəaliyyətini dayandıracaq, yeniləri isə parlament fəaliyyətini bərpa edəndən sonra təyin olunacaq.

Xatırladaq ki, cari ayın 4-də Şri-Lanka parlamenti Baş nazir Ranil Vikramasinqxenin istefaya göndərilməsinin əleyhinə səs vermişdir. Hökumət başçısının rəqibləri onu səhm bazarında dələduzluğu aradan qaldıra bilməməkdə ittiham edirdilər.

Prezidentin 16 tərəfdarı, o cümlədən bir neçə nazir hökumət başçısının istefaya göndərilməsinə tərəfdar çıxmışdır. Agentliyin məlumatına görə, onlar Prezidentin və Baş nazirin rəhbərlik etdikləri partiyalardan ibarət koalisiyadan çıxmaq barədə qərar qəbul etmişlər. Dövlət başçısı əsas nazirliklərə nəzarət etmək üçün müvəqqəti olaraq dörd nazir təyin etmişdir.