Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsi 28 santimetr azalıb

13 Aprel 2018
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin verdiyi məlumata görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 90-150, Kiçik Qafqazın çaylarında 60-120, Lənkəran-Astara çaylarında 10-30, Naxçıvan Muxtar Respublikası çaylarında isə 30 faizini təşkil edir.

Departamentdən AZƏRTAC-a bildirilib ki, aprelin 13-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 5 santimetr artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 483 kubmetr olmaqla ongünlük normanın 65 faizini təşkil edir. 2017-ci ildə isə bu rəqəm saniyədə 258 kubmetr təşkil etməklə ongünlük normanın 35 faizinə bərabər olub.

Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 28 santimetr azalma müşahidə olunub. Hazırda məntəqədə su sərfi saniyədə 126 kubmetr olmaqla ongünlük normanın 75 faizini təşkil edir. Ötən il isə bu göstərici saniyədə 84 kubmetr təşkil edərək ongünlük normanın 50 faizinə bərabər olub.

Aprelin 13-də Kür çayının aşağı axınında suyun səviyyəsində əsasən azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 10, Şirvanda 12, Salyanda 18, Araz çayının Novruzlu məntəqəsində 3 santimetr azalma qeydə alınıb, Bankədə isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.

Hazırda Surra məntəqəsində suyun səviyyəsi 337 (2017-ci il aprelin 13-də 410 sm), Şirvanda 203 (2017-ci il aprelin 13-də 247 sm), Salyanda 129 (2017-ci il aprelin 13-də 204 sm), Bankədə 167 (2017-ci il aprelin 13-də 183 sm), Araz çayının Novruzlu məntəqəsində isə 60 santimetr (2017-ci il aprelin 13-də 103 sm) təşkil edir.