Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Abşeronlu gənclər Vətənin keşiyində ayıq-sayıq dayanmağa söz veriblər

13 Aprel 2018
Prezident İlham Əliyevin müvafiq Sərəncamına uyğun olaraq, aprelin 1-dən etibarən ölkəmizin hər yerində olduğu kimi, Abşeron rayonunda da gənclərin həqiqi hərbi xidmətə çağırışı başlayıb.

AZƏRTAC xəbər verir ki, aprelin 13-də Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti idarəsinin birgə təşkilatçılığı ilə rayonun çağırışçı gənclərinin hərbi xidmətə yola salınması mərasimi keçirilib.

Xırdalan şəhərində yerləşən Heydər Əliyev parkında keçirilən yolasalma mərasimində rayon rəhbərliyi, ictimaiyyət nümayəndələri, ziyalılar, ağsaqqallar, şəhid ailələri, Qarabağ qaziləri və valideynlər iştirak ediblər.

Əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülüb.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımız uğrunda canlarını fəda etmiş şəhidlərin xatirəsinin yad olunması ilə başlayıb.

Abşeron Rayon İcra Hakimiyyəti başçısının müavini İlham Quliyev hərbi xidmətə yola düşən gəncləri təbrik edərək, dövlət müstəqilliyinin qorunmasında, eyni zamanda, gənclərin bir şəxsiyyət kimi formalaşmasında milli ordumuzun əhəmiyyətindən söz açıb, ölkəmizin təhlükəsizliyinin və müdafiəsinin təmin olunmasında Azərbaycan Ordusunun müstəsna rolundan danışıb.

İlham Quliyev gənclərə Vətənin keşiyində ayıq-sayıq dayanmağı, ölkəmizin ərazi bütövlüyünü möhkəm qorumağı, hərb işinin sirlərinə mükəmməl yiyələnməyi tövsiyə edib, Vətəni göz bəbəyi tək qorumağın müqəddəs və məsuliyyətli vəzifə olduğunu çağırışçıların diqqətinə çatdırıb.

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Abşeron rayon şöbəsinin zabiti Ceyhun Nəbiyev hərbi xidmətin hər bir gənc üçün müqəddəs borc olduğunu deyib. O, Vətən qarşısında borcunu yerinə yetirməyə yola düşən çağırışçıların valideynlərini və yaxınlarını təbrik edərək, əmin olduğunu bildirib ki, övladları ordu sıralarında ləyaqətlə xidmət keçməklə, hərb işinin sirlərinə dərindən yiyələnəcək, torpağımızın keşiyində ayıq-sayıq dayanacaqlar.

Daha sonra valideynlər, müharibə veteranları və ictimaiyyət nümayəndələri çıxış edərək həqiqi hərbi xidmətə yola salınan çağırışçılara uğurlar arzulayıblar.

Gənclər də öz növbəsində Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini şərəflə qoruyacaqlarına söz veriblər.

Çıxışlardan sonra çağırışçı gənclər Azərbaycan bayrağını öpərək musiqi sədaları altında ruh yüksəkliyi ilə ordu sıralarına yola düşüblər.