Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dmitri Kumsişvili: “Kəmər - yol” təşəbbüsü bir çox ölkələrin diqqət mərkəzindədir”

13 Aprel 2018
“Bu gün bir çox ölkələrin diqqət mərkəzində olan “Kəmər - yol” təşəbbüsü bizim üçün çox böyük əhəmiyyət kəsb edir. Düşünürəm ki, bu layihə bütün iştirakçı ölkələr, eləcə də digər maraqlı tərəflər üçün fayda gətirəcək”.

AZƏRTAC xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstan Baş nazirinin birinci müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Dmitri Kumsişvili söyləyib.

Nazir bildirib ki, bu gün Cənubi Qafqaz regionunda bir sıra vacib layihələr həyata keçirilir. İnkişaf etmiş və dünyanın digər aparıcı dövlətləri bu layihələrin gələcəyinə inanır. Həmin dövlətlər “Kəmər - yol” təşəbbüsünün də əhəmiyyətini görürlər. Onlar da bu təşəbbüsün regional əməkdaşlıq, infrastruktur və ölkələr arasında nəqliyyat əlaqələrinin inkişafına töhfə verəcəyinə inanırlar.

“Kəmər - yol” təşəbbüsü bütün iştirakçılar üçün yeni iş yerlərinin yaradılması, biznes və sosial rifah üçün yeni imkanlar açacaq. Böyük investisiyalar tələb edən bu təşəbbüs qanunvericiliyin yaxınlaşdırılması ilə yanaşı gömrük prosedurlarını da sadələşdirəcək”, - deyə Kumsişvili vurğulayıb.