Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin Gənclər Şurasının üçüncü konfransı keçirilir

13 Aprel 2018
Aprelin 13-də Bakıda Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) Gənclər Şurasının üçüncü konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, konfransın məqsədi AQEM-ə üzv ölkələrin gəncləri arasında əlaqələrin gücləndirilməsi və bu ilin mayında keçiriləcək dövlət başçılarının zirvə görüşünə təqdim etmək üçün təşkilat çərçivəsində gənclər sahəsində əməkdaşlığın inkişafına dair qətnamənin hazırlanmasıdır.

İki gün davam edəcək konfransda sülh, təhlükəsizlik və dayanıqlılıq kontekstində gənclər arasında beynəlxalq əməkdaşlıq mövzusunda müzakirələr aparılır. Bu mövzunun seçilməsinə əsas yaradan AQEM yüksək zirvələrinin qərarları və 2015-ci ildə BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi və bu təşkilat tarixində ilk dəfə gənclərin sülh quruculuğu prosesində müsbət rolunun əhəmiyyətini vurğulayan 2250 nömrəli qətnamədir. Həmçinin beynəlxalq tədbirlərə ev sahibliyi etmənin ölkənin inkişafına töhfələri, “2030 Dayanıqlı İnkişaf Gündəliyi”nin icrasında gənclərin rolu, dövlət başçılarının zirvə görüşünə təqdim ediləcək qətnamənin hazırlanması məsələləri də müzakirəyə çıxarılıb.

Konfransın açılış mərasimində Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, həmçinin Bəhreyn, Banqladeş, Çin, Misir, Türkiyə, İndoneziya və Vyetnamın nümayəndələri çıxış ediblər. Çıxışlarda bildirilib ki, müxtəlif mövzularda keçirilən beynəlxalq tədbirlərə ev sahibliyi etmək ölkə iqtisadiyyatı, həmçinin onun dünyada tanınması baxımdan çox əhəmiyyətlidir. Asiya regionu bir çox beynəlxalq tədbirlərə, o cümlədən gənclər forumlarına, idman yarışlarına ev sahibliyi etməkdədir. Belə ki, Çin, Rusiya, Türkiyə, Koreya Respublikası, Azərbaycan kimi ölkələr mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi etməklə Asiya regionunun yeni çağırışlara uyğunlaşdırılmasına mühüm töhfə veriblər. Çinin, Rusiyanın, Koreya Respublikasının Olimpiya Oyunlarına, Türkiyənin, Rusiyanın, Azərbaycanın “Eurovision” mahnı müsabiqələrinə, ölkəmizin Gənclər Siyasəti üzrə I Qlobal Foruma və digər mötəbər tədbirlərə ev sahibliyi etməsinin bu baxımdan önəmi xüsusi vurğulanıb.

Diqqətə çatdırılıb ki, son üç ildə Bakı birinci Avropa, IV İslam Həmrəyliyi oyunları, Formula 1 Qran-Pri yarışları, 42-ci Ümumdünya Şahmat Olimpiadası, 41-ci dünya skaut konfransı kimi mötəbər beynəlxalq tədbirlərə ev sahibliyi edib. Bakı “Ekspo-2025” Ümumdünya Sərgisinə ev sahibliyi etmək üçün namizədliyini irəli sürüb. Ümumdünya Sərgisi bütün mədəniyyətlərə bərabərlik və hörmət prinsipinə əsaslanan müxtəlifliyi sərgiləmək üçün mühüm beynəlxalq platformadır. Bu sərgilər qlobal müzakirələr və əməkdaşlıq üçün beynəlxalq ictimaiyyəti vahid məkanda bir araya gətirir. Ötən il Qazaxıstan Ümumdünya Sərgisinə uğurla ev sahibliyi edib. 2020-ci ildə bu mötəbər sərgi Dubayda keçiriləcək. Bütün bu beynəlxalq tədbirlərin regionda sülhü, sabitliyi və inkişafı təşviq etdiyi nəzərə alınaraq, belə mövzuda müzakirələrin keçirilməsi gənclərin bu sahəyə töhfələrinin üzə çıxarılması baxımından çox əhəmiyyətlidir.

Qeyd olunub ki, Azərbaycan ötən illər ərzində Minilliyin İnkişaf Məqsədləri üzrə bir çox hədəfləri, xüsusilə insanların sağlamlığının qorunması, ətraf mühitin mühafizəsi, yoxsulluğun aradan qaldırılması, əhalinin təhsil imkanlarının yüksəldilməsi, gender bərabərliyinin təşviq və təmin olunması üzrə mühüm nailiyyətlər əldə edib. Azərbaycan 2015-ci ildə keçirilən Dayanıqlı İnkişaf Sammitində 2016-2030-cu illər üçün təsdiqlənmiş Dayanıqlı İnkişaf Məqsədlərinə qoşulub. Qarşıya qoyulmuş məqsəd və hədəflər dayanıqlı inkişafın iqtisadi, sosial və ekoloji aspektlərini əhatə etməklə, Minilliyin İnkişaf Məqsədlərinə əsaslanır və növbəti inkişaf istiqamətlərini müəyyənləşdirir. Azərbaycanda gəncləri Dayanıqlı İnkişaf Məqsədləri haqqında məlumatlandırmaq və onların töhfələrini üzə çıxarmaq üçün müxtəlif kampaniya və layihələr həyata keçirilir. Dayanıqlı İnkişaf Məqsədlərinə çatmaq istiqamətində aparılan işlərdə gənclərin rolu böyük əhəmiyyət daşıyır. Bu istiqamətdə səmərəli müzakirələrin aparılması, onların potensialının üzə çıxarılması və Azərbaycanın təcrübəsinin öyrənilməsi baxımından konfransın önəmi xüsusi vurğulanıb.

Qeyd edək ki, konfransın ikinci günündə iştirakçıların gənclər, idman və mədəniyyət sahələrində fəaliyyət göstərən bir sıra qurumlara məlumat turları təşkil olunacaq. Bu turlar vasitəsilə onlar həm Azərbaycan mədəniyyəti ilə tanış olacaq, həm də ölkəmizin gənclər və idman siyasəti ilə bağlı ətraflı məlumat əldə edəcəklər.

AQEM Gənclər Şurası rəsmi olaraq, 2014-cü ilin mayında Şanxayda keçirilən 4-cü AQEM Sammitində yaradılıb. Gənclər Şurasının yaradılması sammitin əsas nailiyyətləri sırasında yer alıb və yekun bəyannamədə qeyd olunub. Asiya ilə Avropa arasında tranzit əlaqələndirici ölkəyə çevrilən Azərbaycan iki qitənin nəqliyyat təhlükəsizliyində əhəmiyyətli rol oynayır. Bu kontekstdə Azərbaycan Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə çərçivəsində siyasi dialoqun və əməkdaşlığın gücləndirilməsinə böyük önəm verir və bu prosesdə fəal iştirak edir.

Azərbaycan AQEM çərçivəsində keçirilən yüksək səviyyəli tədbir və görüşlərdə, eləcə də bu qurumun Gənclər Şurasının konfranslarında fəal iştirak edir.