Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Ayaqyalın gəzmək masaj rolu oynayır

13 Aprel 2018
Ayaqyalın gəzmək müalicə üsulu kimi qısa müddətdə dünyada geniş yayılıb. Küçələrdə yatan evsiz insanlar istisna olunmaqla ayaqqabıdan imtina edənləri barefoot, yəni ayaqyalın adlandırırlar. Həmin adamların ən bahalı ayaqqabı almağa imkanları var, lakin onlar bu seçimlərini sağlamlıqlarını qorumaq məqsədilə izah edirlər.

AZƏRTAC xəbər verir ki, ayaqyalın gəzməkdən müalicə üsulu kimi istifadə etmək Almaniya, Belçika, İngiltərə və digər Avropa ölkələrində daha çox populyarlaşıb. Xarici ölkələrdə onlar üçün xüsusi parklar, gəzinti zolaqları salınıb, yollara kiçik daşlar və təmiz yumşaq qum tökülüb. Həmin sahədə gəzənlər ayaqyalın gəzməyin sağlamlığı müsbət təsir göstərdiyini söyləyir və bunu ənənəvi tibbi üsullardan biri kimi qəbul edirlər.

Pəncə altında çoxlu aktiv bioloji nöqtələr var ki, ayaqyalın gəzəndə əsas orqan və sistemlərdə əlaqəli nöqtələr masaj olunaraq daxili orqanların fəaliyyətini yaxşılaşdırır. Aparılan araşdırmalar sübut edib ki, ayaqyalın gəzmək immun sistemi, sümük və əzələləri möhkəmləndirir, stress və nevroz xəstəliklərində sinir sisteminin sakitləşməsinə kömək edir, qan dövranını yaxşılaşdırır və göbələk xəstəliklərinin yaranmasının qarşısını alır.

Yastıpəncəli uşaqlar üçün ayaqyalın gəzmək profilaktik müalicə rolu oynayır, ürək-damar xəstəliklərinin yaranmasının qarşısını alır, beynin fəaliyyətini və yaddaşı gücləndirir. Lakin bəzi xəstəliklər zamanı, xüsusilə diabet xəstələri, böyrək xəstəliyindən əziyyət çəkənlərə ayaqyalın gəzmək məsləhət görülmür.