Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir

13 Aprel 2018
Aprelin 13-də Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasında "Mövsümi allergiyalar" mövzusunda tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, klinikanın elm və tədris işləri üzrə direktor müavini, dosent Adil Nuriyev bildirib ki, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.

Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin baş allerqoloqu Cəbrayıl Məmmədov yazda meydana çıxan allergik problemlər haqqında danışıb. Bildirilib ki, bir sıra ağacların yaz fəslində tozlanması allergiyaya həssas insanlarda bu problemin əlamətlərinin baş qaldırmasına səbəb olur. Bu səbəbdən baharın gəlişi ilə allergik xəstəliklər özünü daha qabarıq büruzə verir.

Baş allerqoloq bu problemlərlə əlaqədar meydana çıxan bir sıra xəstəliklər barəsində də danışıb. Bildirilib ki, bu problemlər arasında Azərbaycanda ən çox yayılmış olanı bronxial astmadır ki, buna əhalinin təxminən 5-8 faizində rast gəlinir. Baş allerqoloq bu problemin əsasən irsi olduğunu və ya yüksək rütubətlik şəraitində yaşayanlarda daha çox meydana çıxdığını deyib. Bildirilib ki, allergiya əsasən selikli qişanın güclü qaşınması və dəri səpgiləri, ümumi zəifliklə özünü büruzə verir.

Azərbaycan Allerqoloq, İmmunoloq və İmmunoreabilitoloqlar Elmi Cəmiyyətinin prezidenti, MDB ölkələrinin Allerqoloq və Kliniki İmmunoloqlar Şurasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin professoru Amaliya Əyyubova uşaqlarda yaranan allergik problemlər haqqında danışıb. O, bütün allergik problemlərin uşaq dövründə başlandığını deyib. Bildirilib ki, gələcəkdə bu istiqamətdə daha ağır xəstəliklərlə üzləşməmək üçün problemin qarşısının zamanında, yəni kiçik yaşlarda alınması mütləqdir.

Onun sözlərinə görə statistik məlumatlara əsasən, son illər bütün dünyada allergik xəstəliklərin sayında kəskin artım müşahidə edilir. Alimlərin son araşdırmalarına görə, 2020-ci ildə Avropa əhalisinin yarısının bu xəstəliklərdən əziyyət çəkəcəyi ehtimal edilir.

Tədbir mövzu ətrafında müzakirələrlə davam etdirilib.