Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Biləsuvarda 26 yaşayış məntəqəsindən 14-də əhalinin kütləvi tibbi müayinəsi yekunlaşıb

12 Aprel 2018
Biləsuvarın səhiyyə ocaqlarında əhalinin kütləvi tibbi müayinəsi uğurla davam edir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, rayonda əhalinin profilaktik tibbi müayinəsinin mütəşəkkil keçməsi üçün bütün zəruri tədbirlər görülüb. Rayon mərkəzi xəstəxanasının cərrahiyyə, poliklinika, fizioterapiya, laboratoriya və digər şöbələrində sakinlərin müayinəsi aparılır.

Humanitar aksiyanın mütəşəkkil başa çatdırılması üçün rayon icra hakimiyyətində yaradılmış komissiya kampaniyanın gedişinə ciddi nəzarət edir, müayinələr tərtib olunan qrafikə uyğun aparılır. Aidiyyəti şəxslər, şəhər və kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliklərin rəhbərləri səhiyyə işçilərinə yaxından kömək göstərirlər.

Rayon mərkəzi xəstəxanasından bildiriblər ki, humanitar aksiya çərçivəsində əhalinin tibbi müayinəsi 3 xəstəxana, 20 həkim və tibb müəssisəsində aparılır. 100 nəfər həkim və orta tibb heyətindən ibarət 3 daimi, 1 səyyar həkim komissiyası yaradılıb. Biləsuvar şəhəri də daxil olmaqla, 26 yaşayış məntəqəsində 76 mindən çox əhalinin profilaktik tibbi müayinədən keçirilməsi nəzərdə tutulub. Artıq 14 yaşayış məntəqəsi və 52 kollektivdə müayinələr başa çatdırılıb.

Aksiya çərçivəsində indiyədək 38 min 984 nəfər rayon sakini tibbi müayinədən keçirilib. Müayinə zamanı xəstəlik aşkar olunan 3168 vətəndaş ambulator, 106 nəfər stasionar müalicəyə cəlb olunub. 32 nəfər üzərində cərrahiyyə əməliyyatı aparılıb, 30 vətəndaş isə ixtisaslaşdırılmış səhiyyə müəssisələrində müalicə olunmaq üçün Bakı şəhərinə göndərilib.