Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakı yenə dünyanın diqqət mərkəzinə çevrilir

11 Aprel 2018
 

Paytaxtımız yenidən yarım milyard izləyicisi olan “Formula-1” Azərbaycan Qran-prisinə hazırlaşır

 

Mədəniyyətlər, sivilizasiyalar və konfessiyalar arasında zəngin əməkdaşlıq ənənələri olan Azərbaycan həm də mötəbər tədbirlərin keçirilməsi üçün ideal məkan hesab olunur. Çünki qədimliklə müasirliyin qovuşduğu “Odlar yurdu” mühüm təşəbbüslərlə çıxış edir.
Ümümiyyətlə, beynəlxalq tədbirlərin keçirilməsi mürəkkəb bir mexanizmə malikdir. Təşkilatçılıq, təhlükəsizlik, iqtisadi və kommunikasiya imkanları hər zaman həlledici rola malikdir. Azərbaycanın dünyada etibarlı tərəfdaş, dünyəvi ölkə, güclü iqtisadiyyata, sabit və təhlükəsizliyə malik olması belə tədbirlərə evsahibliyi etməsi imkanlarını artırır və o, bir çox hallarda digər ölkələrlə rəqabətdə üstünlüyə sahib olur.

 

Şərqlə Qərb arasında sağlam körpü

 

Hər zaman xalqlararası və mədəniyyətlərarası dialoqu daha da inkişaf etdirmək, ona dəstək vermək, bütün insanların gələcəyi naminə mədəniyyətlərin və dinlərin qarşılıqlı dialoquna nail olmaq dövlət siyasətinin mühüm tərkib hissəsidir. Coğrafi baxımdan olduqca həssas bir regionda yerləşən Azərbaycan Şərqlə Qərb arasında sağlam körpü rolunu oynamaqdadır. Əhalisinin böyük əksəriyyətini müsəlmanlar təşkil edən ölkəmiz tolerantlığı, multikulturalizmi, tarixi, milliliyi, bəşəri dəyərlərə verdiyi töhfələrlə, ən əsası isə etibarlı tərəfdaş kimi dünya dövlətlərinin diqqətini özünə cəlb etməkdədir.
Bununla bərabər, Azərbaycan nəinki beynəlxalq idman yarışlarının keçirildiyi məkan, hətta bu yarışlarda yeni standartlar müəyyənləşdirən ölkədir. Buna “Bakı-2015” I Avropa Oyunlarını və “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarını misal gətirmək olar. Bu yarışlara yüksək səviyyədə evsahibliyi edən ölkəmiz Avropa qitəsi ilə yanaşı, islam dünyasının da lider dövləti olduğunu bir daha təsdiqlədi. Həm idmançılarımızın qazandıqları zəfərlər, həm təşkilatçılıq, həm də Bakıya gələn turistlərin, atletlərin yüksək fikirləri Azərbaycanın gücünü, bacarığını, qüdrətini bir daha nümayiş etdirdi.

 

Yarışların iqtisadi və siyasi dividendləri

 

Dünyanın idman arenalarında artıq özünə layiqli yer tutan Azərbaycanın beynəlxalq yarışlara evsahibliyi etməsində iqtisadi nailiyyətlərimiz də əsas rol oynayır. Bu gün Azərbaycan artıq dünyada yüksək templərlə inkişaf edən bir ölkəyə çevrilib. Belə tədbirlərin keçirilməsi isə Azərbaycana həm iqtisadi, həm də strateji baxımdan böyük fayda gətirir. Etibarlı tərəfdaş kimi tanınması ölkəyə investisiyaların axmasına, əməkdaşlığa açıq olması isə ölkəyə yeni texnologiyaların gəlməsinə səbəb olur.
Yarışlar ölkəmizə milyardlarla investisiyaların, milyonlarla turistin axınına yol açır. Belə beynəlxalq tədbirlərin keçirilməsi, hər hansı bir kompaniyanın və ya onun istehsal etdiyi məhsulun yalnız reklam olunması demək deyil, bütövlükdə Azərbaycanın dünyaya geniş təqdimatıdır ki, bunun da nəticəsində ölkəmiz gələcək iqtisadi perspektivlərini müəyyənləşdirir, xarici investorların və böyük turist kütləsinin diqqətini cəlb edir. Həm Avropa Oyunları, həm İslam Həmrəyliyi Oyunları, həm də iki dəfə evsahibliyi etdiyimiz “Formula-1” yarışları on minlərlə turistə Odlar yurdunu yaxından tanımaq imkanı yaratdı. Eləcə də iş adamları ölkəmizdəki geniş fəaliyyət meydanını görüb Azərbaycana yatırımlar etmək seçimi etdilər.

 

277,3 milyon dollarlıq gəlir

 

Xüsusi olaraq vurğulamalıyıq ki, “Formula-1” yarışlarının keçirilməsi sadəcə olaraq bir idman tədbiri deyil. Bu tədbirdə iştirak edən pilotlar, qonaqlar ölkəmizlə tanış olur və Azərbaycanın uğurlu inkişaf modelinin şahidinə çevrilirlər.
Belə yüksək idman tədbirləri ölkəmizə iqtisadi dividendlər qazandırır. “PricewaterhouseCoopers” (PwC) beynəlxalq audit şirkətinin apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilən “Formula-1” yarışları ölkə iqtisadiyyatına əhəmiyyətli dərəcədə müsbət təsir göstərib. Araşdırmanın nəticələrinə dair hazırlanmış hesabatda qeyd olunur ki, “Formula-1” yarışları Azərbaycan iqtisadiyyatına ümumilikdə 277,3 milyon dollar gəlir gətirib. Hesabatda göstərilən yekun məbləğ yarışlar ərəfəsində “Formula-1” ilə əlaqədar Bakıya gələnlərin xərcləri əsasında yaranmış birbaşa və dolayı gəlirləri əhatə edir.
Birbaşa gəlirlərdə əsas yeri turizm sektoru tutur. Bakıda keçirilən iki qran-pri ərəfəsində qeydə alınmış birbaşa gəlirlərin 22,7 milyon dolları məhz həmin sektorun payına düşür. Bu dövrdə birbaşa gəlirlər ümumilikdə 164,2 milyon dollar təşkil edib. Buna “Formula-1” ilə əlaqədar Bakıya gələn qonaq və yarış iştirakçılarına mehmanxana, restoran və nəqliyyat istiqamətləri üzrə təqdim olunmuş məhsul və xidmətlər, həmçinin bu məhsul və xidmətlərlə birbaşa əlaqədə yaranmış digər gəlirlər daxildir.

 

İxtisaslaşmış yerli kadr ordusu

 

Bu gün ölkəmizdə gənclərin fəaliyyətində könüllülük xüsusi yer tutur və bu sahəyə maraq olduqca böyükdür. Əslində isə könüllülük xalqımızın milli adət-ənənələri sırasında minilliklər boyu yol gələn bir norma və prinsipə çevrilən xidmətdir. Doğrudan da bu prinsip xeyirxahlıq missiyası daşımaqla hər kəsin öz iradəsinə, sərbəst seçiminə əsaslanır. Həmin xeyirxah, təmənnasız xidmət növü əxlaq kodeksinin bəndlərindən biri kimi də daim diqqət mərkəzində olub.
Ötən il “Formula-1” Azərbaycan Qran-prisində iştirak etmək üçün 10 min könüllü qeydiyyata alınmışdı. Lakin onların arasından 3 min könüllü seçilmişdi. Bu il də yarışın təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti könüllülərin xidmətindən yararlanacaq.
Ümumiyyətlə, ötən iki ildə yarım milyard tamaşaçı auditoriyası olan “Formula-1” yarışları ölkəmizin beynəlxalq idman aləmində qazandığı uğurları bir daha əks etdirdi. Digər tərəfdən, qlobal səviyyədə idman yarışlarını keçirmək üzrə ixtisaslaşmış çox sayda yerli kadr yetişdi. Minlərlə könüllü və marşal iş karyerası ilə əlaqədar arzularını bu yarış vasitəsilə reallaşdırdı. Gənclərimiz bu və ya digər şəkildə yarışın verdiyi iqtisadi və karyera imkanlarından faydalana bildilər.

 

Azərbaycan builki yarışı da mükəmməl şəkildə keçirəcək

 

Dünyanın idman paytaxtına çevrilən Bakı indi 3-cü dəfə bu beynəlxalq idman yarışı ərəfəsindədir. Aprelin 27-29-da Azərbaycan növbəti dəfə “Formula-1”ə evsahibliyi edəcək. Son iki ildə “Formula-1” Azərbaycan Qran-prisinə evsahibliyi ilə yüksək təşkilatçılıq nümunəsi göstərən ölkəmiz növbəti dəfə dünyanın ən güclü pilotlarını qarşılamağa hazırlaşır.
Bir neçə gündən sonra dünyanın müxtəlif ölkələrindən idmansevərlərin diqqəti “Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisinə yönələcək. Yüksək təşkilatçılıq bacarığı ilə seçilən Azərbaycanın builki yarışı da mükəmməl şəkildə keçirəcəyi şübhə doğurmur. Çünki ötən 2 ildə əsas qayəsi sürət, adrenalin olan “Formula-1” yarışlarına yüksək səviyyədə evsahibliyi hər kəsi heyran edib. Demək olar ki, bu yarış ölkəmiz üçün yeni yarış deyil. Əvvəlki yarışlar ölkəmizdə “Formula-1”i sevənlərin sayını daha da artırıb. Bunu alınan biletlərin sayı da təsdiqləyirdi.
Beləliklə, Bakının gözoxşayan mərkəzi küçələrində dünyanın ən sürətli avtomobillərinin gərgin mübarizəsinə 2 həftə qaldığı ərəfədə yarışın təşkilatçısı Bakı Şəhər Halqası (BŞH) Əməliyyat Şirkəti hazırlıq işlərini intensiv şəkildə davam etdirir.
Əminliklə söyləyə bilərik ki, Azərbaycan növbəti dəfə “Formula-1” yarışına yüksək səviyyədə evsahibliyi edəcək və paytaxtımıza ilk dəfə təşrif buyuracaq azarkeşlər həm maraqlı anlar yaşayacaq, həm də buradan xoş xatirələrlə ayrılacaqlar.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”