Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Synergy Baku” velosiped komandası Mərakeş Turunda uğurla çıxış edir

10 Aprel 2018
Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı Mərakeş Turunda çıxış edir. 10 günlük yarışın 4-cü mərhələsi komandamızın uğurlu nəticəsi ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, yarışın ən ağır dağ mərhələsi hesab edilən 193 kilometrlik 4-cü günündə Azərbaycanın elit yığma komandasının üzvü Samir Cəbrayılov dağ finişlərində hamıdan yaxşı çıxış edib. Bununla da velosipedçimiz Mərakeş Turunun ən yaxşı dağ velosipedçisi üçün nəzərdə tutulan xüsusi köynəyi ələ keçirib və 5-ci mərhələyə bu köynəklə başlayacaq.

Dördüncü mərhələ, həmçinin Azərbaycanın elit yığmasının digər üzvü Kiril Pozdnyakovun 193 kilometrlik məsafəni 3-cü sırada tamamlaması ilə yadda qalıb. Finişi 4 nəfərlik qrupda başa vuran təmsilçimiz 4 saat, 39 dəqiqə, 59 saniyə nəticə göstərib və yalnız fotofinişə əsasən üçüncü olub. Bununla da K.Pozdnyakov ümumi təsnifatda 13 pillə irəliləməklə 3-cü yerə yüksəlib və hazırda yarış liderindən 34 saniyə geri qalır.

Veloturun 5-ci mərhələsində iştirakçılar 142,8 kilometr məsafə qət edəcəklər. Qeyd edək ki, “Synergy Baku” bu yarışda Samir Cəbrayılov, Elçin Əsədov, Kiril Pozdnyakov, Aleksandr Polivoda, Ənvər Asanov və Elgün Əlizadə ilə təmsil olunur.