Yanvar-mart aylarında ölkəmizə gələn turistlərin sayında 12,6 faiz artım olub

Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yanvar-mart aylarında ölkəmizə gələn turistlərin sayında 12,6 faiz artım olub

10 Aprel 2018
2018-ci ilin ilk üç ayı ərzində ölkəyə gələn əcnəbi vətəndaşların sayı 12,6 faiz artıb.

Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, 2018-ci ilin üç ayı ərzində Azərbaycana 627 min 835 nəfər əcnəbi vətəndaş səfər edib ki, bu da 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 70 min 207 nəfər və ya 12,6 faiz artım deməkdir. Əcnəbi vətəndaşların 185 min 913 nəfəri yanvar, 166 min 161 nəfəri fevral və 275 min 761 nəfəri isə mart ayı ərzində ölkəmizə gəlib.

Ölkəmizə səyahət edən əcnəbi vətəndaşların sayına görə ənənəvi olaraq Rusiya (171 min 814 ), Gürcüstan (138 min 909 ), İran İslam Respublikası (99 min 158) və Türkiyə (72 min 733) ilk dörd yeri bölüşüb. Bununla yanaşı, BƏƏ (29 min 317 ), Ukrayna (11 min 847 ) və İraq (11 min 112) vətəndaşları da ölkəmizə gələnlərin sırasında seçilib.

2018-ci ilin ilk üç ayı ilə keçən ilin müvafiq dövrünü müqayisə etdikdə xüsusi artım tempinə görən seçilən ölkələr Gürcüstan (15 min 684), Rusiya (11min 188), Türkiyə (8 min 191), BƏƏ (6 min 931) və Küveyt (5 min 621) olub. Bununla yanaşı, sözügedən müddət ərzində MDB ölkələri və Gürcüstan üzrə 28 min 560 nəfər (9 faiz), Körfəz və Yaxın Şərq ölkələri üzrə 23 min 22 nəfər (15,9 faiz) və Avropa ölkələri üzrə 8 min 8 nəfər (9,4 faiz) artım müşahidə edilib.