Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sürət, həyəcan və möhtəşəm Azərbaycan Qran-prisi

10 Aprel 2018
 

Bakı 3-cü dəfə “Formula-1” yarışına hazırlaşır

 

İdman ölkəsinə çevrilən Azərbaycanda son onillikdə onlarla dünya və Avropa miqyaslı yarış keçirilib. Beynəlxalq idman federasiyalarının qərarları ilə ölkəmizdə təşkil olunan hər bir turniri, idman müsabiqəsini layiqincə təşkil edən Azərbaycan hər dəfə tarixini möhtəşəm nailiyyətlə zənginləşdirib.
Respublikamız təkcə yüksək evsahibliyi nümunəsi ortaya qoymayıb. Həm də sübut edib ki, iradə, qətiyyət olan yerdə hər şey mümkündür.
İdman sahəsində gerçəkləşdirilən dövlət siyasəti, Olimpiya ideallarının təbliği, idmanın maddi-texniki bazasının möhkəmləndirilməsi, tikilmiş müasir idman kompleksləri və digər tədbirlər nəticəsində ölkəmiz son illər mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib. Xüsusən, son onillikdə Bakıda və Azərbaycanın regionlarında ən nüfuzlu dünya və Avropa yarışları təşkil olunub.

 

Özünəməxsusluğu ilə seçilən Bakı Şəhər Halqası

 

Azərbaycan yenə beynəlxalq idman hadisəsi ərəfəsindədir. Aprelin 27-29-da Bakı növbəti dəfə dünyanın ən populyar idman tədbirlərindən biri olan “Formula-1” yarışlarına evsahibliyi edəcək. Bunun üçün Bakının mərkəzi küçələrində həyata keçirilən hazırlıq işləri demək olar ki, yekunlaşmaq üzrədir.
Xatırladaq ki, “Formula-1” dairəvi və sürətli avtoyürüş üzrə dünya çempionatıdır. 1950-ci ildən başlayaraq hər il keçirilən bu yarışın müxtəlif şəhərlərdə Qran-pri mərhələləri təşkil olunur. Bu mərhələlərdə toplanan xallara əsasən pilotlar və komandalar ilin sonunda çempionluq titulu qazanırlar. Onu da qeyd edək ki, bolid adlandırılan müasir “Formula-1” avtomobilləri bir sıra özəllikləri ilə fərqlənir. Onlar təkadamlıq olur, üstəlik, sürücü yeri və təkərləri açıqdadır. Komandalar avtomobilləri özləri istehsal etsələr də, hər biri tanınmış avtomobil markalarının motorlarını, yağını və ya istehsal etdiyi digər detalları istifadə edirlər.
Bu il də “Formula-1” yarışlarına mart ayından Avstraliyada start verilib. Pilotlar və komandalar noyabr ayına qədər 21 yarış mərhələsi keçməlidirlər. Son yarış Abu-Dabidə baş tutacaq. Azərbaycan Qran-prisi təqvimin sayca dördüncü yarışıdır. Bu dəfə Azərbaycan Qran-prisi təqvimdə ötən illərdə olduğundan əvvəldə qərarlaşıb. Artıq diqqətlər Bakıya yönəlib. Bakı isə həmişə olduğu kimi hazırdır. Amma burada bolidlər avtodromda deyil, məhz şəhərin küçələrində yarışacaqlar.

 

Dünyada “Formula-1” Bakısız təsəvvür edilmir

 

“Formula-1”in rəsmi saytında bu il yarışın mərhələlərinin keçiriləcəyi bütün ölkələr sadalanıb və Bakı mərhələsi Azərbaycan Qran-prisi adlandırılıb. Bu isə o deməkdir ki, Bakı Avropanın paytaxtı olacaq. Ümumiyyətlə isə, Bakı artıq “Formula-1” yarışlarının yeni ünvanı deyil. Çünki artıq üçüncü dəfədir ki, bu yarış Azərbaycanın paytaxtında keçirilir. Artıq dünyadakı “Formula-1” həvəskarları bu yarışı Bakısız təsəvvür etmirlər. Xüsusi olaraq inşa olunmuş Bakı Şəhər Halqası isə “Formula-1” yarışlarında özünəməxsusluğu ilə seçilir. Bakı Şəhər Halqasının, trekin uzunluğu 6 kilometrdən bir qədər artıqdır. Bu, uzunluğuna görə dünyada ikincidir.
Şübhəsiz ki, Azərbaycan Qran-prisi ötən mövsümlərdə olduğu kimi, 2018-ci il “Formula-1” mövsümünün də maraqlı tədbirlərindən olacaq. Həftənin sonuna düşən yarış günlərində peşəkar avtopilotların idarə etdiyi bolidlər Bakının gözoxşayan mərkəzi küçələrindən keçəcəklər.

Unikal xüsusiyyətlərə sahib Bakı Şəhər Halqası İçərişəhərin qala divarları ətrafında tam yeni bir macəranın enişli-yoxuşlu dar keçidləri ilə yanaşı, sahil boyu müasir göydələnlərə və Xəzər dənizinə möcüzəvi mənzərənin açıldığı geniş sürət zolağını özündə birləşdirən, bütövlükdə Bakının ecazkar simasını unikal bir trek kimi nəzərdə tutulub. Beləliklə, Bakının mərkəzində sürət və həyəcan bir araya gələrək “Formula-1” yarışının mahiyyətini tam simvolizə edəcək.

 

Həyəcan dolu anlar

 

Qeyd edildiyi kimi, Bakı Şəhər Halqası şəhərin tam mərkəzindən və ən gözəl məkanlarından keçir. Təşkilatçılar trekin marşrutunu seçərkən məhz bu məqamı qarşıya məqsəd qoyublar. “Formula-1” Bakı Qran-prisi Azadlıq meydanından start götürəcək və burada da başa çatacaq. Trekdə yarış avtomobillərinin hərəkəti saat əqrəbinin əks istiqamətində olacaq.
Trekin birinci və üçüncü döngəsi pilotlara ötmə üçün əla şərait yaradacaq. Şəhər treklərində çox nadir hallarda iki uzun sürətlənmə xətti görmək olar. Üçüncü döngədən sonra pilotlar sol tərəfə - Bülbül prospektinə doğru yol alacaqlar. Təxminən 240 metrlik məsafəni düz keçdikdən sonra 90 dərəcəli sağ döngə ilə qarşılaşacaqlar. Burada pilotlar Zərifə Əliyeva küçəsinə dönəcək və kiçik bucaqlı döngədən sonra 350 metr uzunluğunda məsafə qət edəcəklər. 5-ci və 6-cı döngələr pilotları Neftçilər prospektinin əks istiqamətindəki yola yönəldəcək. Bura trekin iki fərqli hissəsinin yan-yana olduğu bölmədir. Təxminən 300 metr məsafədə “Formula-1” bolidləri eyni küçədə əks istiqamətlərdə hərəkət edəcəklər, onları yalnız baryerlər ayıracaq.
Yeddinci döngədən sonra pilotlar Əziz Əliyev küçəsi ilə İçərişəhərin qala divarlarına tərəf yönələcəklər. Bu yolda trek qismən səki hesabına genişləndirilib. Burada bolidlər 500 metrə yaxın məsafəni ensiz küçələrdə qət edəcəklər. Trekin 8-ci döngəsindən 12-ci döngəsinədək olan hissəsində yarış çox maraqlı anlara sahib olacaq. Çünki burada yol daralıb və yalnız ən sürətlə hərəkət edən bolid birinci keçəcək. 12-ci döngədən 15-ci döngəyə qədər olan hissədə, İstiqlaliyyət küçəsində bolidlər yüksək sürətlə hərəkət edəcək. 13 və 14-cü döngələr kiçik bucaqlı olduğundan buradan pilotlar, demək olar ki, əyləc sistemindən istifadə etmədən keçəcəklər. Bu küçədə pilotları Milli Elmlər Akademiyasının binası, sonra isə onları 15-ci döngədə Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyası qarşılayacaq. 12-ci döngədən 15-ci döngəyədək olan məsafə 850 metrdir. 15-ci döngəyə yaxınlaşdıqca yarışın həyəcanı daha da artacaq. Çünki bu döngədən sonra pilotları kəskin eniş gözləyir. Bu enişdə Xəzər dənizinin sahilboyu ərazilərinə tərəf gözəl mənzərə açılır. Burada 300 metr uzunluğunda ikinci xüsusi asfalt örtüyü salınıb. Trekin 16-cı döngədən düz xətt boyunca davam edən hissəsində yarış möhtəşəm keçəcək və burada sürət maksimal həddə çatacaq. Bu döngə pilotları yenidən Neftçilər prospektinə yönəldəcək. Pilotlar yalnız 17-ci və 18-ci döngələrdə sürəti bir az azaldacaqlar. Qız qalasının yanındakı 19-cu döngədən sonra pilotlar 1500 metr məsafə qət edərək 20-ci və daha sonra yenidən 1-ci döngəyə gəlib çatacaqlar. Trekin məhz bu hissələrində bolidlərin sürətinin ən yüksək həddə - 340 kilometrsaata çatacağı gözlənilir.
İdman mütəxəssislərinin fikrincə, Bakı trekini yalnız Sinqapur treki ilə müqayisə etmək olar, lakin burada bolidlərin sürəti Sinqapurdakından daha yüksək olacaq. Əlavə edək ki, Bakıda trekin ən geniş yeri 13 metrdir, ən dar hissəsi İçərişəhər ətrafında və 7-ci və 8-ci döngələrdə 7,6 metr təşkil edəcək.

 

Mükəmməl infrastruktura malik trek

 

Azadlıq meydanı yarışın başlayıb bitdiyi yer olduğu üçün trekin əsas hissəsini təşkil edəcək. Burada inşa olunan Paddok arenasında yarışa nəzarət binası, Beynəlxalq Avtomobil Federasiyasının, “Formula-1” rəhbərliyinin ofisləri, eləcə də 22 iştirakçının hər biri üçün 2 ədəd olmaqla 44 dayanacaq tikilib. İkinci mərtəbə Paddok klubunun üzvləri üçün nəzərdə tutulub. Onlar yarışı 2500-dək izləyici tutumuna malik məkandan izləyəcəklər. Paddok klubunun üzvləri burada pit-stop əməliyyatlarını da rahatlıqla izləyə biləcəklər. Məhz bu ərazidə yarışın startı və finişi olacaq. Qaliblər isə pit binasının podium hissəsində mükafatlandırılacaqlar.
“Formula-1” bütün dünyada maraqla izlənən əsas idman yarışlarından biridir. Bu idman növünün də dünyada milyonlarla azarkeşi var. Elə ölkəmizdə bu avtomobil yarışmasına maraq kifayətdir. Digər tərəfdən, “Formula-1” Bakı mərhələsini izləmək üçün xarici ölkələrdən xeyli sayda turistin gələcəyi gözlənilir. Bu baxımdan yarışın təşkilat komitəsi tamaşaçıların avtoyürüşü rahat və təhlükəsiz izləmələri üçün mühüm işlər görüb. Trekin 9 yerində tamaşaçı tribunaları quraşdırılıb.

 

Yarışı 30 min azarkeş yerindən izləyəcək

 

Yarışın əsas tribunası Abşeron adlanır. Azadlıq meydanına yaxın quraşdırılan bu tribunadan yarışın ən həlledici məqamlarını izləmək mümkündür. Çünki buraya bilet alanlar start düzülüşü və finiş xəttini yaxından izləyə biləcəklər.
Xəzər tribunası Muzey Mərkəzinin yanında yerləşir. Xəzər tribunasında olan izləyicilər bolidlərin start-finiş xəttinə doğru saatda 300 kilometri aşan sürətlə hərəkətini yaxından müşahidə etmək imkanı əldə edəcəklər.
Bulvar tribunası da Xəzər tribunası ilə eyni səmtdədir. Buradan da bolidlərin start-finiş xəttinə doğru saatda 300 kilometri aşan sürətlə hərəkətini izləmək imkanı olacaq.
Dənizkənarı park boyunca davam edən sürət xətti üzərində 20-ci döngədə yerləşən Sahil tribunasında tamaşaçılar yolun iki müxtəlif hissəsini eyni anda izləmək imkanına malik olacaqlar. Trekin bu tribunadan görünən hissəsində bolidlər həm soldan sağa doğru start-finiş istiqamətində tam sürətlə, həm də trekin digər tərəfində 5-ci və 6-cı döngələri asan keçmək üçün aşağı sürətlə hərəkət edəcəklər. Bu da öz növbəsində tamaşaçılara avtomobil və sürücüləri yaxından izləmək üstünlüyü verəcək.
Muğam tribunası Kukla Teatrının qarşısında quraşdırılıb. Azarkeşlər bu tribunadan yolun çarpaz hissəsində görüşən bolidləri eyni anda müşahidə edə biləcəklər. Muğam tribunasının qarşısında bolidlər həm soldan sağa doğru start-finiş istiqamətində, həm də buna əks istiqamətdə, sağdan sola doğru 7-ci döngəyə tərəf, şəhərin tarixi hissəsinə dönənədək tam sürətlə hərəkət edəcək.
İçərişəhər tribunası Qala qapılarının yanında yerləşir. Bu tribuna yarışı izləməklə yanaşı, qədim şəhərin gözəlliklərinə də tamaşa etmək baxımından unikal mövqeyə malikdir. Burada tamaşaçılar yarışın ən həyəcanlı anlarından birini izləyəcəklər.
Filarmoniya tribunasında isə tamaşaçılar Filarmoniya bağının qarşısında, trekdəki kəskin enişin 16-cı döngəyə keçdiyi hissədə baş verəcək gərgin mübarizəni izləmək imkanına malik olacaqlar.
Azneft tribunası Azneft dairəsi ətrafında yarışı yaxından izləməyə imkan verən mükəmməl mövqedə yerləşir. Buraya bilet alan tamaşaçılar Dənizkənarı parkın Bakı tennis və yaxt klublarına yaxın olan hissəsindəki 16-cı döngəni ən yaxşı yerdən müşahidə etmək imkanına malik olacaqlar. Trekin eniş hissəsinin düz qurtaracağında yerləşən Azneft tribunasında tamaşaçılar bolidlərin 16-cı döngəyə qədər amansız rəqabətini, kəskin dönüşlərini və döngənin ardınca sahil boyu uzanan sürət zolağında ötüşməsini izləyəcəklər. Bu tribuna aşağı və yuxarı hissələrdən ibarətdir.
Qız qalası tribunasında isə bu tarixi abidənin mənzərəsi fonunda bolidlərin ən sürətli hərəkətini seyr etmək imkanı yaranacaq. Bu tribunada olan yarış həvəskarları bolidlərin buradan 18-ci döngəyə tərəf son sürətlə hərəkətini və onların Qız qalasının tam qarşısından keçməklə sürət zolağı boyunca davam edəcək gərgin mübarizəsini izləyə biləcəklər.
Ümumilikdə 30 minə yaxın tamaşaçı eyni anda yarışı tribunalardan canlı izləyə biləcək. Reallıq da ondan ibarətdir ki, Bakı Şəhər Halqası möhtəşəm trekdir. 20 müxtəlif çətinlikli döngələri, dar keçidləri və ən maraqlısı, 2,2 kilometr sahilboyu hissədə 340 kilometr-saat sürətə çatmağa imkan verən sürət hissəsi ilə Bakı Şəhər Halqası cari “Formula-1” təqvimində ən sürətli treklərdən olacaq.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”