Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan Respublikasının Gənclər Fondunun fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında

10 Aprel 2018
 

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

 

“Azərbaycan Respublikasında gənclər siyasəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 7 mart tarixli 1871 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Gənclər Fondu publik hüquqi şəxs yaradılmışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, gənclər siyasətinin prioritet istiqamətlərindən irəli gələn layihə və proqramların icrası, o cümlədən gənclərin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə qərara alıram:

1. Gənclərin təhsil, məşğulluq, innovasiya fəaliyyəti, beynəlxalq əməkdaşlıq, asudə vaxtın səmərəli təşkili, ictimai fəal gənclərin stimullaşdırılması istiqamətində həyata keçirilən layihələrin maliyyələşdirilməsi üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Azərbaycan Respublikasının Gənclər Fonduna 3,0 (üç) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 9 aprel 2018-ci il