Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dövlətin idman siyasətinə mühüm töhfə

10 Aprel 2018
 

AAAF hədəflərinə doğru inamla, ilhamla irəliləyir

 

Azərbaycan idman ölkəsidir. Respublikamızda idmanın inkişafı üçün yaradılan şərait dünya miqyasında qəbul olunur və təqdir edilir. Mötəbər beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında əldə edilən nəticələr, həmçinin ölkəmizdə hər il təşkil olunan yüzlərlə yarışların ən yüksək şəraitdə təşkili, göstərilən beynəlxalq etimad Azərbaycanın idman ölkəsinə çevrilməsinin bariz nümunəsidir.

Ölkəmizdə sahibkarlığın inkişafına da dövlət səviyyəsində dəstək verilir. Bunun nəticəsində ayrı-ayrı iş adamları, şirkətlər böyük layihələr həyata keçirirlər.  Yatırılan sərmayə baxımından ən iri layihələrdən biri olan AAAF Park Yaşayış Kompleksi də bu qəbildəndir. Bu kompleks çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, təkrarolunmaz bir modern yaşayış ünvanıdır.

İnsanların rahatlığı, firavan yaşayışı üçün bütün imkanlar yaradılan bu məkan, eyni zamanda bir idman layihəsidir. Belə ki, Xırdalan və Astaradakı AAAF Park yaşayış komplekslərində, o cümlədən Şüvəlanda yerləşən ağır atletika zalları ağırlıqqaldırma üzrə Azərbaycan milli yığma komandasının əsas məşq bazalarıdır.  Xırdalandakı zal həm də Azərbaycan ağır atletikasının lokomotivi olan “Zirvə” İnternational Sport Clubs-ın (İSC) mərkəzi bazasıdır. Burada ağır atletika ilə yanaşı, futbol, cüdo, bədii gimnastika, karate, şahmat, taekvondo ilə məşğul olmaq üçün şərait var. Aprelin 8-dən  onların sırasına daha bir idman növü - üzgüçülük də qoşuldu.

Həmin gün burada müasir üzgüçülük kompleksi - “AAAF Pool & Spa”nın təntənəli açılış mərasimi keçirildi. Tədbirdə yüzlərlə sakin və qonaq, Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ qaziləri, AAAF Park Yaşayış Kompleksinin və “Zirvə” İSC-nin rəhbər şəxsləri iştirak edirdilər.

Əvvəlcə kompleksin açılış rəmzini bildirən qırmızı lent kəsildi. Bu hüquq yeniyetmələr arasında ağır atletika üzrə Avropa çempionları olmuş 4 idmançı - Səbinə Əzimova, Rüstəm Qasımov, Füqan Əliyev və Tarmenxan Babayevə verildi. Daha sonra tədbir iştirakçıları içəri keçərək komplekslə tanış oldular.

Ən müasir standartlara uyğun üzgüçülük kompleksi öz multifunksionallığı ilə seçilir. Burada yaradılmış 100 yerlik tamaşaçı tutumuna malik 6 sıradan ibarət hovuzun uzunluğu 25 metr, dərinliyi isə 1,5 - 1,7 metrdir. Hovuz həm idman yarışlarının keçirilməsi, həm də insanların istirahəti üçün yararlıdır.

Kompleksdə 3 sadə və 2 VİP olmaqla 5 masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, 3 VİP otaq da xidmətə açıqdır.

Kompleksdə həmçinin 20 nəfərin eyni zamanda məşğul ola biləcəyi fitnes mərkəzi də var. Ən müasir avadanlıqlarla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.

Mərasim iştirakçıları gördüklərindən razı qalıb, görülən işlər və yaradılan şəraiti təqdir ediblər. Kompleks ilə tanışlıqdan sonra mərasimin rəsmi hissəsi başlayıb. AAAF Park Yaşayış Kompleksinin təsisçisi Tofiq Heydərov və “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov çıxış ediblər. Onlar Azərbaycanda idmana və biznesə yaradılan şəraitdən danışıb, inkişaf üçün bütün imkanların olduğunu qeyd ediblər. Diqqətə çatdırılıb ki, bu yeni üzgüçülük kompleksi həm də “Zirvə” İSC və Azərbaycan Ağır Atletika Federasiyasının təlim-məşq bazası funksiyasını yerinə yetirəcək.

 Natiqlər onu da bildiriblər ki, ölkəmizdə hökm sürən sabitlik böyük idman layihələrinin də həyata keçirilməsinə təkan verir və açılışında iştirak etdiyimiz üzgüçülük kompleksi də bu prosesin hissəsidir. Onların vurğuladığı kimi, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi uğurlu siyasət və bunun davamı olaraq bu gün idmana göstərilən diqqət və qayğı Azərbaycanı işıqlı gələcəyə aparır.  Çıxış edənlər aprelin 11-də keçiriləcək prezident seçkilərində bütün AAAF Park sakinlərini və tədbir iştirakçılarını aktiv iştirak etməyə və ən layiqli namizədə səs verməyə dəvət ediblər.

Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əzimova da çıxış edərək ürək sözlərini bildirib. 17 yaşlı atletimiz onlara yaradılan yüksək şəraitdən danışıb, məşq etmək və uğurlar qazanmaq üçün bütün imkanlara malik olduqlarına görə ölkə rəhbərliyinə, “Zirvə” İSC və  Azərbaycan Ağır Atletika Federasiyasına öz minnətdarlığını ifadə edib.

Sonra mərasim bədii hissə ilə davam edib. Azərbaycan Respublikasının xalq artistləri Nazpəri Dostəliyeva və Bilal Əliyev gözəl mahnılar ifa edərək qonaqlara və sakinlərə xoş ovqat bəxş edib, onların gözəl vaxt keçirməsinə nail olublar.

Qeyd edək ki, bundan əvvəl Sumqayıt şəhərindəki  Heydər Əliyev prospektində və Bakıda Azadlıq prospektində yeni ağır atletika kompleksləri istifadəyə verilib. Bütün bunlar “Zirvə” İSC və Azərbaycan Ağır Atletika Federasiyasının ölkə idmanına verdiyi böyük töhfələrdir. Bütün bunların davamı olaraq dünən Lənkəranda yeni idman kompleksinin açılışı oldu. Bu gün isə Lerikdə növbəti idman kompleksi istifadəyə veriləcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”