Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Formula 1 yarışı ərəfəsində trekin yaxınlığından keçən ictimai nəqliyyat vasitələri intensiv fəaliyyət göstərəcək

09 Aprel 2018
 

Aprelin 27-29-da Bakının mərkəzi küçələrində keçiriləcək Formula 1 Azərbaycan Qran-Prisi ərəfəsində tamaşaçıların trekə, Dənizkənarı Bulvarda yerləşən “F1 Şəhərciyi”nə və bilet aldıqları tribunalara asan şəkildə yaxınlaşmasını təmin edəcək ictimai nəqliyyat vasitələri müəyyənləşib. Yarış ərəfəsində Bakının mərkəzi küçələrində nəqliyyatın fasiləsiz hərəkətini təmin etmək məqsədilə hazırlanan Nəqliyyatın İdarə Olunması Planına əsasən, trekin yaxınlığından keçən 65, 5 və 53 nömrəli avtobuslar səhər saat 06:00-dan gecə saat 04:00-dək, metronun “28 May” və “İçərişəhər” stansiyaları isə səhər saat 06:00-dan gecə saat 02:00-dək xidmət göstərəcək.

AZƏRTAC xəbər verir ki, bu sözləri aprelin 9-da təşkil olunan brifinqdə “Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin marketinq və kommunikasiya şöbəsinin rəhbəri, milli mətbuat katibi Nigar Arpadarai deyib. O bildirib ki, metronun “Sahil” stansiyası aparılan müvəqqəti təmir-tikinti işləri ilə əlaqədar fəaliyyət göstərməyəcək. Trekə gəlmək üçün 65 nömrəli avtobusun xidmətindən yararlanmaq istəyən tamaşaçılar “Azərbaycan” prospektində Mərkəzi Univermağın yaxınlığında yerləşən dayanacaqda enərək bilet aldığı tribunaya qədər piyada hərəkət etməlidirlər. Yarış ərəfəsində 65 nömrəli avtobus bu dayanacaqlardan keçəcək: Ə.Cavad küçəsi – Azərbaycan prospekti – Füzuli meydanı – Z.Əhmədbəyov küçəsi – Tbilisi prospekti – 20 Yanvar küçəsi – A.Məhərrəmov küçəsi – Mir Cəlal küçəsi. Bu avtobus 5 dəqiqəlik intervalla hərəkət edəcək. Trekə 5 nömrəli avtobusla gəlmək istəyən tamaşaçılar Rəşid Behbudov ilə Nizami küçələrinin kəsişməsində yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya piyada yaxınlaşmalıdırlar. Yarış ərəfəsində 5 nömrəli avtobusun keçəcəyi dayanacaqlar bunlardır: metronun N.Nərimanov stansiyası – 28 May stansiyası (Salatın Əsgərova küçəsi) – 28 May stansiyası (Cəfər Cabbarlı küçəsi) – 28 May küçəsi (Səməd Vurğun bağı) – Nizami küçəsi və R.Behbudov küçəsi (Rəşid Behbudov adına Mahnı Teatrının yanı). Bu avtobus 3 dəqiqəlik intervalla hərəkət edəcək. Trekə 53 nömrəli avtobus vasitəsilə gəlmək istəyən bilet sahibləri Bakı İdman Sarayının qarşısında yerləşən dayanacaqda enərək bilet aldıqları tribunaya tərəf piyada getməlidirlər. Yarış ərəfəsində 53 nömrəli avtobus aşağıdakı dayanacaqlardan keçəcək: Bayıl (20-ci sahə) – Bakı Su İdmanı Sarayı – Milli Bayraq Meydanı – Bakı İdman Sarayı (Funikulyorun yanı). Bu avtobus 6 dəqiqəli intervalla hərəkət edəcək.

“Yarış həftəsi ərzində şəhər sakinlərinin maneəsiz hərəkətini təmin etmək üçün trek ərazisində yerləşən daimi yeraltı keçidlər günboyu açıq olacaq, həmçinin piyadalar trekin müəyyən yerlərində qurulacaq müvəqqəti yerüstü keçidlərdən də istifadə edə biləcəklər. Müvəqqəti salınacaq yerüstü keçidlər Azərbaycan prospekti ilə İstiqlaliyyət küçəsinin, həmçinin Xaqani ilə Rəşid Behbudov və Azadlıq Prospekti ilə Xaqani küçəsinin kəsişmələrində yerləşəcək”, - deyə N.Arpadarai əlavə edib. O vurğulayıb ki, aprelin 25-dən mayın 1-dək Dənizkənarı Milli Parkın Dəniz vağzalından Azneft dairəsinədək olan hissəsinə giriş bağlı olacaq. Aprelin 26-sı saat 13:00-dan etibarən yarış günlərində yalnız bilet sahiblərinin bu zonaya giriş-çıxışına icazə veriləcək. Şəhər sakinləri və qonaqlar həmin günlər ərzində “Park Bulvar” ticarət mərkəzindən istifadə edə biləcəklər. Həmçinin bütün küçələrdə nəqliyyatın hərəkətinə nəzarət Dövlət Yol Polisi tərəfindən həyata keçiriləcək.