Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Belarus televiziyası Azərbaycan mətbəxi haqqında veriliş hazırlayıb

09 Aprel 2018
Belarus Azərbaycan İcmaları Konqresinin təşəbbüsü ilə Belarus Respublikasının Milli Dövlət Teleradio Kompaniyasının (Belteleradiokompaniya) yüksəkreytinqli verilişlərindən biri olan “Kulinariya diplomatiyası”nın növbəti buraxılışı Azərbaycan mətbəxinə həsr olunub.

Diasporla İş üzrə Dövlət Komitəsindən AZƏRTAC-a bildiriblər ki, proqramda Belarus Azərbaycan İcmaları Konqresinin idarə heyətinin üzvü Gülnarə İmanova və təşkilatın fəal üzvlərindən biri Olesya Kosokina Azərbaycanın zəngin milli mətbəxi haqqında Belarus tamaşaçılarına məlumat veriblər. Diqqətə çatdırılıb ki, 2000-ə yaxın xörək növü olan Azərbaycan milli mətbəxi dünyanın ən qədim, zəngin və dadlı mətbəxlərindən biridir.

Verilişdə Azərbaycan kulinariyasının tarixinə və özünəməxsusluğuna görə qonşu xalqların mətbəxindən xeyli fərqləndiyi bildirilib, onun dolma, plov, piti və digər xörəkləri haqqında geniş danışılıb. Eyni zamanda, Belarus Azərbaycan İcmaları Konqresinin Azərbaycan mədəniyyətinin tərkib hissəsi kimi milli mətbəxin təbliğinə xüsusi önəm verdiyi vurğulanıb.