Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan ağır atletika yığma komandası üçün üzgüçülük kompleksi istifadəyə verilib

09 Aprel 2018
 

Azərbaycan ağır atletika yığma komandasının mərkəzi bazası olan AAAF Park Yaşayış Kompleksində üzgüçülük kompleksi istifadəyə verilib. Bu, idmançıların ixtiyarına verilən daha bir hazırlıq məkanıdır.

Ağır Atletika Federasiyasından (AAAF) AZƏRTAC-a bildiriblər ki, yığma komandanın beynəlxalq yarışlara hazırlığı üçün ən optimal şəraitin qurulması məqsədilə tikilən bu kompleksdə atletlər daha effektiv bərpa prosesi keçə biləcək. Onlar məkanın digər imkanlarından yararlanaraq məşqlərdə daha effektiv nəticə qazanacaqlar.

Üzgüçülük kompleksinin açılışında Xırdalan şəhər ictimaiyyətinin nümayəndələri, Qarabağ müharibəsi əlilləri, Federasiyanın rəhbər heyəti, həmçinin AAAF Park Yaşayış Kompleksi və “Zirvə” Beynəlxalq İdman Klubunun rəhbər şəxsləri və digər qonaqlar iştirak ediblər.

Müasir standartlara uyğun üzgüçülük kompleksi öz multifunksionallığı ilə seçilir. Burada 100 yerlik tamaşaçı tutumuna malik hovuz, uzunluğu 25 metr, dərinliyi isə 1,5–1,7 metr olan altı sıradan ibarətdir. Hovuz həm idman yarışların keçirilməsi, həm də şəxsi istifadə üçün yararlıdır. Kompleksdə üç sadə və iki VIP olmaqla beş masaj otağı fəaliyyət göstərir. Türk hamamı, buz otağı, fin saunası, rus hamamı, şok duş otağı, gözəllik salonu, istirahət otağı, paltardəyişmə və duş otaqları, üç VIP otaq da xidmətə açıqdır. Kompleksdə, həmçinin iyirmi nəfərin eyni zamanda məşğul ola biləcəyi fitnes mərkəzi də var. Ən müasir avadanlıqla təchiz olunmuş məkanda həm günün yorğunluğunu atmaq, həm də sağlamlığı möhkəmləndirmək mümkündür.

AAAF-ın birinci vitse-rezidenti Tofiq Heydərov, “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru və federasiyanın baş katibi Rizvan Rəsulov çıxış edərək Azərbaycanda idmançılara göstərilən qayğı və yaradılan şəraitdən danışıblar

Ağır atletika üzrə yeniyetmələr arasında Avropa birinciliyinin üçqat qalibi Səbinə Əzimova idmançıların uğurlar qazanmaları üçün bütün imkanlara malik olduqlarını qeyd edib.

Mərasim bədii hissə ilə davam edib.