Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans keçirilir

09 Aprel 2018
Aprelin 9-da Azərbaycan Dillər Universitetində (ADU) ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda birinci beynəlxalq elmi konfrans işə başlayıb.

AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin universitetin foyesindəki büstünün önünə gül dəstələri qoyub, xatirəsini ehtiramla yad ediblər.

Universitetin rektoru, akademik Kamal Abdulla bildirib ki, konfrans ADU-nun, Yeni Azərbaycan Partiyasının (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə keçirilir. ADU-nun tarixində belə mötəbər tədbirin ilk dəfə təşkil olunduğunu deyən K.Abdulla vurğulayıb ki, konfransın keçirilməsinin məqsədi ümummilli lider Heydər Əliyevin Azərbaycan multikulturalizmi sahəsində gördüyü işləri təbliği etməkdir. Tədbir, həmçinin universitetlər, mütəxəssislər və tələbələr arasındakı əlaqələrin möhkəmlənməsinə xidmət edir.

Azərbaycan multikulturalizmi fənninin xaricdə tədrisi məsələsinə toxunan K.Abdulla qeyd edib ki, Azərbaycan dili, mədəniyyəti və multikulturalizminin dünyada tanıdılması istiqamətində ADU bir sıra uğurlara nail olub. Belə ki, universitetin əməkdaşlıq etdiyi bir sıra xarici ali məktəblərdə Azərbaycan dili və mədəniyyəti mərkəzləri açılıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Heydər Əliyev ideyalarının və ölkəmizdəki multikultural dəyərlərin dünyada tanıdılması baxımından konfransın əhəmiyyətini vurğulayıb. Diqqətə çatdırıb ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında ölkəmizdə xalqımızın multikultural ənənələrinin qorunması və inkişafı sahəsində həyata keçirilən siyasi istiqamət yeni mərhələdə Prezident İlham Əliyev tərəfindən uğurla inkişaf etdirilir.

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, bu gün Azərbaycanda yaşayan milli azlıqların nümayəndələri öz ana dillərində sərbəst danışırlar. Bir çox ali və orta məktəblərdə ana dillərinin işlənilməsi təmin olunur, adət-ənənələrə hörmətlə yanaşılır.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti, akademik İsa Həbibbəyli vurğulayıb ki, Ümummilli Liderin dövlət siyasəti səviyyəsinə qaldırdığı azərbaycançılıq ideologiyası multikulturalizm və tolerantlıq fəlsəfəsini təşkil edir.

Tədbir çıxışlarla davam edib.

Mayın 5-dək davam edəcək konfransın plenar və yekun iclasları ADU-da, bölmə iclasları isə bu ali məktəblə yanaşı, müxtəlif ölkələrin müvafiq qabaqcıl universitetlərinin bazalarında keçiriləcək.