Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İqtisadi müstəqillik siyasi müstəqilliyin qarantıdır

08 Aprel 2018
 

Azərbaycan iqtisadi baxımdan özünü tamamilə təmin edən və çətinliyi olmayan ölkədir

 

Sürətli iqtisadi inkişafın, sabitliyin, tolerantlığın, milli və bəşəri dəyərlərin ideal sintezinin nümunəsinə çevrilmiş Azərbaycan həm də qlobal enerji - logistika layihələrinin təşəbbüskarı və iştirakçısı, regionda ən qüdrətli orduya sahib əsas güc mərkəzi olduğunu sübuta yetirib.
Son illərdə həyata keçirilən uğurlu siyasi-iqtisadi islahatlar həm idarəçilik fəlsəfəsinə yeni məna çalarları gətirib, həm də xalqın daha xoş sabaha olan inamını qat-qat artırıb. Çünki davamlı inkişaf, əhalinin sosial müdafiəsinin daha da gücləndirilməsi dövlətin sosial siyasətinin prioritetidir.
Bu günlərdə Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusmana müsahibəsində bu məsələlərə bir daha toxunan Prezident İlham Əliyev həm də Azərbaycanın son 15 ildə qazandığı nailiyyətlərdən söz açıb.

 

Yenidən qurulan sosial infrastruktur, uğura aparan yol

 

15 il öncəki sosial-iqtisadi durumu xatırlayan dövlət başçısı vurğulayıb ki, prezident seçildiyi ilk illərdə infrastrukturun, məktəblərin, xəstəxanaların bərbad vəziyyəti, elektrik, qaz, su təchizatının, yolların olmaması halları mövcud idi. Lakin bu məsələlər həyata keçirilən sosial-iqtisadi inkişaf proqramları əsasında öz həllini tapdı: “Bu gün keçdiyimiz yola nəzər salanda görürük ki, Azərbaycanda infrastrukturla bağlı praktiki olaraq bütün məsələlər həll edilib. Son 15 ildə biz 30-dan çox elektrik stansiyası istifadəyə vermişik və elektrik enerjisi ixrac edən ölkəyə çevrilmişik. Bu ilin sonuna qədər Azərbaycanda qazlaşdırmanın səviyyəsi 95 faizə çatacaq”.
Bununla yanaşı, son 15 ildə Azərbaycanda 15 min kilometr yol çəkilib, işsizlik göstəricisi azalaraq 5 faizə enib. Bu müddət ərzində 3100-dən çox məktəb tikilib. Bu, bütün məktəb fondunun 80 faizi deməkdir. 600-dən çox tibb müəssisəsi yenidən tikilib və ya təmir edilib, 1 milyon 400 min iş yeri açılıb.

 

15 ilə valyuta ehtiyatlarını 24 dəfə artıran ölkə

 

Yeni iqtisadi konsepsiya ilə müasir inkişaf modelini yaradan Azərbaycan artıq borc alan ölkədən borc verən ölkəyə çevrilib. Vaxtilə iqtisadi durumunu yalnız idxalla təmin edən ölkə bu gün dünya bazarlarına “Made in Azərebaijan” brendi ilə müxtəlif təyinatlı məhsullar ixrac edir.
Cənab İlham Əliyev müsahibəsində qeyd edib ki, son 15 ildə dövlətin fəaliyyətinin başlıca istiqamətlərindən biri iqtisadi müstəqilliyin tam təmin edilməsi olub. Çünki bu, siyasi müstəqilliyin əsasıdır. Ona görə ki, əgər ölkə iqtisadi cəhətdən asılıdırsa, onda müstəqil siyasət həyata keçirməkdə böyük çətinliklərlə üzləşə bilər və çox vaxt üzləşir.
Azərbaycanı iqtisadi baxımdan özünü tamamilə təmin edən və ciddi iqtisadi çətinliyi olmayan ölkə adlandıran dövlət başçısı son 15 ildə iqtisadiyyatın 3,2 dəfə artmasını dünya rekordu adlandırıb: “Azərbaycanın valyuta ehtiyatlarının həcmi ümumi daxili məhsulun həcminə bərabərdir. Başqa sözlə desək, biz istəsək bir neçə gün və ya bir neçə ay ərzində bütün borcları ödəyə bilərik. Azərbaycanın maliyyə vəziyyəti kifayət qədər sabitdir və bizim həyata keçirdiyimiz investisiya layihələri, əlbəttə ki, əlavə mənfəət gətirəcək. Onu da qeyd etməliyəm ki, son 15 ildə Azərbaycan iqtisadiyyatına 230 milyard dollardan artıq sərmayə qoyulub”.
Yatırılan investisiyalar, reallaşan transmilli layihələr və sosial proqramlar Azərbaycanın uğurlu gələcəyini şərtləndirib. 2003-cü ildə valyuta ehtiyatları 1.8 milyard dollar olan Azərbaycan bu gün 44 milyard dollar valyuta ehtiyatlarına sahibdir. Yəni, 15 ildə ölkənin valyuta ehtiyatları 24 dəfə artıb. Bu isə onu təsdiq edir ki, Azərbaycan tarixdə heç vaxt indiki qədər güclü olmayıb.

 

Mühüm geosiyasi aktor, beynəlxalq tranzit mərkəzi

 

Azərbaycan hazırda regional lider, bir sıra qlobal məsələlərdə mühüm geosiyasi aktor, habelə beynəlxalq imici durmadan artan nüfuzlu ölkədir. Azərbaycan “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizləri, Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, Avropa İttifaqı üçün prioritet enerji layihələrindən biri olan dörd layihədən ibarət (“Şahdəniz-2”, Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi, TANAP və TAP) “Cənub qaz dəhlizi” kimi milyardlarla investisiya yatırılan layihələrin əsas təşəbbüskarlarından biridir.
Azərbaycanın təşəbbüskarı olduğu və davam edən regional bağlılıq layihələri, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Yeni Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı, Azərbaycan ilə İran arasında dəmir yolu şəbəkələrini əlaqələndirən Xəzər dənizi sahilindəki logistik mərkəz kimi strateji təməl komponentləri Şərq-Qərb və Şimal-Cənub istiqamətləri üzrə çoxtərəfli imkanlara malik transregional infrastrukturun inkişafında keyfiyyətcə yeni nailiyyətləri nümayiş etdirir.
Cənab İlham Əliyevin söylədiyi kimi, bütün bu layihələr bir daha sübut edir ki, Azərbaycan son 15 il ərzində böyük və şərəfli yol keçib. İri sərmayəçi kimi mövqeyini möhkəmləndirən Azərbaycan regionda xarici ölkələrin iqtisadiyyatına yatırılan investisiyaların həcminə görə bu gün MDB-də aparıcı dövlətlərdən birinə çevrilib. Dünyanın nüfuzlu iqtisadi tədqiqat mərkəzlərinin hesabatlarında respublikamız bölgədə investisiyaların coğrafi mərkəzinə çevrilən ölkə kimi səciyyələndirilir.

 

Bütün istiqamətlər üzrə konseptual yanaşma

 

Bütün bunlar bir daha təsdiqləyir ki, bu illər ərzində Azərbaycan uğurlu inkişafını davam etdirib. Ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı çoxsaylı proqramlar həyata keçirilib.
Bunu təkcə biz yox, beynəlxalq təşkilatlar da mütəmadi olaraq təsdiqləyir. Nailiyyətlərə beynəlxalq strukturlar tərəfindən qiymət verilir. Davos Dünya İqtisadi Forumunun son hesablamalarına əsasən, Azərbaycan qlobal rəqabətqabiliyyətliliyinə görə 35-ci yeri tutur. Forumun inklüziv inkişaf indeksinə görə isə Azərbaycan inkişaf etməkdə olan ölkələr arasında 3-cü yeri tutur. Yəni, Azərbaycandan irəlidə yalnız 30 inkişaf etmiş ölkə və iki inkişaf etməkdə olan ölkə var. Cənab İlham Əliyev vurğulayıb ki, bu göstərici Azərbaycanın nəyə nail olduğunu hər şeydən yaxşı nümayiş etdirən faktdır: “Biz iqtisadiyyatın yüksək dərəcədə şaxələndirilməsinə nail olmuşuq, yüz minlərlə yeni iş yeri yaradılıb. Bütün bunlar bizim son illərdə həyata keçirdiyimiz və sanballı səmərə vermiş sosial-iqtisadi siyasətin nəticəsidir”.
Əminliklə deyə bilərik ki, Azərbaycan son 15 ildə bütün istiqamətlər üzrə konseptual yanaşma və proqramlar əsasında çox böyük tarixi uğurlara imza atıb və dövlət başçısının söylədiyi kimi, bu müddət ərzində iqtisadi islahatlar baxımından Azərbaycan qədər sürətli inkişaf yolu ilə gedən ikinci ölkə olmayıb: “Dövlətin davamlı inkişafı yalnız atılmalı addımların ardıcıllığı, onların prioritetləri düzgün planlaşdırılmış olduqda mümkündür və onlar nəticəyə yönəldilməlidir. Biz həmişə populizmdən, populist ritorikadan uzaq olmuşuq. Bəzən hətta çalışmışıq ki, özümüzü o qədər də nümayiş etdirmədən, sadəcə, ölkənin uğurla inkişaf etməsi üçün lazım olan işi görək. Bir daha deməliyəm ki, bizim daxili inkişafla bağlı məsələlər sarıdan heç bir çətinliyimiz olmayıb və düşünürəm ki, olmayacaq”.

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”