Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Respublika fənn olimpiadalarının yarımfinal turunda şagirdlər müxtəlif fənlər üzrə biliklərini sınayıblar

08 Aprel 2018
 

Aprelin 7-də respublika fənn olimpiadalarının yarımfinal turu keçirilib. Olimpiada Bakı şəhərində dörd, Sumqayıt, Gəncə, Mingəçevir, Şirvan, Lənkəran, Şəki şəhərləri, İsmayıllı, Şəmkir, Ağdaş və Quba rayonlarının hər biri üzrə bir mərkəzdə təşkil olunub. Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, olimpiadaların respublika mərhələsinin yarımfinal turunda IX, X və XI sinif şagirdləri Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, tarix və coğrafiya fənləri üzrə biliklərini sınayıblar.

İnformatika fənni üzrə olimpiada isə aprelin 8-də Bakı Mühəndislik Universitetində təşkil olunacaq.

Bundan əlavə, bilik yarışında xüsusi istedadı və yüksək hazırlığı ilə seçilən VII,

VIII sinif şagirdləri də IX siniflərlə yanaşı bilik və bacarıqlarını nümayiş etdiriblər. Fənn olimpiadalarının yarımfinal turunda yuxarı nəticə göstərən şagirdlər final mərhələsində iştirak hüququ qazanacaqlar.

Fevralın 4-də ölkənin bütün şəhər və rayonlarında keçirilən respublika fənn olimpiadalarının birinci - rayon (şəhər) mərhələsinin nəticələrinə əsasən, Azərbaycan dili və ədəbiyyat fənni üzrə 1.419, coğrafiya fənni üzrə 1.458, riyaziyyat fənni üzrə 1.067, tarix fənni üzrə 617, fizika fənni üzrə 405, kimya fənni üzrə 377, biologiya fənni üzrə 430, informatika fənni üzrə 121 şagird növbəti mərhələdə iştirak hüququ qazanıb. Olimpiadaların təşkil edilməsinin məqsədi istedadlı uşaqların aşkara çıxarılması,  şagirdlərdə fənlərə marağın artırılması, onların  sağlam rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılmasıdır.

Qeyd edək ki, respublika fənn olimpiadaları “Kapital Bank”ın baş sponsorluğu ilə keçirilir.