Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti olacaq

08 Aprel 2018
 

İyunun 1-də Rusiyanın tanınmış opera müğənniləri Yana Melikayeva və Askar Abdrazakovun Heydər Əliyev Mərkəzində konserti olacaq. Konsert proqramı klassik musiqisevərlər üçün harmonik və unikal səslər, bənzərsiz ifalar dinləmək imkanı yaradacaq.

Heydər Əliyev Mərkəzindən AZƏRTAC-a bildirilib ki, Yana Melikayeva və Askar Abdrazakov tamaşaçılara müxtəlif operalardan ariyalar, romanslar təqdim edəcəklər. Bəzi əsərlər duet şəklində ifa olunacaq. Solistləri Fuad İbrahimovun dirijorluğu ilə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri müşayiət edəcək.

Yana Melikayeva Rusiya Teatr İncəsənəti Akademiyasını bitirib. Vokal sinfində SSRİ xalq artisti, opera müğənnisi Tamara Sinyavskayanın ilk tələbəsi olub. Yana Melikayevanın vokal imkanlarını dəfələrlə onun dərslərində iştirak etmiş dünya şöhrətli müğənni və bəstəkar Müslüm Maqomayev yüksək qiymətləndirib. Yana Melikayeva müxtəlif beynəlxalq müsabiqələrin qalibi olub.

Metso-soprano səs tembrinə sahib müğənni Sergey Raxmaninov, Pyotr Çaykovskinin romanslarını, məşhur operalardan çoxsaylı ariyaları ifa edir: “Çar gəlini”ndə Lyubaşa, “Orlean qızı”nda İoanna, “Yevgeni Onegin”də Olqa, “Karmen”də Karmen, “Orfey və Evridika”da Orfey, “Samson və Dalila”da Dalila və s.

Başqırdıstan Respublikasının xalq artisti Askar Abdrazakov Ufa Dövlət Konservatoriyasında, daha sonra Moskva Dövlət Universitetinin aspiranturasında təhsil alıb. Hələ tələbəlik illərindən beynəlxalq müsabiqələrdə ardıcıl qələbələr qazanıb, birinci yer və Qran-pri mükafatlarına sahib olub. 1995-ci ildə Afinada Mariya Kallas adına müsabiqədə Qran-pri alan ilk kişi səsi olub.

Dünyanın ən yaxşı səhnələrində, o cümlədən “Bolşoy Teatr” (Moskva,) Mariya teatrı (Sankt-Peterburq), “Metropoliten-opera” (Nyu York), Vaşinqton operası, “La Skala” (Milan), “Liseo” teatrı (Barselona), “Kolon” teatrı (Buenos-Ayres), “Real” teatrı (Madrid), “Şatle” teatrı (Paris), Bavar Dövlət Operası (Münxen), Berlin Dövlət Operası, Hamburq Dövlət Operasında çıxış edib.

O, səhnədə Plasido Dominqo, Xose Karrera, Mirella Freni, Feruçço Furlanetto, Dmitri Xvorostovski, Anna Netrebko və digər tanınmış opera ifaçıları ilə tərəf müqabili olub.

Müğənni Boris (“Boris Qodunov”), Atilla (“Atilla”), II Filip (“Don Karlos”), Banko (“Maqbet”), Don Kixot (“Don Kixot”), Mefistofel (“Faust”) və digər obrazların partiyalarını əhatə edən geniş repertuara malikdir.

Konsertin biletlərini Mərkəzin kassası və saytından almaq olar.