Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan qlobal sülh və əməkdaşlıq mərkəzi olduğunu növbəti dəfə sübut etdi

07 Aprel 2018
 

Qoşulmama Hərəkatının Bakı konfransı ölkəmizə yeni dividendlər qazandırır

 

Ötən ay baş tutan VI Qlobal Bakı Forumundan sonra Azərbaycan paytaxtı daha bir beynəlxalq əhəmiyyətli vacib tədbirə evsahibliyi etdi. Söhbət Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda baş tutan konfransdan gedir. Tədbir iştirakçıları konfransın təşkilindən tutmuş burada görülən digər təşkilati işləri, müzakirə mövzusu olan məsələləri kifayət qədər yüksək qiymətləndirir, Qoşulmama Hərəkatının Bakı konfransının beynəlxalq sülhə və dayanıqlı inkişafa mühüm töhfə verəcəyini bildirirlər.
Təhlillər göstərir ki, sözügedən tədbir Azərbaycanın beynəlxalq miqyasda nüfuz və mövqelərinin güclənməsi baxımından vacib əhəmiyyət kəsb edir, ölkəmizə dünya ictimaiyyətinin diqqətini daha da artırır. Eyni zamanda üzv dövlət kimi Azərbaycan Qoşulmama Hərəkatına mühüm töhfələr verən ölkələr sırasında yer alır.
Qoşulmama Hərəkatında 120 dövlət iştirak edir, 17 dövlət və 10 beynəlxalq təşkilat isə Qoşulmama Hərəkatı yanında müşahidəçi statusuna malikdir. Hərəkatın Bakıda baş tutan nazirlər toplantısına 800-dən artıq iştirakçı qatılıb, tədbiri işıqlandırmaq üçün yerli və xarici media nümayəndələri daxil olmaqla 150-dən artıq şəxs akkreditasiyadan keçib.
Qoşulmama Hərəkatının Bakı konfransı yenidən beynəlxalq diqqəti Azərbaycana, onun reallıqlarına yönəldir. Eyni zamanda bu tədbir ölkəmizin beynəlxalq müstəvidə əlaqələrinin güclənməsinə vacib töhfələr verir. Konfransın açılış mərasimində çıxış edən Prezident İlham Əliyev məsələnin bu tərəfinə toxunaraq qeyd edib: “Yarım əsrdən çoxdur ki, Qoşulmama Hərəkatı bəşəri dəyərlərin təbliği ilə məşğuldur. Dünyanın ən böyük təşkilatlarından olan Qoşulmama Hərəkatı dünyada sabitlik, sülh və təhlükəsizliyin bərqərar olmasında vacib rol oynayır. Qoşulmama Hərəkatı beynəlxalq hüququn normalarına, ərazi bütövlüyü prinsiplərinə, bütün üzvlərin suverenliyinə və müstəqilliyinə sadiqdir. Azərbaycan Qoşulmama Hərəkatının nisbətən yeni üzvüdür. Biz bu ailəyə 2011-ci ildə qəbul olunduq, dərhal təşkilatın və onun üzvlərinin dəstəyini hiss etməyə başladıq. Bu dəstək Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyünə seçilməsi proseduru zamanı nümayiş olundu. Bu, 2011-ci ildə, ölkəmizin təşkilata qəbul olunduğu eyni ildə baş verdi və biz tərəfdaşlarımızın güclü dəstəyini hiss etdik. Bu, o qədər də asan məsələ deyildi, çünki bizim güclü rəqiblərimiz var idi və həmin rəqiblər təşkilatımıza üzv olmayan ölkələr idi. Seçilməyimiz üçün 16 raund tələb olundu və biz 155 dövlətin dəstəyi ilə qeyri-daimi üzv seçildik. Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının dəstəyi bizim ən mötəbər beynəlxalq quruma üzv seçilməyimizdə həlledici rol oynadı. Bu, bir daha bizim gücümüzü nümayiş etdirir. Onu nümayiş etdirir ki, birlikdə olanda nailiyyətlərimiz çox ola bilər. Bu, üzv dövlətlər arasında həmrəyliyin təzahürüdür. Bu, eyni zamanda təşkilatımızın imkanlarının göstəricisidir”.
Qeyd olunan fikirlərdən bir daha bəlli olur ki, Qoşulmama Hərəkatının artıq aparıcı üzvlərindən birinə çevrilən Azərbaycan burada həm də mühüm bir tribuna əldə edib. Bu tribuna isə ölkəmizə Azərbaycan barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması baxımından çox vacibdir. Ötən dövr ərzində Azərbaycan fəaliyyəti ilə həm də onu göstərib ki, Qoşulmama Hərəkatının ruhuna və prinsiplərinə sadiqdir. Ən azından o baxımdan ki, Azərbaycan bütün dövlətlərlə əməkdaşlıq münasibətlərini inkişaf etdirməyə yönəlmiş xarici siyasət kursu və heç bir hərbi bloka qoşulmadan tarazlı siyasət həyata keçirir. Bu səbəbdən ölkəmiz Qoşulmama Hərəkatının fəaliyyət dairəsi, təsir sferasının genişlənməsində həlledici rola malik tərəflərdən biri qismində çıxış edir.
Bu arada bir məqamı da qeyd etmək lazım gəlir: 2019-cu ildə Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına evsahibliyi edəcək. 2019-2022-ci illər ərzində ölkəmiz Qoşulmama Hərəkatına sədrlik edəcək. XVIII sammitin həm də böyük rəmzi mənası var. Belə ki, Avropa qitəsi 1989-cu il Belqrad Sammitindən 30 il sonra Qoşulmama Hərəkatında iştirak edən ölkələrin dövlət və hökumət başçılarının görüşünə yenidən evsahibliyi imkanı qazanacaq.
Burada digər vacib məqam ondan ibarətdir ki, məlum soyuq müharibə dövründə iki siyasi-hərbi qütb arasında qarşıdurmaya cəlb edilməmələri üçün bir sıra ölkələr tərəfindən təsis edilən Qoşulmama Hərəkatı hazırda beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm çoxtərəfli mexanizmlərdən birinə çevrilib. Ümumiyyətlə, Qoşulmama Hərəkatı yarandığı tarixdən etibarən beynəlxalq sülh və təhlükəsizliyin gücləndirilməsində əsaslı rol oynayır. Dünyada mövcud vəziyyətə nəzər saldıqda, yeni münaqişə ocaqlarının yaranmasına diqqət yetirdikdə isə bəlli olur ki, Qoşulmama Hərəkatı müasir dövrdə öz aktuallığını daha da artırır. Ən azından o baxımdan ki, Qoşulmama Hərəkatı çərçivəsində ortaq mövqe BMT səviyyəsində qərarların qəbuluna təsir baxımından əhəmiyyətli rol oynayır. Bu məqam digər üzv dövlətlər kimi, Azərbaycan üçün də çox önəmlidir. İlk növbədə o cəhətdən ki, Azərbaycanın haqlı mövqeyinin BMT-də dəstəklənməsinə Qoşulmama Hərəkatı vacib töhfələr vermək iqtidarındadır. Çünki Qoşulmama Hərəkatının fəaliyyətinin əsas prinsiplərindən biri onun üzvləri arasında əməkdaşlıq üçün bir forum rolunu oynamasıdır.
Daha bir məqam bundan ibarətdir ki, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumların Azərbaycanda baş tutan tədbirləri həm də ölkəmizə böyük etimadın göstəricisidir. Eyni zamanda belə tədbirlər ölkəmiz, dövlətimiz üçün çoxsaylı dividendlər gətirir. Çünki beynəlxalq təşkilatlar öz tədbirlərini ölkəmizdə keçirərkən görürlər ki, Azərbaycan bu gün ictimai-siyasi sabitliyin yüksək səviyyədə təmin edildiyi dövlətlər sırasında aparıcı yerlərdən birini tutur. Məhz elə bu səbəbdəndir ki, son illərdə Azərbaycanda beynəlxalq təşkilatların yüzlərlə siyasi, iqtisadi və idman tədbirləri keçirilib. Bu tədbirlərin Azərbaycanda keçirilməsi bütün sahələrdə ölkəmizə böyük nüfuz qazandırır.
Beləliklə, Azərbaycanda son illər keçirilən beynəlxalq tədbirlər ölkəmiz haqqında formalaşan təəssüratları dəyişir, onun imicinə müsbət təsir göstərir. Qoşulmama Hərəkatı çərçivəsində Bakıda keçirilən “Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda baş tutan konfrans da bu qəbildən olan daha bir vacib tədbir kimi Azərbaycan tarixinə böyük hərflərlə yazıldı.

Elçin CƏFƏROV,
“Azərbaycan”