Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xoşbəxt həyatın təməli

07 Aprel 2018
 

Adətən bir-birimizə arzularımızı çatdıranda ilk olaraq cansağlığı diləyirik. Çünki onsuz nə sevinc, rahatlıq içərisində uzun ömür sürmək, nə də xoşbəxt olmaq mümkündür. 

Sağlamlıq qarşımıza qoyduğumuz hədəflərə çatmaq, yorulmadan çalışaraq uğurlar qazanmaq yolunda da ən böyük köməyimizdir. Odur ki, sağlamlığımızı itirməmiş onun qədrini bilmirik. Elə ki can ağrılarından gileylərimiz, şikayətlərimiz başladı, o zaman necə böyük, həqiqi sərvətimizi itirdiyimizin fərqinə varırıq.
Amma hər kəsin yalnız öz sağlamlığının qayğısına qalması ilə iş bitmir. Ətrafımızda sağlam insanlar olduqca, onların ürəkdən gələn xoş təbəssümlərini gördükcə yaşamaq daha gözəl olur. Bu mənada sağlamlığı həyatın mənası hesab edənlər haqlıdırlar. Elə hər il aprelin 7-də qeyd olunan Ümumdünya Sağlamlıq Günü bütün dünyanın diqqətini bir daha bu vacib məsələyə yönəldir.
Həmin gün səhiyyə təşkilatlarının beynəlxalq əlaqələrini təmin edən, dünya əhalisinin sağlamlıqla bağlı problemlərinin həllini mühüm sayan BMT-nin ixtisaslaşmış qurumlarından birinin - Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yarandığı gündür. 1948-ci ildə birinci Ümumdünya Səhiyyə Assambleyası Ümumdünya Səhiyyə Təşkilatının yaradılmasını qeyd etmək üçün Ümumdünya Sağlamlıq Gününün təsis edilməsi təşəbbüsü ilə çıxış etdi. Təşkilatın nizamnaməsi təsdiq olundu. 1950-ci ildən dünya ictimaiyyəti hər il aprelin 7-də bu tarixi günü yüksək səviyyədə qeyd edir. 200-ə yaxın dövləti özündə birləşdirən ÜST sağlamlığı insan həyatının mühüm amili hesab edir, hər bir ölkənin vətəndaşlarının xəstə və fiziki qüsurlu olmaması, əlverişli mənəvi, ictimai şəraitdə yaşaması üçün çalışır.
Səhiyyə sahəsində qlobal problemlər çoxdur. Cəmiyyətin inkişafında ən mühüm məsələ isə sağlam həyat tərzinə nail olmaqdır. Hazırda səhiyyə sahəsində müasir infrastrukturun yaradılması dünya ölkələrində həyata keçirilən sosialyönümlü siyasətin tərkib hissəsinə çevrilir. Bu istiqamətdə ardıcıl və sistemli olaraq həyata keçirilən tədbirlərin əsas məqsədi insanların mümkün qədər yüksək sağlamlıq səviyyəsinə nail olmaqdır.
Ölkəmizdə həyata keçirilən sosialyönümlü inkişaf strategiyası ÜST-ün ötən illər ərzində qarşıya qoyduğu problemlərin həllinə yönəldilib. Son illər respublikamızda əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində, keyfiyyətin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilən dövlət proqramlarının xüsusi rolu var. Azərbaycan Respublikası Səhiyyə Nazirliyindən bildirlir ki, “Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı” çərçivəsində mütəmadi ana və uşaqlara xidmət göstərən tibb müəssisələrinin, xüsusən neonatoloji reanimasion şöbələrin maddi-texniki bazası gücləndirilir, dərman preparatları və tibbi texnika ilə təminatı yaxşılaşdırılır. Respublikamızda həyata keçirilən bu tədbirlər nəticəsində ana və uşaqların sağlamlığını xarakterizə edən göstəricilərdə müsbət dinamika əldə edilib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə tikilib istifadəyə verilən Respublika Talassemiya Mərkəzində talassemiyalı xəstələrin normal həyat fəaliyyətinin təmin olunması hesabına son 10 ildə talassemiyadan ölüm göstəricisi 5 dəfə azalıb.
Respublikamızda 1583 hemofiliyalı xəstə qeydiyyatdadır. Həyata keçirilən dövlət proqramı çərçivəsində belə xəstələrə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi, davamlı faktor preparatları ilə təmin olunması nəticəsində onların həyat keyfiyyətinin yaxşılaşmasına və bu xəstəlikdən yaranan əlilliyin və ölüm hallarının azaldılmasına nail olunub.
Səhiyyə Nazirliyinin məlumatına görə, son illər strateji əhəmiyyətli məsələ kimi qan xidmətinin inkişafına xüsusi diqqət yetirilir. Əhalinin donorluğa cəlb edilməsi işinin aktivləşdirilməsi nəticəsində tədarük olunan qan və onun komponentlərinin miqdarı ilbəil artırılır.
Qanın bədxassəli xəstəlikləri ilə xəstələnmənin və bu səbəbdən ölüm hallarının yüksək göstəriciləri, bu xəstəliklərə əsasən əmək qabiliyyəti yaşında olan insanların və uşaqların düçar olması, müayinə və müalicə xərclərinin xəstələr üçün ağır maddi yük olmasını nəzərə alaraq “2017-2021-ci illər üçün qanın bədxassəli xəstəlikləri ilə mübarizə üzrə Tədbirlər Proqramı” qəbul edilib. Beləliklə, əvvəllər mütləq ölümlə nəticələnən bu xəstəlikdən əziyyət çəkənlərin həyat keyfiyyəti yaxşılaşıb, bəzi hallarda sağalması mümkün olub.
“Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı” çərçivəsində 800-ə yaxın xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Görülən tədbirlər bu xəstəlikdən əlilliyin və ölüm hallarının azalmasına şərait yaradıb.
“Narkomanlığa düçar olmuş şəxslərin müalicəsi, reabilitasiyası üzrə Proqram”ın icrasına dair Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilmiş tədbirlər planı da uğurla həyata keçirilir.
“2016-2020-ci illər üçün İnsan immun çatışmazlığı virusu və Qazanılmış immun çatışmazlığı sindromu ilə mübarizə üzrə Tədbirlər Proqramı”nın yerinə yetirilməsi nəticəsində Azərbaycan hazırda immun çatışmazlığı virusuna yoluxma səviyyəsi aşağı olan ölkələr sırasındadır.
Hazırda səhiyyənin digər sahələri kimi, beynəlxalq əlaqələr sahəsində də görülən işlər davam etdirilir. Qeyd edək ki, ÜST-ün reallaşdırmağa başladığı “Sağlamlıq-2020” Fəaliyyət Proqramının əsas məqsədi hər kəsin sağlamlığının təminolunma imkanının yaradılmasıdır.

Zöhrə FƏRƏCOVA,
“Azərbaycan”